Yevlaxda 6 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yevlaxda 6 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur – FOTO – VİDEO

17:18 - 07 / 04 / 2017
Yevlaxda 6 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur – FOTO – VİDEO

Yevlax rayonunda uzunluğu 18 kilometr olan Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

1news.az-ın  “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, IV texniki dərəcəyə uyğun yenidən qurulan Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun hərəkət hissəsinin eni 6 metr, çiyinlərinin eni hər iki istiqamət üzrə 1,5 metr olmaqla yol yatağının ümumi eni 10 metr təşkil edir. Layihə çərçivəsində yolboyu müxtəlif diametrli 16 ədəd su borusunun tikintisi işləri də aparılır.

Hazırda sözügedən avtomobil yolunda torpaq işləri görülür, yol yatağı inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri aparılır.

Bu işlərə paralel olaraq yol əsasının tikintisi də həyata keçirilir.

Sözügedən avtomobil yoluna ikiqat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtük döşənir. Ümumilikdə isə yolun 100 min kvadratmetrdən çox ərazisinin asfaltlanması nəzərdə tutulub.

Tikinti işləri yekunlaşdıqdan sonra yola 360 ədəd təhlükəsizlik dirəkləri, 118 ədəd yol nişanları və göstərici lövhələr quraşdırılacaq, 25 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.

Qeyd olunub ki, Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun tikintisi 8 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirərək gediş-gəlişi rahatlaşdıracaq, yük və sərnişindaşınmasını isə xeyli asanlaşdıracaq. Ən əsası isə avtomobil yolu ilə Mingəçevir-Bəhrəmtəpə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla əhalinin yetişdirdikləri məhsulları qısa müddət ərzində bazarlara daşımasına imkan yaranacaq.

1news.az

Paylaş:
823

Son xəbərlər

Bütün xəbərlər