Azərbaycan və Özbəkistan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO
Azərbaycan və Özbəkistan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, müzakirələr martın 27-də “Azərbaycan Dəmir Yolları” QSC-də Özbəkistan Respublikası Ali Məclis Senatı sədrinin birinci müavini Sodik Safoyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı aparılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Ölkəmizin beynəlxalq və regional layihələrdə fəal iştirakından danışan C.Qurbanov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. Yolun Gürcüstan hissəsindən Türkiyə sərhədinədək dizel ilə işləyən lokomotivlərin bir neçə sınağı keçirilib. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edirlər. Bu il yolun istismara verilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli Sərəncamına uyğun olaraq, artıq Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometr dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Hazırda Astarada (İran) geniş işlər aparılır. Buraya 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası da daxildir.
Sonra “Azərbaycan Dəmir Yolları” QSC ilə “Özbəkistan Dəmir Yolları” SC arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Özbəkistan Respublikası Ali Məclis Senatı sədrinin birinci müavini Sodik Safoyev ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşün sonunda qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı protokol imzalanıb.
1news.az