Prezident Azərbaycanla Türkiyə arasında hərbi təlimlə bağlı texniki razılaşmanı təsdiq edib
Prezident İlham Əliyev Azərbaycanla Türkiyə hökumətləri arasında Türkiyədə “EFES” Birgə Döyüş Atışlı Ümumqoşun Təlimi zamanı Ev Sahibi Ölkənin Dəstəyinə dair Texniki Razılaşmanın təsdiq edilməsi haqqında fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasında “EFES” Birgə Döyüş Atışlı Ümumqoşun Təlimi zamanı Ev Sahibi Ölkənin Dəstəyinə dair 2016-cı il avqustun 1-də Ankara şəhərində və dekabrın 3-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Texniki Razılaşma qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Texniki Razılaşmanın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin”.
1news.az