“Neft Daşları” yatağı üçün yeni platforma istismara verilib
“Neft Daşları” yatağında 8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan yeni 620A saylı stasionar dəniz platforması istismara verilib.
1news.az-ın məlumatına görə, SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “'Neftqazelmitədqiqatlayihə”' İnstitutunun layihəsi əsasında tikilmiş platformanın ümumi sahəsi 2520 kvadrat metrdir.
Dənizin 27 metr dərinliyində yerləşən, istehsalat və yaşayış sahələrindən ibarət platformada tikinti-quraşdırma işləri beynəlxalq standartlar səviyyəsində həyata keçirilib. 6 aralıq seksiyası, 1 vertolyot, eləcə də 10 minik və yanalma meydançası tikilib, svay və quyu şaxtaları vurulub, müvafiq boru xətləri çəkilib, obyektdə qülləaltı postament və digər bütün zəruri avadanlıqlar quraşdırılıb.
SOCAR-dan bildiriblər ki, platforma 7 dayaq bloku üzərində yığılıb, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilib.
Platformada qazılacaq quyuların hər birindən sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.
1news.az