Hərbi ekspert: Azərbaycan Ermənistanda bütün strateji və hərbi obyektləri məhv etməyə qadirdir
Azərbaycanda mövcud olan ən müasir raket və artilleriya sistemləri nəinki işğal olunmuş ərazilərimizdə, həmçinin Ermənistanda yerləşən bütün strateji və hərbi obyektləri yerlə-yeksan etməyə qadirdir.
Bunu 1news.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov erməni generalı Arkadi Ter-Tadevosyanın müsahibəsində səsləndirdiyi fikirlərə cavab olaraq deyib.
Birinci dəfə deyil ki, Ter-Tadevosyanın bu cür çıxışlar etdiyini deyən Ş.Ramaldanov bildirib ki, ermənilər mütəmadi olaraq bu cür çıxışlar edirlər. Onun sözlərinə görə, bununla onlar bir hərbçi kimi, Serj Sarkisyanın sözlərini dəstəkləməklə əsaslandırmağa çalışırlar. Ancaq bu fikirlərin hamısının əsasında yenə də bizə hədə-qorxu gəlmək istəyi dayanır. Bu günlər Qarabağ klanı aktivləşib. Səbəb isə seçkiqabağı kampaniyada Ermənistanda iqtidarda olan partiyanın fəaliyyətini dəstəkləməkdir. Hər dəfə bu mövzuda müəyyən çıxışlar etməklə daha bir məqsəd seçkiqabağı kampaniyada maksimum dividendlər qazanmaqdır.
“O ki qaldı Ter-Tadevosyanın dediklərinə, onun açıqlamaları tamamilə yalanlar, iftiralar üzərində qurulub. O deyir ki, aprel hadisələri zamanı Azərbaycan hücum əməliyyatı keçirib. Əslində isə Azərbaycan əks-həmlə əməliyyatı keçirərək düşmən təxribatının qarşısını alıb. Ermənilər martın sonlarında və aprelin əvvəllərində fəal hərəkətə keçdilər. Azərbaycan Silahlı Qüvvələri aprel döyüşlərində düşmənin qarşısını aldı və əks-zərbə əməliyyatı keçirərək bir sıra məntəqələri, xüsusilə bəzi yüksəklikləri azad etdi, həmin ərazilərə yaxın olan yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etdi. Bu, Azərbaycan Ordusu tərəfindən mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün keçirilən əməliyyatdır. Bu, hücum əməliyyatı deyil. Çünki hücum əməliyyatı keçirən tərəf müəyyən hazırlıqlar görür. İndi mənim o “generala” taktikadan dərs vermək fikrim yoxdur, nə də onu öyrətmək istəmirəm ki, hücum əməliyyatı keçirəndə hansı tədbirlər görülür.
O ki qaldı, 12 məntəqənin və yaxud hədəfin vurulmasına, niyə 14-15, ya da 20 deyil, məhz 12-dir? Bunlar açıqlanmır. Bizim bütün obyektlər Azərbaycan Silahlı Qüvvələri tərəfindən havadan daha da gücləndirilmiş şəkildə müdafiə olunur. Eyni zamanda, mühüm obyektlər Hərbi Hava Qüvvələri tərəfindən havadan mühafizə və müdafiə olunur. Ola biləcək bütün təhdidlər nəzərdən keçirilib və lazımi tədbirlər görülüb. Bu da sual altındadır ki, onlar bu obyektlərə nəsə edə biləcəklərmi?”, - deyə Ş.Ramaldanov deyib.
Ehtiyatda olan polkovnik qeyd edib ki, Ermənistan ancaq “vuraram”, “dağıdaram”, “bunu edərəm”, “onu edərəm” deməklə, boş-boş fərziyyələr söyləməklə öz cəmiyyətinin diqqətini əsas məsələlərdən yayındırmaqla məşğuldur. Azərbaycan isə “Ermənistan cəmiyyəti, əsgər anaları, əgər övladlarınızı itirmək istəmirsinizsə, onlar işğal olunmuş Azərbaycan torpaqlarından çıxsınlar” deməklə yenə də məsələnin sülh yolu ilə, qansız-qadasız həllinə çalışır. Biz bir qarış torpağı belə düşmənə güzəştə getməyəcəyik. Əminəm ki, Ermənistan öz işğalçı niyyətindən əl çəkmədiyi təqdirdə aprel döyüşləri kimi Azərbaycan əsgərinin qələbəsi ilə bitən əks-zərbə əməliyyatlarımız hələ çox olacaq. Ərazi bütövlüyümüz təmin edilənə qədər düşmənin itkiləri də, gözüyaşlı erməni anaları da saysız-hesabsız olacaq. Yəni, belə mənasız hədə-qorxu dolu bəyanatlar erməni xalqının faciəsinə gətirib çıxaracaq.
“Bütün bu hədə-qorxu dolu fikirlərin dilə gətirilməsi daha çox Azərbaycanın hərbi qüdrətinin güclənməsi ilə bağlıdır. Azərbaycan iqtisadiyyatının inkişafı, daxili sabitlik, Ordumuzda aparılan uğurlu işlər qarşı tərəfi qorxu və vahimə içində saxlayır. Mənə elə gəlir ki, ermənilərin bu tip boş hədələri bizim gücümüzə, qüdrətimizə və torpaqlarımızı azad etməkdə israrlı olmağımızla da bağlıdır. Onlar yaxşı bilirlər ki, Azərbaycan Ordusu düşmən təxribatlarına lazımi səviyyədə cavab verməyə hər an qadirdir.
“İsgəndər” raketləri ilə bizim 12 məntəqəmizə və bir çox hədəflərə zərbələr endirəcəkləri barədə cəfəng fikirlər səsləndirən Ermənistan rejimi onu da yaxşı anlayır ki, Azərbaycanda mövcud olan ən müasir raket və artilleriya sistemləri nəinki işğal olunmuş Azərbaycan ərazilərində, həmçinin Ermənistanda yerləşən bütün strateji və hərbi obyektləri yerlə-yeksan etməyə qadirdir. Təkcə “Metsamor” Atom Elektrik Stansiyasını hədəfə çevirmək kifayət edir. Bu baş verərsə, Ermənistan ərazilərində bir neçə əsr ərzində yaşayış mümkün olmayacaq. Əgər ora zərbə endirilərsə, Ermənistan nə günə qalacaq, hansı faciələri yaşayacaq? Ermənilər bizə hədə-qorxu gəlməzdən, “İsgəndər-İsgəndər” deyərək hay-haray salmazdan əvvəl bunu düşünsələr daha məqsədəuyğun olardı”- deyə, Ş.Ramaldanov qeyd edib.
1news.az