ABŞ-ın Nebraska ştatında 28 may “Azərbaycan Milli” Günü elan edilib - FOTO
ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets Azərbaycanın milli bayramı - Respublika Günü ilə bağlı bəyannamə imzalayaraq 2017-ci ilin 28 may tarixini rəsmi olaraq “Azərbaycan Milli Günü” elan edib və ştat sakinlərini bu əlamətdar günü qeyd etməyə çağırıb.
1news.az-a Səfirlikdən verilən xəbərə görə, sənəddə 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşdüyü və bütün vətəndaşlarına bərabər hüquqlar vermiş ilk dövlətlərdən biri olduğu diqqətə çatdırılır.
Eləcə də bu respublikanın həmin dövrdə dünyanın bir çox demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı vurğulanır. Bəyannamədə, həmçinin ölkəmiz ilə ABŞ arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilir.
Bəyannamə, eyni zamanda, Nebraska ştatının dövlət katibi Con Qeyl tərəfindən də imzalanıb.
1news.az