Azərbaycanla Portuqaliya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub
Martın 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paula Leal da Silvanı qəbul edib.
1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Portuqaliya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazir Ə.Qarayev Portuqaliyanın mədəniyyət nazirindən ünvanlanmış dəvətə görə təşəkkür edib və cari ilin may ayının ortalarında Portuqaliyaya səfərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Görüş zamanı sözügedən səfər çərçivəsində ölkəmizin zəngin mədəni irsinin təbliğatı ilə yanaşı Azərbaycanın turizm şirkətlərinin iştirakı ilə ölkəmizin turizm potensialının təqdimatının təşkilinin zəruriliyi qeyd olunub.
Həmçinin iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair müvafiq hüquqi bazanın yaradılması istiqamətində görülən işlər müzakirə edilib.
Nazir tərəfindən Portuqaliyanın rəsmilərinə ünvanlanmış cari ilin 4-6 may tarixində Bakı şəhərində 4-cü dəfə təşkil olunacaq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dair dəvət məktubları səfirə təqdim olunub.
1news.az