Bu gündən Azərbaycanda Ticarət Festivalı başlayır
Bu gündən Azərbaycanda ilk dəfə olaraq Bakı Ticarət Festivalının (Şopinq Festivalı) keçirilməsinə başlanılır.
1news.az-a Şopinq Festivalının mətbuat xidmətindən verilən xəbərə görə, mayın 10-dək davam edəcək festivalın keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır.
Bu festivallar həm də vergi sisteminin təşviqini, fiziki şəxslər tərəfindən Azərbaycanın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (ƏDV) sisteminin ölkədə tətbiqi ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, rezident və qeyri-rezident vergi ödəyicilərinin xidmət sisteminin inkişaf etdirilməsini nəzərdə tutur.
Festival zamanı ilk dəfə olaraq Azərbaycan vətəndaşlarına da “tax free” sistemi tətbiq ediləcək.
ƏDV qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi “Baku Shopping Festival – Tax Free” stikeri yerləşdiriləcək. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılacaq.
ƏDV-ni 5 bankın - Kapital Bank, PASHA Bank, Yapi Kredi Bank Azerbaijan, Bank Silk Way və Azərbaycan Sənaye Bankının filiallarında geri almaq mümkün olacaq.
Xatırladaq ki, Bakı Ticarət Festivalı bu gün saat 15:00-da İçərişəhərdə Qoşa Qala qapısında möhtəşəm şou-proqramla start götürəcək. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaxından dəstəyi ilə təşkil edilən, paytaxt sakinləri və şəhərimizin qonaqları üçün maraqlı və unudulmaz anların yaşanacağı açılışda Respublikanın bir sıra tanınmış incəsənət ustaları çıxış edəcəklər.
DJ İlham Əmirovun müşayiəti ilə başlanacaq şou-proqramda “Natiq” ritm qrupu, “Qaya” ansamblı, Murad Arif, Cəbrayıl Rəsulov, Günay İbrahimli, Sabir Əhmədov, Azad Şabanov, Emiliya Yaqubova, Nurlan Növrəsli, Nura Suri və digər tanınmış müğənnilərin çıxışları, eləcə də, milli və xarici rəqslər tədbiri daha da rəngarəng edəcək.
Qeyd edək ki, hər il keçiriləcək Bakı Ticarət Festivalı aprelin 10-dan mayın 10-dək baş tutacaq. Növbəti festival bu ilin oktyabrında keçiriləcək. Festival Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq keçirilir. Eləcə də, festivalın hər il keçirilməsi Azərbaycan Konqreslər Bürosu və Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunur.
1news.az