Azərbaycan Dillər Universitetində “Diaspor dərsi” keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Diaspor Jurnalistləri Birliyinin könüllü olaraq icra etdiyi “Ali məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində tədbir keçirilib.
Birliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, ADU-nun prorektoru Ələddin Əliyev iştirakçıları və qonaqları salamlayıb, layihənin Azərbaycan Dillər Universitetində keçirilməsindən məmnunluğunu ifadə edib.
Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə layihənin məqsədindən danışaraq əsas hədəflərin tələbə-gənclərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, gənclərin informasiya müharibəsinin aparılmasında rolunu gücləndirmək olduğunu qeyd edib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun məsləhətçisi Natiq Əliyev dövlətin öz xarici siyasətini uğurla həyata keçirməsi üçün diasporun rolu, xaricdəki gənclərimizin ictimai fəallığı haqqında danışıb. “Xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti hər zaman Azərbaycan dövlətinin diqqətindədir”- deyə, PA rəsmisi bildirib.
Daha sonra “Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili, Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirlinin çıxışları dinlənilib.
Çıxış edənlər məlumat və maarifləndirmə xarakterli “Diaspor dərsi”ində ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsində rolu, Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı bəhs ediblər.
Qeyd edək ki, “Paris Azərbaycan Evi”nin rəhbəri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva da ADU-nun məzunu olaraq “Skype” vasitəsilə “Diaspor dərsi”nə qoşulub və öz fikirlərini tələbələrlə bölüşüb.
1news.az