QMİ-yə 3 milyon manat ayrıldı
Prezident İlham Əliyev 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçiriləcək bir sıra tədbirlərin maddi təminatı haqqında sərəncam imzalayıb.
1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, “İslam Həmrəyliyi İli” çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Azərbaycanın müxtəlif bölgələrində məscid və ziyarətgahlarda, ictimai yerlərdə tanınmış dövlət və din xadimlərinin, müxtəlif dini konfessiya üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər, habelə bir sıra xarici ölkələrdə konfranslar keçirilməsi nəzərdə tutulur.
QMİ tərəfindən keçiriləcək tədbirlərin maddi təminatı üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,0 (üç) milyon manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
1news.az