Yusif Səfərov küçəsi yenidənqurmadan sonra istifadəyə verilib – FOTO – VİDEO

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektindən Afiyəddin Cəlilov küçəsi istiqamətinə olan hissəsi də təmir edilərək istifadəyə verilib.
1news.az-ın “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, bununla da 1,25 kilometr uzunluğunda olan Yusif Səfərov küçəsi hər iki istiqamət üzrə yenidən qurulub.
Məlumata əsasən, küçəboyu aparılan yenidənqurma çərçivəsində genişləndirmə işləri aparılıb. Mövcud yol ayrıcının eninin kiçildilməsi nəticəsində yol 5 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilib. Yol ayrıcının 2 min kvadratmetr sahəsinə tamet daşlar döşənib, yaşıllaşdırma və abadlıq işləri aparılıb, kənarına isə 2500 poqonmetr yeni səki daşı düzülüb. Asfaltlanma işləri təqribən 60 min kvadratmetr sahəni əhatə edib.
Asfaltlanma işləri tamamlandıqdan sonra yol-cizgi və yolgöstərici xətlər çəkilib, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Bundan başqa, küçəboyu avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək üçün yolun sağ hissəsində xüsusi hərəkət zolağı ayrılaraq müvafiq nişanlama xətləri və nişanlarla təmin edilib.
Qeyd olunub ki, bir müddət əvvəl Yusif Səfərov küçəsinin 28 May küçəsi ilə kəsişməsindən Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsinədək olan hissəsində hər iki istiqamət üzrə yenidənqurma də yekunlaşdırılıb. Belə ki, yenidənqurma işləri çərçivəsində küçənin sözügedən hissəsində yol ayrıcında söküntü işləri aparılıb. Həmin hissədə yol hər iki istiqamət üzrə 3 hərəkət zolağından 5-6 hərəkət zolağına genişləndirilib.
Həmçinin Afiyəddin Cəlilov küçəsi ilə kəsişmədə olan geri dönmə hissə ləğv edilib. Bunun əvəzinə 28 May küçəsi ilə kəsişməyə yaxın ərazidə yeni geri dönmə hissə yaradılıb.
Beləliklə, Yusif Səfərov küçəsinin yenidən qurulması sözügedən ərazidə sıxlığın azalmasına, nəqliyyatın şəhər mərkəzinə doğru və əksinə, bu istiqamətdən giriş-çıxışının asanlaşmasına gətirib çıxarıb.
1news.az