BMT-Azərbaycan: 25 illik əməkdaşlığın əsas məqamları – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

BMT-Azərbaycan: 25 illik əməkdaşlığın əsas məqamları – Newtimes.az

16:25 - 30 / 03 / 2017
BMT-Azərbaycan: 25 illik əməkdaşlığın əsas məqamları – Newtimes.az

Xülasə: Məqalədə Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan münasibətlərinin həm xronoloji aspekti, həm də konkret nəzəri tərəfləri təhlil edilib. Müəllif Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə hazırladığı siyasi kursun ümumi cəhətlərinin analizini aparıb. Azərbaycanın müstəqilliyi mərhələsində mötəbər beynəlxalq təşkilatla müasir tələblərə cavab verən münasibətlər sisteminin qurulması üçün Heydər Əliyevin qlobal geosiyasətin reallıqları ilə regional gerçəkliyi Azərbaycanın milli maraqları ilə uyğunlaşdırmaq üçün üç ümumi prinsip müəyyənləşdirdiyi xüsusi vurğulanıb.

Məqalədə onlar "yeni dünya qaydasının fundamental prinsiplərinin tərəfdaşlıq, möhkəm sülh və hamı üçün təhlükəsizlikdən ibarət olması", "Azərbaycanın hüquqi, demokratik və sülhpərvər dövlət quruculuğu kursundan qətiyyən dönməyəcəyi", "birinci və ikinci prinsiplərin uyğunlaşması Azərbaycanın dünya birliyi ilə BMT Nizamnaməsinin və beynəlxalq hüququn normaları çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı yolu ilə reallaşa bilər" kimi təqdim edilib. Bunlardan başqa, müəllif BMT-Azərbaycan münasibətlərini üç mərhələyə bölür və hər birinin analizini verir.

Müasir tarixi mərhələdə müstəqilliyini əldə etmiş ölkələrin beynəlxalq təşkilatlarla münasibətləri ciddi əhəmiyyət kəsb edir. Dünya siyasətində müşahidə edilən mürəkkəb proseslər, ziddiyyətli hadisələr və bir sıra regionlarda münaqişələrin baş qaldırması bəşəriyyəti narahat edir. Bunlarla yanaşı, böyük güclər arasında münasibətlər də gərginlik yaradır. Öz maraqları uğrunda apardıqları amansız mübarizə digər dövlətlərin də çətinliklər və risklərlə üzləşməsinə səbəb olur. Bu səbəblərdən BMT kimi nüfuzlu beynəlxalq təşkilatların qlobal geosiyasətdə daha təsirli addımlar atması zərurəti meydana gəlir. Məsələnin digər tərəfi üzv dövlətlərin bu təşkilatla əlaqələrinin ümumi xarakteristikasına bağlıdır. Bu kontekstdə BMT-Azərbaycan münasibətlərinin 25 il ərzində məzmununun araşdırılması maraqlı və aktual görünür.

Yolun başlanğıcı: Ulu Öndərin uğurlu addımları və BMT

25 il əvvəl XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul edilməsini mütəxəssislər tarixi hadisə kimi xarakterizə edirlər. 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycan bu təşkilata üzv seçildi [1]. Azərbaycan təşkilatın 181-ci üzvü oldu. Belə bir beynəlxalq təşkilata daxil olmaq, təbii ki, ciddi hadisədir. Çünki bu, Azərbaycan xalqının müstəqil və suveren dövlətə sahib olmasının dünya tərəfindən hüquqi olaraq tanınması demək idi.

Ulu Öndər Heydər Əliyev BMT-nin 50 illiyinə həsr edilmiş təntənəli tədbirdə bu kontekstdə lakonik olaraq deyib: "Biz tarixdə ilk dəfə müstəqil Azərbaycan Respublikasının dünya birliyində bərabərhüquqlu yer tutduğuna görə... fəxr edirik" [2].

Burada Heydər Əliyev Azərbaycan dövlətçiliyi üçün əhəmiyyəti olan iki faktoru vurğulayıb. Onlardan birincisi ölkə üçün müstəqilliyin dəyərinin vurğulanması, ikincisi isə Azərbaycanın müstəqil dövlət kimi dünya birliyində layiqli yer tutmasına nail olmaqdan ibarətdir. Hər iki məqam birbaşa BMT ilə münasibətlər işığında əhəmiyyətlidir. Çünki onların hüquqi təsbiti məhz BMT-də reallaşa bilir. Bununla yanaşı, Azərbaycanın dünya birliyində müstəqil dövlət kimi yer tutmasının xarici siyasətin mərkəzi müddəalarından biri kimi vurğulanması strateji hədəfi olan niyyətdir.

Bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycan həmin məqsədə çatmanın başlıca üsulu kimi BMT ilə əməkdaşlığı daim inkişaf etdirməkdə görür. Yəni ikitərəfli əlaqələri saxlamaqla yanaşı, bütün dövlətlərlə münasibətləri BMT Nizamnaməsinə uyğun qurmaq əhəmiyyətli məsələdir. Müasir dünyada bu şərtə əməl etməyən dövlətlər az deyil. Əslində, təcavüzkarlıq məhz bu faktoru lazımi səviyyədə nəzərə almamaqdan qaynaqlanır. Ermənistanın davranışları buna əyani misaldır.

Rəsmi İrəvan BMT Nizamnaməsini kobud surətdə pozmaqla məşğuldur. Onun qonşu ölkələrlə münasibətlərindən bunu aydın görmək mümkündür. Belə ki, o, Rusiyadan tam asılıdır, Türkiyə ilə düşmənçilik edir, Azərbaycanın ərazilərini himayədarları ilə birlikdə işğal edib, İranla əlaqələri qeyri-müəyyən prinsiplərə əsaslanır, Gürcüstana qarşı ərazi iddialarından dəm vurur. Sözdə Ermənistan rəhbərliyinin BMT-yə, onun dəyərlərinə yüksək qiymət verdiklərindən danışmalarına baxmayaraq, gerçəklikdə bu təşkilatla əməkdaşlıqda heç bir əsaslı addım atılmayıb. Ermənistanın, ümumiyyətlə, BMT-nin üzvü olub-olmaması hiss edilmir.

Bunlar Ulu Öndərin Azərbaycan-BMT münasibətlərinə xüsusi məzmun verməsinin və rəsmi Bakının aktiv surətdə həmin prinsiplərə əməl etməsinin nə dərəcədə vacib olduğunu göstərir. 25 illik təcrübə bu tezisin doğruluğunu tam sübut edir. Onun konkret detalları üzərində dayanmaqla da buna əmin olmaq mümkündür. Prosesi Heydər Əliyev 1994-cü il sentyabrın 29-da BMT Baş Məclisinin iclasında söylədiyi nitqində irəli sürdüyü müddəalarla başlayıb. Onlarda Azərbaycanın dünya birliyinə münasibətdə yeridəcəyi siyasətin başlıca prinsipləri ifadə olunub [3, s. 193-197].

Azərbaycan-BMT münasibətlərinin üç prinsipi: Heydər Əliyev modeli

Hər şeydən əvvəl, Heydər Əliyev BMT tribunasından bəyan edib ki, Azərbaycan " ... qətiyyətlə hüquqi, demokratik, sivilizasiyalı dövlət quruculuğu yolunu tutub" [3, s. 193]. Bu ümumi məqsədə çatmağın çoxlu faktorlardan asılı olduğunu rəsmi Bakı tam anlayır. Bunun üçün bütün istiqamətlərdə, o cümlədən BMT ilə münasibətlərdə kompleks xarakterli və sistemli fəaliyyətə ehtiyac olduğu nəzərə alınıb. Məhz həmin kontekstdə Azərbaycan daim BMT ilə münasibətləri özünün xarici siyasətinin prioritetlərindən biri hesab edib. Burada başlıca yeri sülhə, barışa, qarşılıqlı faydalı əməkdaşlığa nail olmaq prinsipi tutub. Bunun üçün Bakı bütün istiqamətlərdə balanslaşmış siyasət yeridib.

Burada mütləq bir incə məqam vurğulanmalıdır. Heydər Əliyev BMT-nin yüksək tribunasından demişdi: "Birləşmiş Millətlər Təşkilatının, bir sıra münaqişələrin və böhran vəziyyətlərinin aradan qaldırılmasında təcrübəyə malik olan Təhlükəsizlik Şurası yeni dünya qaydasının qurulmasında aparıcı rol oynamalıdır" [3, s. 194]. Bu o deməkdir ki, Ulu Öndər Azərbaycan-BMT əməkdaşlığına geniş aspektdə, yeni dünya nizamının formalaşması prizmasından yanaşaraq, bu prosesdə BMT-nin rolunun yüksək olduğunu xüsusi qeyd edib. Konkret ifadə etsək, Heydər Əliyev dünya birliyinin maraqlarına Azərbaycanın çox böyük önəm verdiyini diqqətə çatdırıb.

Bəs BMT-Azərbaycan əlaqələrinin 25 illik tarixi həmin aspektdə nələri ortaya qoyub? Təcrübə göstərir ki, belə yanaşma son dərəcə səmərəlidir və XXI əsrin geosiyasi tələblərinə tam uyğundur. Çünki hazırda qlobal və regional miqyasda baş verən geosiyasi proseslər göstərir ki, tərəfdaşlıq beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə uyğun olmadıqda, möhkəm sülhün və hamı üçün təhlükəsizliyin təmin edilməsi məsələsi mürəkkəbləşir. Bunlar olmadıqda isə yeni dünya nizamının təsirli və işlək fundamental prinsiplərini işləyib hazırlamaq imkansızdır. Yaxın Şərqdə baş verənlər bunu sübut edir.

Heydər Əliyev isə yuxarıda ifadə edilən fikirlərini 1995-ci ildə – BMT-nin 50 illiyi münasibətilə Baş Məclisdə təşkil edilmiş tədbirdə çıxışı zamanı daha da inkişaf etdirərək, vurğulamışdı ki, dünyada geosiyasi qaydanın yeni əsaslara keçməsində " ... xüsusi rol Birləşmiş Millətlər Təşkilatına məxsusdur. O, 50 il ərzində bəşəriyyətin tarixində ən nüfuzlu və ən səlahiyyətli beynəlxalq təşkilata çevrilmişdir" [4, s. 194].

Bütün bunları nəzərə alaraq, Ulu Öndər həmin tədbirdəki çıxışında Azərbaycanın xarici siyasətinin, o cümlədən BMT ilə əlaqələrinin əsas məqsədini ifadə edib. Heydər Əliyev bəyan edib: "Azərbaycan xalqının iradəsini ifadə edərək bəyan edirəm ki, biz Yer kürəsinin hər hansı bir nöqtəsində və hər hansı bir formada təcavüzkarlığı pisləyirik. Biz sülh istəyirik. Biz bütün dünyada sülh istəyirik, bizim regionda sülh istəyirik, bütün qonşu dövlətlərlə sülh və mehriban münasibətlər istəyirik" [4, s. 194].

Yuxarıdakı təhlil əsasında belə qənaətə gəlmək olar ki, Azərbaycan-BMT münasibətlərinin təməlində Heydər Əliyevin müəyyənləşdirdiyi üç mühüm ümumi prinsip dayanır. Birincisi, yeni dünya qaydasının fundamental prinsipləri tərəfdaşlıq, davamlı sülh və hamı üçün təhlükəsizlikdir. İkincisi, Azərbaycan hüquqi, demokratik və sülhpərvər dövlət quruculuğu kursundan qətiyyən dönməyəcək. Üçüncüsü, birinci və ikinci prinsiplərin uyğunlaşması Azərbaycanın dünya birliyi ilə BMT Nizamnaməsinin və beynəlxalq hüququn normaları çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı vasitəsilə reallaşır.

Vurğulanan prinsiplərə hazırkı mərhələdə geosiyasi mənzərənin ziddiyyətləri və mürəkkəbliyi prizmasından yanaşsaq, onların nə dərəcədə aktual olduğuna bir daha əmin olarıq. O cümlədən onlar BMT-Azərbaycan münasibətləri kontekstində fundamental rol oynayıblar. İndi ekspertlər daha çox münaqişələrdən, böyük dövlətlərin öz maraqları naminə atdıqları addımlardan, rəqibinə güzəşt etmək fikrində olmadıqlarından bəhs edirlər. Belə bir risklərlə zəngin mərhələdə beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq modeli tapmaq dövlətçilik aspektində prinsipial əhəmiyyət kəsb edir.

Digər tərəfdən, yuxarıda göstərilən prinsiplərin əhəmiyyəti, Azərbaycanın BMT-yə üzvlüyə ərazilərinin 20 faizinin Ermənistan və havadarları tərəfindən işğal edilmiş halda qəbul olunması aspektində daha aydın görünür. Bu, əzəldən münasibətlərə xüsusi məzmun çaları verməli idi. Çünki BMT-nin Nizamnaməsində təcavüzə məruz qalmış müstəqil dövlətlərin özünü müdafiə etmək haqqı konkret müddəalarla tanınır. Əlavə olaraq, BMT üzvləri təcavüzün aradan qaldırılması üçün işğala məruz qalmış üzv dövlətə yardım edə bilərlər. Lakin reallıq ondan ibarətdir ki, BMT üzvləri bu addımı atmırlar. Böyük dövlətlər buna imkan vermirlər.

Nəhayət, BMT-Azərbaycan münasibətlərində prinsipial əhəmiyyəti olan Təhlükəsizlik Şurasının daimi üzvlərindən üçü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun üzvləridirlər. Bu məqam Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyətində öz təsirini göstərməli idi. Çünki ABŞ, Rusiya və Fransa həm BMT-nin nüfuzlu daimi üzvləridirlər, həm də münaqişənin həllinə çox ciddi təsir göstərmək gücündədirlər. Rəsmi Bakı daim bu imkandan ədalətli olaraq yararlanmaq istiqamətində addımlarını atıb və atmaqdadır. Xüsusilə BMT-də Azərbaycanın gördüyü işlərdə Ermənistanın təcavüzünün dayandırılması və işğalçı silahlı qüvvələrin ərazilərdən çıxarılması ayrıca yer tutub.

Beləliklə, Azərbaycan-BMT münasibətlərində öncədən iki özəllik xüsusi yer tutub. Birincisi, Ulu Öndər müasir dövrün qlobal geosiyasi dinamikasının təsirini ciddi surətdə nəzərə alan prinsiplər irəli sürüb. Bununla bağlı Heydər Əliyev BMT-nin yüksək tribunasından etdiyi dərin məzmunlu və strateji əhəmiyyətli nitqlərində olduqca aktual fikirlər ifadə edib ki, onların da bir qismini yuxarıda gətirdik.

İkincisi, Azərbaycan müstəqilliyinə Ermənistanın təcavüzü şəraitində qovuşub. Lap əvvəlcədən bir sıra dairələr ölkənin müstəqil olmasının qarşısını almaq, onun real suverenliyə nail olmasını əngəlləmək üçün erməni işğalını maneə kimi ortaya atıblar.

Konkret sferalar üzrə əməkdaşlıq: Bakının fəallığı

Buradan alınan əsas nəticə ondan ibarətdir ki, Azərbaycan belə mürəkkəb və dolaşıq vəziyyətə baxmayaraq, BMT ilə münasibətlərini kifayət qədər konstruktiv məcrada qura bilib. Heydər Əliyevin düşünülmüş siyasi kursu əsasında ölkə rəhbərliyi həmin istiqamətdə səmərəli addımlar atıb və bu, davam etməkdədir. Azərbaycan BMT çərçivəsində kifayət qədər aktiv fəaliyyət göstərib. Həyata keçirilən çoxlu sayda proqramların real nəticələri seçilən yolun tam doğru olduğunu sübut edib. Azərbaycan-BMT münasibətləri üç səviyyənin – qlobal geosiyasət, regional proseslər və ölkədaxili sosial-siyasi vəziyyətin uğurlu surətdə uyğunlaşdırılması kimi təsəvvür edilə bilər. Şübhəsiz ki, bu səviyyələrin hər birinin öz rolu vardır. Lakin bütövlükdə onlar bir-biri ilə sıx əlaqədədir. Müasir mərhələdə həmin səviyyələr faktiki olaraq bir sistemin ayrı-ayrı elementləri kimi mövcuddurlar. Deməli, hələ keçən əsrin 90-cı illərindən Heydər Əliyev dünya siyasətinin bu gününü görə bilib, bunun da əsasında BMT-Azərbaycan münasibətlərinin başlıca prinsiplərini müəyyənləşdirib.

Beləliklə, Azərbaycanın BMT ilə əməkdaşlığı dərindən işlənmiş xüsusi yanaşma əsasında qurulub. O cümlədən bu mötəbər beynəlxalq təşkilatın ixtisaslaşdırılmış qurumları ilə çox müxtəlif sahələrdə (siyasi, iqtisadi, elmi-texniki, mədəni, humanitar, ekoloji, təhlükəsizlik və s.) əlaqələri düşünülmüş strateji əməkdaşlıq konsepsiyası çərçivəsində aparılıb. Tam əminliklə vurğulaya bilərik ki, 1993-cü ildən başlayaraq, bu proses bütün istiqamətlər üzrə yalnız yüksələn xətlə inkişaf edib. Burada ayrıca onu qeyd etmək gərəkdir ki, Azərbaycan rəhbərliyi ölkə üçün aktual və strateji əhəmiyyətli problemləri çox fəal surətdə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məsələsinə xüsusi diqqət yetirib, bununla əlaqədar olduqca konstruktiv proqramlar həyata keçirib.

Mütəxəssislər Azərbaycanın BMT-nin ixtisaslaşmış qurumları, o cümlədən İqtisadi və Sosial Şuraya (ECOSOC) daxil olan strukturlarla əməkdaşlığını çox yüksək qiymətləndirirlər. Əgər hər hansı BMT üzvü sözün həqiqi mənasında müstəqildirsə, xarici siyasəti hərtərəfli və real faktorlara əsaslanırsa, o, beynəlxalq arenada özünü təsdiq edə bilməlidir. Bu isə bütün sahələrdə – təhlükəsizlik, sosial, iqtisadi, mədəni, ekoloji, hüquqi sferalarda aktiv əməkdaşlığın iştirakçısı olmaqla real məzmun kəsb edə bilər.

Burada Azərbaycan rəhbərliyinin dövlətçilik və strateji əhəmiyyətli fəaliyyət xəttini vurğulamaq gərəkdir. Biz rəsmi Bakının 1993-cü ildən başlayaraq, BMT ilə əlaqələr çərçivəsində milli mədəniyyətin, dövlətçilik ənənəsinin, cəmiyyətin sosial-iqtisadi xüsusiyyətlərinin, ekoloji mədəniyyətin, adət-ənənələrin dünyaya tanıdılması istiqamətində planlı və sistemli fəaliyyət göstərməsini nəzərdə tuturuq. Bu, ölkə haqqında dünya ictimaiyyətində, mötəbər beynəlxalq təşkilatlarda obyektiv təsəvvürlər formalaşdırmağa böyük töhfə olub. Onu da anlamaq gərəkdir ki, bu cür fəaliyyət digər məqsədlərlə yanaşı, dövlətin təhlükəsizliyini təmin etmək üçün də ciddi əsaslar yaratmağa xidmət edib və indi də bu proses davam edir. Həmin kontekstdə Heydər Əliyev Fondunun fəaliyyətini ayrıca vurğulamaq lazımdır.

Bu təşkilat Azərbaycan mədəniyyətini, folklorunu, xalqın psixologiyasında tolerantlığı, adət-ənənəmizin obyektiv məzmununu dünyada təbliğ etməkdə, onları tanıtmaqda əvəzsiz rol oynayır. Fondun Prezidenti, hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi tarixi əhəmiyyətli proqramlar reallaşdırır. Bu kimi fəaliyyətin əsasında isə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi BMT ilə əməkdaşlıq siyasətinin başlıca faktorları dayanır.

Məhz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Azərbaycan BMT-nin elm, təhsil və mədəniyyətlə bağlı olan qurumları ilə geniş əməkdaşlıq layihələri həyata keçirir. Bu, UNESCO çərçivəsində daha çox nəzərə çarpır. Keçən müddət ərzində Azərbaycanın UNESCO nəzdində Milli Komissiyası təsis edilib.

Bundan başqa, Azərbaycanın BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməsini xüsusi vurğulamaq gərəkdir. Təsadüfi deyil ki, "Azərbaycan Respublikası 1995-1997, 1998-2000-ci illər ərzində UNİCEF-in İcra Heyətinin, 2000-2002-ci illər ərzində Qadınların vəziyyəti haqqında Komissiyanın və 2002-2004-cü illər ərzində BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının üzvü olub. Azərbaycan 2003-2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilib" [5].

Münaqişə və təhlükəsizlik: reallaşmayan qətnamələr

Yuxarıda vurğulanan məqamlar kontekstində BMT-Azərbaycan münasibətləri üçün səciyyəvi olan bir özəlliyi ayrıca qeyd etmək istərdik. Belə ki, Azərbaycan rəhbərliyi BMT-də yalnız ölkəyə aidiyyəti olan və regional xarakterli problemlərin araşdırılması və ədalətli surətdə həll edilməsi ilə bağlı məsələləri gündəmə gətirməyib. Rəsmi Bakı qlobal miqyasda mövcud olan problemlərə diqqət çəkib, onların aradan qaldırılması üçün konkret təkliflər irəli sürüb. Bu bağlılıqda BMT-də lazımi islahatların aparılmasının vacibliyini xüsusi vurğulayıb.

Həmin aspektdə Prezident İlham Əliyevin qlobal miqyasda təhlükəsizlik və əməkdaşlıqla bağlı olan məsələlərə aktiv münasibət bildirməsi və səmərəli konkret təkliflər irəli sürməsi Azərbaycanın BMT ilə əməkdaşlığa böyük önəm verdiyini göstərir. Misal olaraq 2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında İlham Əliyevin Baş nazir kimi beynəlxalq aləmdə cərəyan edən geosiyasi proseslərin təhlilini verməsini, orada mövcud ziddiyyətlərin artmasını və belə davam edərsə, təşkilata daxil olan üzvlər arasında anlaşılmazlıqların meydana gələ biləcəyini əsaslandırmasını göstərmək olar.

Azərbaycan-BMT əməkdaşlığının 25 ili kontekstində yuxarıda vurğulanan məqamların fonunda ölkəmizin BMT-nin müxtəlif qurum və orqanları ilə aktiv əməkdaşlığını ayrıca qeyd etmək gərəkdir. Bu sırada BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. faktorların xüsusi yeri vardır [5].

Nəhayət, Azərbaycan-BMT əlaqələrinə Təhlükəsizlik Şurası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli aspektlərində nəzər salmaq aktualdır. Çünki əvvəlcədən vurğuladığımız kimi, tale elə gətirib ki, ölkəmizin müstəqilliyi erməni təcavüzünün mövcudluğu ilə başlayıb. Keçən əsrin 90-cı illərindən havadarlarının böyük dəstəyi ilə Azərbaycana hücum edən və 20 faizədək torpaqlarımızı işğal edən Ermənistanın aqressiv siyasətindən imtina etməsi və zəbt etdiyi ərazilərdən çəkilməsi məsələsi Azərbaycanın BMT-dəki fəaliyyətinin mühüm bir aspektini təşkil edib.

1992-ci ildən başlayaraq, BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı addımlar atıb. Həmin ilin martında BMT-nin Baş katibi münaqişə bölgəsində vəziyyəti öyrənmək üçün özünün xüsusi nümayəndəsi, ABŞ-ın keçmiş dövlət katibi Sayrus Vensin başçılıq etdiyi nümayəndə heyətini münaqişə regionuna göndərib. S.Vens səfərin yekunları barədə BMT Təhlükəsizlik Şurasına məlumat verib [6]. 1993-cü ildə BMT 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" qətnamə qəbul edib. Bu sənəd Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi, qaçqın və məcburi köçkünlərin sayının 1 milyonu keçməsi ilə bağlı idi [6]. 1994-cü ildə isə Heydər Əliyevin ciddi təşəbbüsü ilə BMT-nin o dövrdə Baş katibi olan Butros Butros-Qali Bakıya səfər edərək, münaqişənin həll edilməsində səylərini artıracağını vəd edib. Ümumilikdə 1992-1996-cı illərdə BMT rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiqləyən bir neçə bəyanatlarla çıxış edib.

Üç mərhələ: yüksələn xətlə

Bunlarla yanaşı, məlumdur ki, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Həmin sənədlər 822, 853, 874 və 884 saylı qətnamələrdir və 1993-cü il ərzində qəbul edilib. Onları birləşdirən ortaq müddəalarda regionda zor işlədilməsi pislənilib, ölkələrin ərazi bütövlüyü prinsipinə əməl edilməsi tələbi irəli sürülüb, münaqişəni genişləndirməyin yolverilməz olduğu vurğulanıb, problemin yalnız sülh yolu ilə həllinin mümkünlüyü qeyd olunub, nəhayət, təcavüzkar qüvvələrin işğal edilmiş Azərbaycan torpaqlarından dərhal çıxarılması tələbi qoyulub.

Ancaq bu sənədlərin heç biri yerinə yetirilməyib. Buna baxmayaraq, Azərbaycan rəhbərliyi daim Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məsələsini aktiv şəkildə BMT-nin gündəminə gətirib. BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında çıxışı zamanı Prezident İlham Əliyev TŞ-nin qəbul etdiyi dörd qətnamənin yerinə yetirilmədiyi üzərində dayanıb. Bunu qəbuledilməz adlandıran dövlət başçısı Dağlıq Qarabağla bağlı həmin sənədlərin "həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürüb" [6].

2004, 2006, 2008-ci illərdə də Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı BMT Baş Məclisi sənədlər qəbul edib. Həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə olunur, işğalçı qüvvələrin ərazilərdən çıxarılması tələb edilir və öz torpaqlarından qovulmuş insanların evlərinə geri qaytarılmasının vacibliyi vurğulanır.

Nəhayət, BMT-Azərbaycan münasibətlərində 2011-ci ilin yeri ayrıcadır. Həmin ildə Azərbaycan 2012-2013-cü illər üçün BMT TŞ-nin 10 müvəqqəti üzvündən biri olub! Bu, böyük diplomatik qələbə idi. Gərgin keçən mübarizə nəticəsində Azərbaycan 193 səsdən 155-ni toplayaraq, TŞ-nin müvəqqəti üzvü seçilib. Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarından ilk olaraq məhz Azərbaycan bu şərəfə nail ola bilib.

Təbii ki, bir məqalədə BMT-Azərbaycan münasibətlərinin bütün çalarlarını nəzərə almaq imkansızdır. Ancaq mütəxəssislərin bu münasibətləri dövriləşdirmək cəhdi bir çox aspektlərdə maraqlı məqamları ortaya qoyur. Bir sıra tədqiqatçılar üç mərhələdən bəhs edirlər [bax: məs., 7].

Birinci mərhələdə (1992-ci ilin martı – 1993-cü ilin ortaları) Azərbaycan BMT-nin tamhüquqlu üzvü olub. Ölkənin təşkilatda daimi nümayəndəliyi açılıb və eyni zamanda, BMT-nin nümayəndə heyəti Azərbaycanda fəaliyyətə başlayıb. Bu mərhələ Ermənistanın intensiv təcavüzü ilə xarakterizə olunub. Həmin səbəbdən Bakı üçün BMT-nin bu məsələyə münasibəti əhəmiyyətli olub. Lakin yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu istiqamətdə diplomatik fəaliyyət güclənib və BMT ardıcıl olaraq dörd dəfə məsələyə baxaraq qətnamələr qəbul edib.

Belə çıxır ki, Azərbaycan-BMT münasibətlərinin birinci mərhələsi əsasən passiv keçsə də, onun sonunda Bakı fəallaşıb. Bu mənada həmin mərhələ daha çox ikinci dövr üçün hazırlıq müddəti olub.

İkinci mərhələ 1993-cü ilin ortalarından 2003-cü ilə qədər olan dövrü əhatə edir və birbaşa Heydər Əliyevin dövlət başçısı kimi fəaliyyəti ilə bağlıdır. Birinci mərhələdən fərqli olaraq, bu müddətdə Azərbaycan diplomatiyası həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT və başqa beynəlxalq təşkilatların gündəminə çıxarılmasında, həm də digər sahələrdəki əməkdaşlıqda olduqca fəal olub. Məhz həmin dövrdə Ermənistanın siyasi rəhbərliyi bir-birinin ardınca ciddi diplomatik zərbələr alıb. Nəticədə, BMT qətnamələr qəbul edib, dünyanın böyük dövlətləri olan ABŞ, Rusiya və Fransa bilavasitə münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunda həmsədr funksiyasını yerinə yetirib, başqa beynəlxalq təşkilatlar Azərbaycandan erməni işğalçı qoşunlarının çıxarılması ilə bağlı rəsmi sənədlər qəbul ediblər.

İkinci mərhələdə Azərbaycanın BMT-nin ixtisaslaşmış qurumlarında da fəallığı yüksəlib. UNESCO (təhsil, elm və mədəniyyət təşkilatı) çərçivəsində əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət təşkil edir. UNESCO məqsədini proqramının birinci maddəsində belə açıqlayar: "UNESCO, beynəlxalq əməkdaşlığa söykənən, elm, mədəniyyət və təhsil yolu ilə dünyamızın sülh və təhlükəsizliyini qorumaq məqsədilə qurulub" [8]. Azərbaycanın bu quruma üzvlüyə 1992-ci il iyulun 3-dən qəbul olunmasına baxmayaraq, real əməkdaşlıq 1993-cü ilin ikinci yarısından özünü göstərməyə başlayıb. Heydər Əliyevin 1993-cü ilin dekabrında Fransaya səfəri zamanı UNESCO-nun ovaxtkı Baş direktoru Federiko Mayor ilə görüşü bu prosesdə çox ciddi rol oynayıb.

1994-cü ilin noyabrında Azərbaycanla UNESCO arasında əməkdaşlıqla bağlı memorandum imzalanıb. Həmin ilin fevralında isə Ulu Öndər UNESCO ilə əlaqələri qurmaq üçün Milli Komissiyanın yaradılması barədə sərəncam verib. Beləliklə, Heydər Əliyev qısa müddətdə BMT-nin bütün strukturları, o cümlədən UNESCO ilə əməkdaşlığı sistemli aparmaq üçün lazım olan addımları atıb [9, s. 8; 11].

Bununla da Azərbaycan-UNESCO əməkdaşlığı tam sağlam müstəviyə gətirilib, səmərəli əlaqələr üçün geniş imkanlar açılıb. Prezident İlham Əliyevin 2005-ci ilin sentyabrında UNESCO ilə əməkdaşlıqla bağlı imzaladığı sərəncamla, faktiki olaraq, bu sahədə yeni mərhələnin əsası qoyulub. Keçən müddət ərzində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO ilə əməkdaşlıq sahəsində böyük işlər həyata keçirilib [9, s. 11].

Göründüyü kimi, Azərbaycan-BMT münasibətlərinin ikinci mərhələsi çox əlamətdar olub. Bütün istiqamətlər üzrə əməkdaşlıq sistemli, düşünülmüş və hərtərəfli xarakter alıb.

Üçüncü mərhələ (2003-cü ildən bu günə kimi) isə bu prosesin yeni səviyyədə inkişafı ilə seçilir. Prezident İlham Əliyev həmin kontekstdə deyib: "Biz onun – Ulu Öndər Heydər Əliyevin – davamçılarıyıq, bundan sonra da onun siyasətini davam etdirəcəyik və Azərbaycanı onun yolu ilə irəliyə aparacağıq" [10].

Nəticə

Beləliklə, Azərbaycan-BMT münasibətləri ötən 25 ildə maraqlı və zəngin tarixi yol keçib. Həmin münasibətlər Ulu Öndərin müəyyən etdiyi üç ümumi prinsipə əsaslanıb. Onların birincisi qlobal geosiyasətdə müşahidə edilən yeniliklərə uyğun olaraq dünya nizamının fundamental prinsiplərinin tərəfdaşlıq, möhkəm sülh və hamı üçün təhlükəsizlik prinsiplərinə uyğun formalaşmasını əhatə edir. İkincisi, Azərbaycanın müstəqil dövlət quruculuğu konsepsiyasının əsas məqamları hüquqi, demokratik, güclü və sülhpərvər milli dövlət formalaşdırmaqdan ibarətdir. Üçüncüsü isə Azərbaycan dünya birliyi ilə BMT Nizamnaməsinin və beynəlxalq hüququn normaları çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə münasibətlər qurmağı strateji hədəf seçib. Bu üç prinsip birlikdə Azərbaycanın qlobal siyasətdə mövqeyini, müstəqil dövlət quruculuğunun strategiyası və ona nail olmanın konkret mexanizmlərini lakonik şəkildə ifadə edir. Məqalədə bu məqam əsas tezislərdən biri kimi verilib.

Digər vacib nəticə BMT-Azərbaycan münasibətlərinin xüsusi mərhələlərə bölünməsi ilə bağlıdır. Burada əsas meyar kimi bu münasibətlərin yüksələn xətlə inkişaf etməsi prinsipi götürülüb. Göstərilir ki, Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etməyə başlayandan həmin münasibətlərin məzmununda ciddi yeniliklər müşahidə edilib. Əgər birinci mərhələdə ümumi xarakterli əlaqələr mövcud olubsa, 1993-cü ildən başlayan ikinci mərhələdə əməkdaşlıq konkret məzmun kəsb edib. Buraya siyasət, mədəniyyət, insan haqları, təhlükəsizlik, ekologiya, mədəniyyət, elm, təhsil, incəsənət, qadın hüquqlarının qorunması, uşaqlarla əlaqəli problemlərin həlli və sair sferaları əhatə edən proqramlar daxildir. Həmin kontekstdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın oynadığı xüsusi rol ayrıca vurğulanıb. Üçüncü mərhələ ilə bağlı gəlinən əsas nəticə Prezident İlham Əliyevin Azərbaycan-BMT münasibətlərinə yeni dinamika verməsindən ibarətdir. Buraya geniş istiqamətli proqramların reallaşması daxildir ki, onların analizinə ayrıca diqqət yetirilməlidir.

Bununla da deyə bilərik ki, BMT ilə əməkdaşlığın inkişafı istiqamətində ölkə rəhbərliyi böyük fəallıq göstərib. Həyata keçirilən əməkdaşlıq proqramları göstərir ki, BMT ilə əlaqələrin böyük perspektivləri var və heç şübhəsiz, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

Leyla Məmmədəliyeva

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun doktorantı

Paylaş:
526

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər