Əli Həsənov Cocuq Mərcanlıda aparılan tikinti işləri ilə tanış olub - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Əli Həsənov Cocuq Mərcanlıda aparılan tikinti işləri ilə tanış olub - FOTO

22:53 - 03 / 04 / 2017
Əli Həsənov Cocuq Mərcanlıda aparılan tikinti işləri ilə tanış olub - FOTO

Aprelin 3-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində məcburi köçkünlər üçün salınan qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, ötən ilin aprelində Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Lələtəpənin düşməndən azad edilməsi Cəbrayıl rayonunun işğalda olmayan yeganə kəndi - Cocuq Mərcanlı üçün təhlükəni aradan qaldırdı. Xatırladaq ki, Cocuq Mərcanlı ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 1994-cü ildə apardığı hərbi əməliyyatlar zamanı azad edilən 22 yaşayış məntəqəsindən biridir. Lələtəpə yüksəkliyi düşmənin əlində olduğu üçün cocuq mərcanlıların öz evlərinə qayıtması qeyri-mümkün idi. Ordumuzun aprel qələbəsi onların böyük sevincinə səbəb oldu. Çünki bununla kənddə həyatın normal axara qayıtması və məcburi köçkünlərin öz ata-baba yurdlarına dönməsi üçün əlverişli şərait yarandı.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Cocuq Mərcanlı kəndinin bərpasına başlanıldı. Birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 4 milyon manat, digər bir sərəncamla isə Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi üçün 4,3 milyon manat vəsait ayrıldı.

Dövlətimizin başçısının müvafiq sərəncamlarından sonra Cocuq Mərcanlı kəndində 200 evdən ibarət yeni qəsəbənin master-planı hazırlanıb. Qəsəbədə təhsil, səhiyyə, mədəniyyət ocaqları da inşa olunacaq. Kənddə qurulacaq kommunal xidmətlər, qaz, elektrik enerjisi, su xətti ilə bağlı texniki şərtlər də alınıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən minatəmizləmə əməliyyatı başlanılıb. İlk olaraq 50 yaşayış evi və məktəb binasının ərazisi tam təmizlənib.

Buraya çəkilən və ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun eni 12 metr təşkil edir. Yolun 4 kilometri əsaslı şəkildə yenidən qurulur, 5 kilometrdə isə bərpa işləri aparılır. Layihəyə uyğun olaraq yolboyu aparılan torpaq işləri, yol yatağının tikintisi yekunlaşıb. Hazırda yol əsasının inşası və buna paralel olaraq asfalt-beton örtüyünün ilk qatının döşənməsi işləri aparılır. Artıq yolun 3 kilometrə yaxın hissəsinə asfalt-beton örtüyünün ilk qatının döşənməsi başa çatıb. Yol iki hərəkət zolağından ibarət olacaq. Tikinti işləri başa çatdıqdan sonra yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi aparılacaq. Yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişi xeyli rahatlaşdıracaq.

Cocuq Mərcanlı kəndində inşaat sahəsi ilə tanışlıq zamanı bildirildi ki, hazırda kənddə 50 ev və məktəb binasının tikintisi sürətlə davam edir. İnşaat işlərinə 30-a yaxın texnika, 145-dən çox işçi cəlb edilib. Artıq 14 evin dəmir-beton tavanı qoyulub. Digər evlərdə hörgü, 96 şagirdlik məktəb binasının zirzəmisində suvaq işləri, su xətlərinin çəkilişi aparılır. Həftənin sonunadək 40 evin hörgüsü tam başa çatacaq.

Kəndə qədər qaz və elektrik xətlərinin çəkilişi də artıq başa çatıb. Bu günlərdə daxili qaz xətlərinin çəkilişlərinə başlanacaq. Evlərin damları vurulduqdan sonra daxili elektrik xətləri çəkiləcək, sayğaclar qoyulacaq.

May ayının sonuna qədər 50 evin, məktəb binasının tikintisi, qaz və elektrik xətlərinin tam çəkilişi yekunlaşacaq. Birinci mərhələdə tikilən 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.

Diqqətə çatdırıldı ki, ərazidə bərpa prosesinin ikinci mərhələsində isə daha 100 yaşayış evi, mədəni-maarif obyektləri, uşaq bağçası, tibb məntəqəsi və digər sosial obyektlərin tikintisi aparılacaq. Kənddə əlavə olaraq daha bir məktəb binasının da inşası nəzərdə tutulub.

Dövlətimizin başçısının tapşırığına əsasən, kənddə Şuşa məscidinin bənzəri də tikilməkdədir. Bu məqsədlə 50 sot sahə ayrılıb. Baş nazirin müavini Əli Həsənov məscid binasının tikintisi ilə tanış olarkən bildirildi ki, inşaat işlərinə martın 22-dən start verilib. 22 nəfər işçi qüvvəsinin çalışdığı məscidin minarələrinin hündürlüyü 27 metrə çatacaq. Burada mərasim zalı da tikiləcək, dini ibadət üçün bütün şərait yaradılacaq. Məscidin 5 ay müddətində tikilib təhvil verilməsi nəzərdə tutulur. Ancaq inşaatçılar işləri bir qədər də tez tamamlamaq fikrindədirlər.

Cocuq Mərcanlıda aparılan tikinti işləri bir daha təsdiqləyir ki, yaxın zamanlarda kənd sakinləri rahatlıqla öz evlərinə köçə biləcəklər. İlkin mərhələdə Cocuq Mərcanlıda 50 ev tikilsə də, Prezidentin Sərəncam imzalamasından cəmi bir neçə gün sonra 200-ə yaxın ailə doğma kəndə qayıtmaq üçün müraciət edib. Təbii ki, ilkin mərhələdə heç də hamı kəndə köçə bilməyəcək. Əsasən gənc və çoxuşaqlı, təsərrüfatla məşğul olan ailələrə üstünlük veriləcək. Növbəti mərhələdə digər ailələrə də kənddə ev tikiləcək. Bunun üçün yerlər müəyyənləşdirilib və layihələndirmə işləri aparılıb.

Tikinti-bərpa işləri ilə tanışlıq zamanı yerli media nümayəndələrinə müsahibə verən Əli Həsənov dedi: “Aprel döyüşlərindən bir il keçir. Düzdür, bu kənd ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə düşməndən azad olunsa da, burada yaşamaq təhlükəli idi. Çünki Lələtəpə yüksəkliyinin düşmənin əlində olması bu ərazilərdə təhlükəli vəziyyət yaradırdı. Ancaq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı möhtəşəm qələbə sayəsində həmin yüksəklik də işğaldan azad olundu və burada yaşamaq imkanı yarandı. İndi Prezidentin tapşırığı və nəzarəti altında kənd bərpa olunur”.

Cocuq Mərcanlı kəndinin bərpasını Böyük Qayıdışın müjdəçisi adlandıran Əli Həsənov qeyd etdi ki, burada aparılan tikinti işləri birbaşa Prezident İlham Əliyevin nəzarətindədir. Kəndin bərpası məcburi köçkünlərdə də böyük ruh yüksəkliyi yaradıb. Bu gün artıq bütün dünya Cocuq Mərcanlı adı, onun yenidən bərpa edilməsi, buranın Azərbaycan torpağı olması barədə məlumatlıdır. Dövlətimizin başçısının ideoloji siyasətinin nəticəsidir ki, azad olunmuş kəndin bərpası dünyaya səs salıb.

“Dünən telekanallar vasitəsilə yəqin ki, Ermənistanı da gördünüz. Əgər bir ölkə ki, prezidentinin parlament seçkisində səs verməsini təşkil edə bilmirsə, həmin prezident 8 dəfə barmağını cihaza tuşlasa da şəxsiyyəti təsdiqlənmirsə, bu ölkədən nə danışmaq olar? Bəlkə də Sarkisyan ölkədən qaçmaq üçün saxladığı pasportu verdiyindən kompüter bunu təsdiqləmirdi. İki pasport çıxardı, amma məndə olan məlumata görə, hələ bir neçəsi də cibində idi. Görürsünüz, necə biabırçı vəziyyətdir, orada yaşayan xalq da artıq o prezidentdən, o rejimdən bezib. Azərbaycan Prezidenti də dəfələrlə erməni xalqına müraciət edib ki, o rejimdən yaxa qurtarsın. Əgər normal həyat tərzi keçirmək, normal qonşuluq münasibətləri saxlamaq istəyirsinizsə, bu ədalətsiz problemə son qoyun. Onsuz da mövcud rejim bu problemi həll edən deyil”, – deyə Baş nazirin müavini bildirdi.

Əli Həsənov dedi ki, Xocalı soyqırımını törədən, kəndlərimizi yer üzündən silən, rayonlarımızı darmadağın edən və hələ də işğal altında saxlayan Sarkisyan-Koçaryan rejimi keçmişə baxsınlar – Rumıniyada Çauşeskunun, İraqda Səddam Hüseynin, Liviyada Qəddafinin və ailə üzvlərinin aqibətini yada salsınlar. Onları da bu cür aqibət gözləyir. Ermənistanda bəzi siyasi dairələr, Levon Ter-Petrosyan, keçmiş müdafiə naziri Seyran Ohanyan bəyanatlar verirlər. Levon Ter-Petrosyan deyir ki, ərazilər qaytarılmalıdır. O, bəyanatında Dağlıq Qarabağın ətraf əraziləri ifadəsini işlədir. Yəni, Dağlıq Qarabağı istisna edir. Həmin ərazilər elə onun prezidentliyi dövründə işğal olunub. Yaxud keçmiş müdafiə naziri elə ağıllı idisə, nə üçün müdafiə naziri olanda belə təklif vermirdi. Bütün bunlar parlament seçkilərinə hesablanmış təbliğat idi. Bu, heç də bizi arxayın sala bilməz. Biz yalnız öz gücümüzə, öz ordumuza və öz Prezidentimizə arxalanmalıyıq.

“Prezident İlham Əliyev bu günlərdə aprel döyüşlərinin iştirakçısı olan hərbçilərimizlə görüşdə də bildirdi ki, hünərləri var tərpənsinlər. Tərpənən kimi, Azərbaycan Ordusu layiqli cavablarını verəcək. Qazdıqları səngərləri də onların məzarı olacaq. Artıq erməni anaları da ayağa qalxıb ki, nəyə görə övladlarımız başqasının torpağında ölməlidir? Yəni, sadə erməni xalqı da bunu başa düşür. Biz isə öz işimizlə məşğuluq. İnşallah, bu gün Cocuq Mərcanlıda gördüyünüz bərpa işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğaldan azad olunacaq digər rayon və kəndlərimizdə də aparılacaq”, - deyə Baş nazirin müavini qeyd etdi.

Əli Həsənov Cocuq Mərcanlıda salınan yeni qəsəbədə tikinti prosesinin sürətlə getdiyini və açılış mərasiminin Milli Qurtuluş Günü ərəfəsinə planlaşdırıldığını diqqətə çatdırdı.

Baş nazirin müavini qəsəbənin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə inşaat sahəsinə baxış keçirdi, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verdi.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri inşaat işlərinin gedişi ilə tanış olduqdan sonra tikinti şirkətlərinin rəhbərlərinin təkliflərini dinlədi. Tikinti şirkətlərinin nümayəndələri inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını bildirdilər.

1news.az

Paylaş:
1217

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər