Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına 14 milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Əhalisinin sayı 579 min nəfərdən çox olan 28 şəhər və rayon mərkəzində içməli su təchizatı sistemi yenidən qurulub, 24 rayonun 620 min nəfərdən çox əhalisi olan 384 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb, 49 rayonun 360 min nəfərdən çox əhalisi olan 343 yaşayış məntəqəsində içməli su təchizatı sistemi qurulub.
Hazırda 790 min nəfər əhalisi olan 16 şəhər və rayon mərkəzində içməli su təchizatı sisteminin yenidən qurulması, 15 rayonun 77 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işləri aparılır.
Əhalinin içməli su ilə təmin edilməsi məqsədi ilə 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində (siyahı əlavə olunur) içməli su təchizatı sisteminin qurulması üçün “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53-cü bəndində nəzərdə tutulmuş 14,0 (on dörd) milyon manat “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb.
İçməli su ilə təminatın yaxşılaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısı bu linkdədir - http://azertag.az/store/files/news/Siyah%C4%B1%20-%20Az%C9%99rsu%20170%20k%C9%99nd.pdf
1news.az