“Azəriqaz”: Bu il 18 yaşayış məntəqəsinə təbii qaz verilib
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən bu il 18 yaşayış məntəqəsinə təbii qaz verilib.
1news.az-ın sözügedən qurumun ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir.
Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.
İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən bu ilin yanvar-mart ayları ərzində 852,9 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 46,2 kilometr qaz kəməri əsaslı təmir olunub.
Aparılan tikinti-quraşdırma işləri nəticəsində 18 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.
1news.az