Fransalı deputatdan erməni diaspor üzvünün Azərbaycanla bağlı qərəzli yazısına tutarlı cavab
Fransanın www.huffingtonpost.fr portalında Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan-Fransua Manselin Azərbaycanla bağlı məqaləsi yayılıb. Fransalı deputat bu məqaləni erməni diaspor üzvünün ölkəmizlə bağlı yalan və böhtanlarla dolu yazısına cavab olaraq hazırlayıb.
Assosiasiyanın prezidenti qeyd edir ki, özünü guya siyasi analitik kimi qələmə verən, xüsusilə də kasıblıqla və münaqişə ilə üzləşən erməni xalqından çox Avropada öz rahatlığını düşünən erməni diasporunun sözçüsü yazısında Azərbaycan barədə elə fikirlər işlədir ki, onun bu ölkə haqqında məlumatsızlığı açıq-aydın görünür.
Jan-Fransua Mansel yazır: “Məqalənin hansısa çirkab kanallardan əldə olunan cəfəng və böhtanla dolu hər sətrinin islah olunmağa ehtiyacı var, ancaq mən yalnız birbaşa və ya dolayı yolla mənə aidiyyəti olan məqamlara toxunacağam.
Sədrlik etməkdən şərəf duyduğum Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətində heç bir qaranlıq məqam yoxdur. Assosiasiya Fransanın Bakıda ilk səfiri olan Jan Perren tərəfindən yaradılıb və 500-dən çox üzvü var. Assosiasiya Fransada mədəniyyət sahəsində çoxsaylı tədbirlər təşkil edir. Məsələn, keçən ay Arkaşon şəhərində 1000-dən çox, Ruanda isə 500-dən çox iştirakçısı olan mədəniyyət tədbiri keçirib.
Mənim vitse-prezidentlərindən biri olduğum məlumat missiyasına gəldikdə isə bu missiya ilə bağlı mütləq həqiqət bərpa edilməlidir. Azərbaycana qarşı böhtana görə məhkəməyə verilən və bu səbəbdən ölkəyə düşmən kəsilən deputat Fransua Roşebluan antiazərbaycan təhrikçiliyi üçün araşdırma komissiyasının yaradılmasını istədi. O, öz kiçik qrupunun çox az bir hissəsini buna inandırsa da, xarici işlər komissiyasının yekdil səsverməsi qarşısında uğursuzluğa düçar oldu. Belə ki, bütün siyasi qrupların nümayəndələrindən ibarət olan komissiya müdrikliklə hesab etdi ki, bu təklif Milli Assambleyanın nizamnaməsinə ziddir. Komissiya ədalətli və davamlı sülh üçün Fransanın da rol oynadığı Dağlıq Qarabağ münaqişəsinə dair məlumat missiyası yaratmaq qərarına gəldi. F.Roşebluan öz qrupunun hüququndan istifadə edərək Fransa ilə Azərbaycan arasında iqtisadi, siyasi və mədəniyyət sahəsindəki əlaqələrə dair məlumat missiyasının yaradılmasına nail oldu.
Amma onun polemik xam xəyalları yenə də baş tutmadı. Məruzəçi Jan-Lui Destan 34 dinləmədən sonra bəzi qurumların və jurnalistlərin insan hüquqlarına dair sübutlara əsaslanmayan həmişəki tənqidlərini qeyd etsə də, 70 illik kommunist mirasını, beynəlxalq konteksti və regional məsələləri, eləcə də Azərbaycan ərazisinin xarici hərbi işğalının ölkənin təhlükəsizliyi üçün təhdid olaraq qalmasını xatırladaraq onları mülayimləşdirdi. Ancaq hesabatın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissəsində yalnız erməni təcavüzü nəticəsində bir milyon azərbaycanlının doğma torpaqlarından didərgin salınmasının və BMT-nin 4 qətnaməsinə baxmayaraq, 25 ildir onların əsas hüquqlarının pozulmasının yazılması ilə kifayətlənmək təəssüf doğurur.
Hesabatda, həmçinin Azərbaycanda 1918-ci ildə qadınlara səsvermə hüququnun verilməsi, 1998-ci ildə ölkədə ölüm hökmünün ləğvi və mənşəyindən, irqindən və dinindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyini təmin edən, onlara dinc yanaşı yaşamaq imkanı verən dünyəvilik kimi demokratik nailiyyətlər xatırladılır. Hesabatda Qafqazın bu bölgəsində Azərbaycanın geosiyasi əhəmiyyəti və Fransanın bu regionda mövqeyini möhkəmləndirmək zərurəti vurğulanır. Nəhayət, hesabat Azərbaycan hökuməti ilə siyasi dialoqun hərtərəfli nəzərdən keçirilməsinə ehtiyac olmadığı qənaətinə gəlir”.
Fransalı deputat yazır ki, iqtisadi plandan danışdıqda isə guya Azərbaycanla ticarət etməyin fransız vergiödəyicilərinə bir milyarda başa gəlməsini yazmağa cəsarət etmək riyakarlıq və cahillikdir. Bu, tamamilə yalandır. COFACE 1994-cü ildən özəlləşdirilib, Fransa İnkişaf Agentliyi (AFD) isə bütün digər banklar kimi faizlə kredit verir. Azərbaycanla iqtisadi əlaqələrə fransız vergiödəyiciləri heç bir santim də ödəmir, əksinə bu əlaqələr şirkətlərimizin bu ölkədəki fəaliyyətləri nəticəsində onlara mənfəət gətirir. Bütün iqtisadi, özəl və ya dövlət aktorları məlumat missiyasına fransız müəssisələrinin Azərbaycanda iştirakının genişləndirilməsi ilə bağlı maraqlarını bildirib və onlardan heç biri korrupsiya faktından danışmayıblar.
“Bir halda ki həqiqət bərpa olunub, erməni diasporunun üzvlərinə Azərbaycanı saxta şəkildə pisləmək əvəzinə, iki xalq arasında barışıq üçün çalışmalarını məsləhət görürəm. Qərb rahatlığına qapanan bu şəxslər ölkələrinin kasıblıqdan çıxması yollarını düşünsünlər, bilsinlər ki, Ermənistandakı həmvətənlərinin sülhə ehtiyacı var”, - deyə Jan-Fransua Mansel qeyd edir.
AZƏRTAC