Cenevrədə rezidentura keçən gənc həkim: “Azərbaycana qayıdıb, Avropada öyrəndiklərimi tətbiq etmək istəyirəm” - Uğur formulu
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı İsveçrənin Cenevrə Universitetində rezidentura keçən gənc həkim Kamran Əhmədovdur.
Layihə Təhsil Nazirliyi və 1news.az informasiya agentliyi ilə birgə həyata keçirilir.
Kamran Əhmədov 1988-ci il də Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. İlk təhsilini Tovuz şəhər N.Tusi adına tam orta məktəbdə alan Kamran 2005-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsinə daxil olub. 2012-ci ildə İsveçrənin Cenevrə Universiteti Xəstəxanasında (Geneva University Hospital) ürək-damar cərrahı ixtisası üzrə rezidenturaya qəbul olub və hazırda sonuncu kursda təhsil alır.
- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?
- Azərbaycan Tibb Universitetində təhsil alarkən artıq qərar vermişdim ki, təhsilimi xaricdə davam etdirim. Öz ixtisasım üzrə yenilikləri öyrənmək, təhsilimi daha da təkmilləşdirmək istəyirdim. Bunun üçün İsveçrəni - Cenevrə Universiteti Xəstəxanasını seçdim. İstəyimə nail oldum və hazırda burada ürək cərrahiyyəsini öyrənirəm. Dövlət Proqramı mənim İsveçrəyə gəlməyimdə mühüm rol oynadı. Qeyd edim ki, İsveçrənin ən böyük uşaq cərrahiyyəsi xəstəxanası buradır. Mürəkkəb əməliyyatların icrasına görə, xüsusi ilə mənim də daha çox maraqlandığım uşaq ürək cərrahiyyəsi sahəsində Avropada və demək olar ki, dünyada ən irəli gedən müəssisələrdəndir. Dünyanın bir çox ölkələrindən bura gələn xəstələrimiz olur.
- Niyə məhz bu ixtisası seçdiniz?
- Həkim olmaq mənim uşaqlıq arzum olub. Xəstə insanlara kömək etmək, onları sağaltmaq istəyirdim. Məktəb illərindən bu peşəyə yiyələnməyi qarşıma məqsəd qoymuşdum. Bu sahədə məni daha çox ürək cərrahiyyəsi maraqlandırırdı. Bilirsiniz ki, bu gün dünyada ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların sayı çoxdur. Hər il yüz minlərlə insan bu xəstəlikdən xüsusilə, konjenital (anadangəlmə) ürək xəstəliklərindən çox gənc yaşlarında dünyasını dəyişirlər. Xəstələrə yardım etmək, bu sahənin inkişafına öz töhfəmi vermək həvəsi ilə ürək cərrahiyyəsi ixtisasını seçdim.
- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?
- Avropada, o cümlədən mənim təhsil aldığım İsveçrədə tibb təhsili alan tələbələr xəstələrlə daha yaxından təmasda olur. Bunun isə onların gələcəkdə öz işlərində daha da sərbəst və məsuliyyətli olmalarına kömək etdiyini düşünürəm. Bizim peşəmizdə təkcə biliklər kifayət etmir. Bu baxımdan da hesab edirəm ki, təcrübi dərslərin tələbənin mütəxəssis kimi yetişməsində mühüm rolu danılmazdır.
- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız?
- Azərbaycanın İsveçrədəki səfirliyi ilə əlaqələrimiz var. Onlarla birlikdə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı tədbirlərə qatılır, eləcə də ölkəmizin əlamətdar günlərinə həsr olunan tədbirlərdə iştirak edirik. Həmçinin buradakı həmkarlarıma Azərbaycanın tarixi, coğrafiyası, təbiəti, incəsənəti və mədəniyyəti haqqında məlumatlar verirəm.
- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?
- Mən rezidentura təhsili aldığım üçün burada standart müəllim-tələbə anlayışı yoxdur, hamımız həkimik. Daha çox professor-həkim əlaqəsi və ya həkimlər arasında kollegial əlaqədən söhbət gedir. Professorlarla və digər həkim kolleqalarımla çox gözəl münasibətimiz var.
- Daha çox hansı çətinlikləriniz olub?
- Düşünürəm ki, hər bir insan xarici ölkəyə gəldikdə bir sıra çətinliklərə üzləşir: Yeni mühit, fərqli ölkə, fərqli insanlar. Ancaq bunların hamısı keçici olur. Zamanla hamısı düzəlir. Bütün uğurların əvvəlində çətinliklər olur, ancaq qazandığın nailiyyətlər bu çətinlikləri unutdurur.
- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?
- Cenevrədə əcnəbilərin sayı çox olduğu üçün burada müxtəlif ölkələrdən olan insanlarla birlikdə işləyib təhsil alırıq. Onlarla yaxşı münasibətdəyik.
- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?
- Azərbaycanda son illər elm və təhsilin inkişafında böyük addımlar atılıb. Xüsusilə, tibb sahəsi üzrə xarici ölkələrə gedərək təhsilini davam etdirən gənc həkimlərin sayı artmaqdadır. Bununla bərabər, xaricdə təhsil alan tələbələr, orada işləmiş, təcrübə qazanmış gənclər sonradan ölkəmizə qayıdıb bilik və bacarıqlarını digər tələbələrə çatdırsa, təhsil və elmimizin daha da güclənəcəyinə inanıram.
- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?
- Asudə vaxtım çox olmur. Ancaq vaxt tapdıqca bədii kitablar oxuyuram. Hərdən dostlarla futbol və tennis oynayıram.
- Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir?
- Təhsilimi bitirdikdən sonra Azərbaycana qayıdıb, Avropada öyrəndiklərimi tətbiq etmək istəyirəm. Xalqıma xidmət etmək, onların sağlamlığının qayğısına qalmaq məqsədimdir. Biliklərimi tələbələrlə paylaşmaqla onların inkişafına dəstək vermək niyyətindəyəm.
- Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?
- Öz arzuları və məqsədləri uğrunda dayanmadan çalışsınlar. Bəzən insanın qarşısına xırda çətinliklər çıxır, bu çətinliklər onları qorxutmasın. Öz yollarından dönməsinlər. Karyerada uğur qazanmaq üçün çoxlu çalışmaq, arzularının arxasında dayanmadan getmək lazımdır. Yalnız iradəli, məqsədli, məsuliyyətli olanlar öz arzularını həyata keçirə bilərlər. Qarşıya çıxan çətinliklərə baxmadan irəliləmək, vaxtı düzgün bölüşdürmək vacibdir. Yəni işi sonraya saxlamamaq və yaxud əksinə hər şeyi vaxtında etmək...
1news.az