Şabranda güzəştli kreditlərdən istifadə etməklə aqroparkın yaradılmasına başlanılıb
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu aprelin 6-da Şabran rayonunun Gəndov kəndində keçirib.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, 100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Şabran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri taxılçılıq, intensiv bağçılıq, cins heyvandarlıq, arıçılıq, istixana və soya əkini təsərrüfatlarının, çörək istehsalı müəssisəsinin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Şabran rayonundan olan 145 sahibkara 37 milyon manata yaxın güzəştli kredit verilib. Qeyd edilib ki, ümumilikdə indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2333 investisiya layihəsinin maliyyələşdirilməsinə 184,7 milyon manat güzəştli kredit verilib. Şirzad Abdullayev bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, ölkə ərazisində aqroparklar yaradılır.
Artıq Xaçmaz rayonunda “Yalama Aqropark”da 1-ci mərhələ üzrə işlər başa çatdırılıb, “Şəmkir Aqropark”da isə 1-ci mərhələ üzrə işlər davam etdirilir. Bundan əlavə, Samux, Goranboy, Ağcabədi və Şabran rayonlarında da aqroparkların yaradılması istiqamətində işlər aparılır. Şabran rayonunda 1738 hektar ərazidə yaradılmasına başlanılan aqropark layihəsinin ümumi dəyəri 14 milyon manat təşkil edir və bu layihənin reallaşdırılmasına 10 milyon manat güzəştli kredit ayrılıb.
Ümumilikdə isə, işgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 10,4 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, tərəvəzçilik, bağçılıq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 100-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Şabranda güzəştli kredit ayrılan tutumu 10 min ton olan logistik mərkəzə baxış keçirilib. Bu cür logistik mərkəzlər əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, istehsal olunan meyvə-tərəvəzin tədarükü və saxlanmasında mühüm rol oynayır.
1news.az