Dünyada saxta kommunikasiya texnikalarının dəyəri 143 milyard dollardır
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən kommunikasiya bazarında araşdırma aparılıb.
1news.az ICTnews-a istinadən xəbər verir ki, oyun konsolları bazarında saxta məhsulların payı təxminən 24% təşkil edir.
Kompüter və elektronika bazarında bu göstərici təxminən 6,5%-ə bərabərdir. Yaddaş kartları, fləş kartlar, həmçinin kart oxuducular üzrə saxta məhsulların payı 15%, video və musiqi qurğuları üzrə 8%, idarəetmə pultları, planşet və noutbuklar üzrə 6% təşkil edir. Saxta batareyaların payı isə 5%-dən azdır.
Bundan başqa, bazarda 4% saxta çap qurğusu, kabel, enerjidoldurma qurğuları və fotokamera mövcuddur. Sərt disklər üzrə saxta məhsulların payı 2%-dir. Mağazalarda satılan səsli aparaturanın təxminən 19%-i saxtadır.
Çin kompüter və istehlak elektronikası bazarında saxta məhsulların əsas mənbəyi hesab edilir. İƏİT-in məlumatına görə, saxta məhsullar ən çox amerikalı istehsalçılara zərər vurub. Sənədə əsasən, saxta məhsullar ABŞ şirkətlərinin gəlir həcminin azalmasına səbəb olub, həmçinin brendin dəyərini aşağı salıb.
İƏİT-in hesabatında bazarın saxta məhsullarla doldurulmasının mümkün riskləri öz əksini tapıb.
Saxta texnikada qurğuşun və kadmium kimi zərərli maddələr aşkar edilə bilər. Araşdırmaya əsasən, enerjidoldurma qurğusu və akkumulyatorlarda problem yarana bilər (məsələn, alışıb yana və ya sahibini cərəyanla vura bilər).
İƏİT saxta kommunikasiya texnikasının ticarət həcmini 143 milyard dollar məbləğində qiymətləndirib.
1news.az