Bakıda “31 mart azərbaycanlıların soyqırımı günüdür” mövzusunda dəyirmi masa keçirilib – FOTO
Bakıda “31 mart azərbaycanlıların soyqırımı günüdür” mövzusunda dəyirmi masa keçirilib.
1news.az-ın məlumatına görə, tədbirdə Səbail rayonunun idarə, təşkilat və müəssisələrində çalışan, rayondakı ali məktəblərdə təhsil alan, ictimai-siyasi həyatda fəal gənclər, ictimaiyyət təmsilçiləri və tarixçi alimlər iştirak ediblər.
Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov qeyd edib ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımlara məruz qalıb. Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada “Böyük Ermənistan” yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv edib, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar.
Qeyd olunub ki, ötən əsrin 80-ci illərində isə SSRİ-nin süqutunun sürətlənməsindən istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Azərbaycana qarşı birbaşa hərbi təcavüzə başladılar. 1992-ci ilin fevralında isə Xocalıda azərbaycanlılara qarşı növbəti soyqırımı törədildi, torpaqlarımızin 20 faizi işğal ollundu.
Bu gün bu mövzunun gəncləri tərəfindən müzakirəsi, onun dərindən öyrənilməsi hər birimiz üçün mühüm əhəmiyyət kəsb edir.
ADPU-nin professoru Mais Əmrahov mövzu ilə bağlı çıxış edərək illlər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərdən danışaraq bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər gizli saxlanılan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl qiymətini aldı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edildi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsl tarixi qiymət idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətçilik maraqlarımızın qorunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəti və prinsipial mövqe nümayiş etdirir. Dövlət başçımızın yorulmaz fəaliyyəti sayəsində Azərbaycan inkişaf edib möhkəmlənərək dünyanın aparıcı ölkələri sırasında öz layiqli yerini tutub.
Dəyirmi masanın işində çıxış edən Dövlət İdarəçilik Akademiyasının professoru Musa Quluzadə, Səbail RİHBA-nın əməkdaşı Ziyad Əzizov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Tale Cəfərov, “Qərb” Universitetinin tələbəsi Turan Rzayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Aişən Vəliyeva və başqaları XX əsrin müxtəlif dövrlərində Azərbaycanlıların məruz qaldıqları soyqrım faktları, ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğalı ilə bağlı uzun illər həyata keçirdikləri planları, Xocalı faciəsi və mövcüd Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nəticələri ilə bağlı məruzələrlə çıxış ediblər.
Sonda dəyirmi masa iştirakçıları adından yekdilliklə bəyanat qəbul olunub.
1news.az