Bu gün 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

09:10 - 31 / 03 / 2017
Bu gün 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

Hər bir xalqın, dövlətin tarixində parlaq dövrləri olduğu kimi qaranlıq səhifələri də olur. Doğma Azərbaycanımız da mövcud olduğu dövrdən bu yana neçə-neçə müsibətlərlə, faciələrlə dolu bir tarix yaşayıb. Heç şübhəsiz ki, bunların içərisində ən faciəlisi 1918-ci ilin mart ayında erməni-bolşevik birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımıdır.

1918-ci ilin mart ayında Qafqaz-İslam ordusu Azərbaycan torpaqlarını azad edənə qədər türk-müsəlman əhalisinə qarşı bolşevik-erməni qüvvələrinin törətdiyi və görünməmiş vəhşiliklərlə həyata keçirilən soyqırımının hərtərəfli araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyasının sənədləri mühüm əhəmiyyət kəsb edir. Məhz bu sənədlər 1918-ci ilin mart ayında erməni daşnaklarının xalqımıza qarşı törətdikləri növbəti soyqırımını fakt kimi ortaya qoymağımıza imkan verir.

Qeyd etmək lazımdır ki, türk-müsəlman əhalisinə qarşı 1918-ci ildə törədilən cinayətləri üzə çıxarmaq həmin ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan sonra mümkün olub. Belə ki, milli hökumətin ən mühüm qərarlarından biri daşnak canilərinin törətdikləri cinayətlərin təhqiqi üçün 1918-ci ilin iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması oldu. Vəkil Ələkbər bəy Xasməmmədov komissiyanın sədri təyin edildi. Bir neçə ay ərzində Fövqəladə Təhqiqat Komissiyası daşnak quldur dəstələrinin qanlı əməllərinin araşdırılıb üzə çıxarılması sahəsində böyük iş gördü. Zərər çəkmiş yüzlərlə vətəndaş və şahid dindirildi, çoxlu material, maddi dəlil-sübut, fotosənəd toplandı. İndi isə mart soyqırımının baş vermə səbəbləri barədə.

Məlumdur ki, 1917-ci ilin fevralında Rusiyada burjua- demokratik inqilabı nəticəsində Romanovlar sülaləsi devrildi və müvəqqəti hökumət təşkil edildi. Yeni hökumət Rusiyanın hökmranlığı altında yaşayan xalqlara müraciət edərək I dünya müharibəsi başa çatandan sonra xalqların öz müqəddəratlarını həll etməsi məsələsinə baxılacağını bəyan etdi. Lakin 1917-ci ilin oktyabrında Rusiyada bolşeviklərin hakimiyyəti zorla ələ keçirməsi Rusiya xalqlarının bu arzularını boşa çıxartdı. Bolşeviklər fəhlə-kəndli hökuməti qurmaq adı altında əvvəlki imperiyanı bərpa etməyə başladılar.

Həmin dövrdə Azərbaycanda da vəziyyət mürəkkəb idi. 1917-ci ilin sonu 1918-ci ilin əvvəllərində Bakıda daşnak-bolşevik birləşmələrinin milli qüvvələrə qarşı açıq mübarizəsi yetişməkdə idi. 1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ. Lenin tərəfindən Qafqazın fövqəladə komissarı təyin olunmuş Stepan Şaumyanın Korqanovun başçılıq etdiyi Hərbi İnqilab Komitəsi ilə birlikdə Tiflisdən Bakıya gəlişi buradakı siyasi vəziyyəti daha da gərginləşdirdi. Şaumyanın ciddi səyləri ilə Qafqaz cəbhəsindən geri qayıdan əsgərlər vətənlərinə qayıtmaq əvəzinə Bakıda toplaşdılar. Daşnak-bolşevik birləşmələrini narahat edən əsas məsələ Azərbaycanda milli qüvvələrə başçılıq edən “Müsavat” partiyasının nüfuzunun getdikcə artması idi. Bu səbəbdən də onlar Bakını inqilabla əksinqilab aramında mübarizə meydanı elan etmişdilər. Bolşevik-daşnak qüvvələrinin birləşdiyi Bakı Sovetinin ixtiyarında qırmızı ordu adı altında əksəriyyəti ermənilərdən ibarət olan 20 minlik silahlı qüvvə cəmlənmişdi.

1918-ci ilin martında siyasi gərginlik özünün kulminasiya nöqtəsinə çatdı. Bakı Sovetinə keçirilən seçkilərdə “Müsavat”ın böyük səs çoxluğu ilə qələbə qazanması bolşevikləri və daşnakları ciddi narahat etməyə bilməzdi. Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilən “Müsavat” Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamla mübarizə aparırdı. Şaumyan başda olmaqla bolşevik qüvvələri Erməni Milli Şurası və terrorçu “Daşnaksütyun” partiyasının rəhbərləri ilə birlikdə “Müsavat”a qarşı əsl müharibəyə başladılar. Azərbaycan milli qüvvələrinin sayca az və pis silahlanmış olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara “dərs vermək” üçün milli qırğına hazırlaşırdı.

1918-ci il martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Belə ki, martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Mərhumu dəfn edən müsəlman dəstəsi “Evelina” gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Poroxodun körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasını tələb etdi. Müsəlman dəstəsinin rədd cavabına tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu.

Ertəsi gün şəhərin cənub hissəsində erməni əsgərləri göründülər. Onlar bütün küçə boyu səngərlər qazmağa, torpaq və daşlardan bəndlər ucaltmağa başladılar. Həmin gün Müsəlman Xeyriyyə Cəmiyyətinin binasında keçirilən yığıncağa gələn Bakı şəhərinin keçmiş rəisi Ter-Mikaelyants Erməni Milli Şurası və “Daşnaksütyun” partiyası adından bəyan etdi ki, əgər müsəlmanlar bolşeviklərə qarşı çıxış etsələr, ermənilər də onlara qoşulacaq və bolşeviklərin Bakıdan qovulmasına kömək edəcəklər. Martın 31-də səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı. Ermənilərin yalançı vədlərinə inanmış müsəlmanlar əvvəlcə şəhərdə nə baş verdiyini müəyyən edə bilmirdilər. Hücum ərəfəsində bütün ermənilər şəhərin müsəlmanlar yaşayan hissəsindən ermənilər yaşayan hissəsinə kemişdilər. Müsəlmanlar yaşayan hissədə xristian əhalidən yalnız ruslar və gürcülər qalmışdı. Əvvəllər də bir neçə dəfə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərən ermənilərin əsas məqsədi bolşeviklərin əli ilə müsəlman əhalisini cismən məhv etmək idi.

Azğınlaşmış erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Bəzi faktlar bunu açıq-aşkar sübut edir. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A. Y. Kluge bu komissiyanın sədrinə məruzəsində yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər”.

Müsəlmanları qətlə yetirməklə yanaşı ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan əşyaları isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyiti tapılmışdı. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmışdılar. Ermənilər öldürməyə macal tapmadıqları qadınları isə öz hörükləri ilə bir-birinə bağlayaraq başıaçıq, ayaqyalın arabalara mindirib aparır, yolda isə tüfənglərin qundaqları ilə onları döyür və şikəst edirdilər. Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı təkcə Bakı şəhərində 10 mindən çox türk-müsəlman öldürülmüşdü. Bütün Azərbaycan ərazisində öldürülənlərin sayı isə 50 mini keçirdi. Onların çoxunun meyiti tapılmamışdı. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, törətdikləri cinayətin izini itirsinlər.

Maddi-mədəniyyət və tarixi abidələrimizi belə dağıtmaqdan çəkinməyən erməni quldurlarının vəhşiliyi nəticəsində xalqın bir çox ziyarətgahları və tarixi abidləri yerlə yeksan edilmişdi. Uzaqvuran toplarla Təzə pir məscidi zədələnmiş, dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” müsəlman xeyriyyə cəmiyyətinin, “Kaspi” qəzetinin, “Dağıstan” mehmanxanasının binalarına və digər bir çox nadir tikililərə od vurularaq yandırılmışdı. Ermənilərin vəhşilikləri barədə təsəvvür yaratmaq üçün texnik Vladimir Sokolovun Bakının “Kərpicxana” adlanan ərazisində çəkdiyi fotoşəkillərə baxmaq kifayətdir. Birinci şəkildə başında güllə yarası, bədənində beş süngü yarası olan və sağ körpücük sümüyünə qılınc zərbəsi endirilmiş qadın meyiti təsvir olunub. Onun sağ döşü üstündə hələ sağ olan körpə uzanıb. Anasının döşünü əmən bu körpənin ayağında süngü yarası var. İkinci şəkildə iri mismarla divara vurulmuş 2 yaşlı uşaq təsvir edilib. Mismarın başından aydın görünür ki, onu divara daşla vurublar. Daş elə oradaca idi. Üçüncü şəkildə isə 13-14 yaşlı qız uşağının meyiti verilib. Biçarənin bədənindən görünür ki, onu bir dəstə alçaq “kişi” zorladıqdan sonra qətlə yetirib.

Bu sadaladıqlarımız erməni canilərinin xalqımıza qarşı terrorçu siyasətinin yalnız kiçik bir hissəsidir. Ümumilikdə Bakıda baş vermiş faciəli hadisələr şəhərə olduqca böyük ziyan vurmuş, 12 mindən artıq dinc sakin vəhşicəsinə qətlə yetirilmişdi. Mart hadisələri zamanı erməni daşnakları təkcə Bakıda deyil, demək olar ki, bütün Azərbaycan ərazilərində kütləvi qırğınlar törətmişdilər. Qədim şəhərlərimizdən olan Şamaxı dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Qaniçən Lalayevin başçılıq etdiyi quldur dəstələri şəhərin müsəlmanlar yaşayan hissəsinin hamısına od vurmuşdular. Axund Cəfərqulunun tamamilə yandırılmış evinin həyətində sonralar Təhqiqat Komissiyasının üzvləri tərəfindən çoxlu miqdarda insan sümükləri aşkar edilmişdi. Şamaxı qəzasının müsəlmanlar yaşayan 80 kəndinin taleyi də bu cür olmuşdu. 53 kənd üzrə tərtib olunmuş yekun aktlarında göstərilir ki, Şamaxı qəzasının təkcə 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişdilər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdu.

Ermənilərin törətdikləri dəhşətli qırğınlardan ən çox ziyan çəkən şəhərlərimizdən biri də Quba şəhəri idi. Qırğınlarda erməni daşnak qüvvələri ilə yanaşı bolşevik əsgərləri də yaxından iştirak edirdi. Faciəni səciyyələndirən başlıca cəhət odur ki, Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş plan əsasında həyata keçirilmişdi. Çoxsaylı qüvvə ilə hücuma keçən quldurlar küçələrdə qarşılarına çıxan bütün adamları ucdantutma güllə yağışına tutur, yerə yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə dəlmə-deşik edir, gözlərini ovurdular.

Şahidlərdən biri yazır: “Amazasp adlı bir erməni quldurunun dəstəsi Quba camaatını bir yerə yığdıqdan sonra 4-ü qadın, 2-si yeniyetmə gənc olmaqla 6 günahsız insanı meydanın mərkəzinə gətirdilər. Amazaspın tapşırığı ilə yeniyetmələrin başlarını kəsdilər. Qadınları uşaqlarının qanını içməyə məcbur etdilər. Onlar şivən qoparıb daşnakların üstünə atılanda qarınlarını süngülərlə deşdilər. Sonra isə Amazasp əsgərləri cərgə ilə düzdürüb əhaliyə atəş açmağı əmr etdi. Nəticədə yüzlərlə günahsız insan qətlə yetirildi”.

Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan məhv edilmişdi. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü, tat və digər millətlərin nümayəndələri öldürülmüşdü. Quba qəzasında dağıdılmış 162 kənddən 35-i hazırda mövcud deyil.

Mart hadisələri zamanı ən dəhşətli qırğınlardan biri İrəvan quberniyasında həyata keçirilmişdi. Buradakı müsəlmanların məruz qaldıqları faciəni qələmə almaq mümkün deyil. Təkcə aprelin sonunda bu ərazidə dağıdılmış müsəlman kəndlərinin sayı 200-ə çatırdı. İrəvan quberniyasının yarım milyonluq əhalisinin nə kimi müsibətlərə düçar olduğunu sənədlərdəki faktlar daha dəqiq göstərir.

Azərbaycanlılara qarşı qırğınlar nəticəsində erməni caniləri yuxarıda qeyd olunan şəhərlərlə yanaşı demək olar ki, əksər ərazilərdə də günahsız insanlara qarşı misli görünməmiş vəhşiliklər törədiblər. Bundan Lənkəran, Şuşa, Göyçay, Zəngəzur və digər şəhər və rayonlarda əhali ucdantutma məhv edilmişdi. Bu səbəbdən 1918-ci ilin martında baş vermiş hadisələrin ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı kimi dünya ictimaiyyətinə çatdırılması qarşıda duran ən vacib məsələlərdən biridir. Mart hadisələrinə ən böyük qiymət isə ulu öndərimiz Heydər Əliyev tərəfindən verilib. Onun 1998-ci il martın 26-da imzaladığı sərəncamla hər il mart ayının 31-i azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Hər bir Azərbaycan vətəndaşı xalqımızın başına gətirilən faciələri unutmamalı, həqiqətlərin gələcək nəsillərə çatdırılması üçün əlindən gələni etməlidir. 1990-cı ilin yanvar faciəsi, 1992-ci ilin fevralında Xocalı soyqırımı və həmin ildən başlayaraq 20 faizdən artıq torpaqlarımızın ermənilər tərəfindən yenidən işğal edilməsi erməni məkrinin, ən əsası isə mart soyqırımının unudulmasının bilavasitə nəticəsidir.

Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun 1919-cu ildə mart soyqırımının ildönümü ilə əlaqədar yazdığı “31 mart” adlı məqaləsindən bu gün üçün də aktuallığını saxlayan bir fikri xatırlamaq yerinə düşər: “Bu günkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq. Borcumuz bu Vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır”.

Babək Cahandarov

 

Paylaş:
1670

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər