Azərbaycan və Özbəkistan dəmir yolları arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub – FOTO
Martın 27-də “Azərbaycan Dəmir Yolları” QSC-də Özbəkistan Respublikası Ali Məclis Senatı sədrinin birinci müavini Sodik Safoyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
1news.az-a “Azərbaycan Dəmir Yolları”-dan verilən məlumata əsasən, görüş zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.
Ölkəmizin beynəlxalq və regional layihələrin reallaşması prosesində iştirakından danışan C. Qurbanov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edirlər. Bu il bağlantının istismara verilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, artiq Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.
Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası da daxildir.
Sonra “Azərbaycan Dəmir Yolları” QSC ilə “Özbəkistan Dəmir Yolları” SC arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Özbəkistan Respublikası Ali Məclisin Senatı sədrinin birinci müavini Sodik Safoyev çıxış edərək ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşün sonunda qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı protokol imzalanıb.
1news.az