AFFA-dan 1 milyon dollar açıqlaması
AFFA “Ayntraxt”ın futbolçusu Renat Dadoşovun millimizə cəlb edilməsi üçün ona 1 milyon dollar və ev verilməsi haqda yayılan xəbərə münasibət bildirib.
1news.az xəbər verir ki, məsələ ilə bağlı Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu qol.az saytına açıqlama verib.
Onun sözlərinə görə, futbolçuya heç bir məbləğ ödənilməyib:
“Renatın Azərbaycanla bağlılığı var. Buna görə də razılaşıb, gəlib oynayır. Ona heç bir məbləğ təklif olunmayıb.
Onun Azərbaycan millisində oynaması FİFA bir neçə ay bundan əvvəl razılıq verib. Almaniya ilə oyuna bir gün qalmış belə bir məsələnin qaldırılması düzgün deyil. AFFA-nın sonuncu konfransında maliyyə hesabatı açıqlandı. Hansısa futbolçunun milliləşdirilməsi ilə bağlı heç bir vəsaitin xərclənmədiyi məlum oldu”.
Qeyd edək ki, Almaniyanın “Bild” qəzeti AFFA-nın 17 yaşlı futbolçuya 930 min avro və ev təklif etdiyi və bundan sonra onun millimizdə oynamağa razılıq verdiyini yazıb.
1news.az