Aysel Sultan yazır: Narkotiklərdən sui-istifadə edən şəxslərə necə yanaşmalı: Sosial yardımın əsasları | 1news.az | Xəbərlər
Cəmiyyət

Aysel Sultan yazır: Narkotiklərdən sui-istifadə edən şəxslərə necə yanaşmalı: Sosial yardımın əsasları

14:50 - 12 / 04 / 2017
Aysel Sultan yazır: Narkotiklərdən sui-istifadə edən şəxslərə necə yanaşmalı: Sosial yardımın əsasları

“Azərbaycanda illeqal narkotik vasitələrdən istifadənin nə qədər önəmli məsələ olduğu nəzərdən kənardadır. Azyaşlılar arasında günü-gündən artmaqda olan istifadə formalarına, olduğundan qat-qat daha güclü sosial və siyasi diqqət labüddür”.

1news.az-ın məlumatına görə, bu fikirlər Almaniyanın Goethe adına Frankfurt Universitetinin doktorantı, narkotik maddələrə dair siyasət və sosial iş üzrə mütəxəssis Aysel Sultanın günümüzün ən böyük bəlalarından olan narkomaniya ilə bağlı məqaləsində yer alıb. Həmin məqaləni təqdim edirik:

                                                                      I hissə

Narkotik maddələrdən sui-istifadə dünyanın hər bir yerində aktual məsələ olaraq qalır. Azərbaycan da bu qismdə istisna deyil. Bu məfhuma qarşı tətbiq olunan mənəvi mühakimə bütün dünyada yüzilliklərlə hakim yanaşma olub.

Lakin, bu gün reallıq başqadır və narkotik maddələrin sui-istifadəsi ilə mübarizə daha humanist xarakter daşımağa başlayıb və zərərin azaldılması cərəyanının yaranıb inkişaf etməsi ilə sosial modelə keçid edilib.

Təəssüf ki, bu gün Azərbaycanda illeqal narkotik vasitələrdən istifadənin nə qədər önəmli məsələ olduğu nəzərdən kənardadır. Azyaşlılar arasında günü-gündən artmaqda olan istifadə formalarına, olduğundan qat-qat daha güclü sosial və siyasi diqqət labüddür.

Yeniyetmələr arasında psixotrop və digər narkotik maddələrin istifadəsi geniş yayılmaqdadır. Ölkəmizdə qanuni olaraq satışı qadağan olan psixotrop maddələrin ağrıkəsici həblər olaraq ölkə əczəxanalarından məşəqqətsiz əldə edilməsi, istifadəçi yeniyetmələrin daimi müştərilərə çevrilməsi ilə nəticələnməkdədir. Yalnız, ölkəmizdə hakim olan tibbi müalicə modeli və problemin aktuallığının müxtəlif aidiyyatı qurumlar tərəfindən  yetərincə işıqlandırılmaması bu məsələnin kölgədə qalmasına səbəb olur. Nəticədə, cəmiyyətin üzvləri həm narkotik maddələrə aludə olmuş şəxslərə yardım edə bilmir, həm də bu aludəçiliyin xüsusiyyətləri haqqında məlumatsız qalırlar.

Mövcud təhlükəli situasiyanın həlli yollarından birincisi bu problematikanın ictimailəşdirilməsi və mütəxəssislərə olan ehtiyacın vurğulanmasıdır. Bununla yanaşı, narkotik maddələrə aludə olmuş şəxslərin müalicəsi, terapiya və reabilitasiyası ilə məşğul ola biləcək mütəxəssislərin az olması, habelə, ölkədə təklif olunan yeganə müalicə növünün yalnız qısa-müddətli detoksifikasiyadan (qanın yuduzdurulması) ibarət olmasına da tənqidi münasibətin formalaşması zəruridir.

Nəzərə alınmalıdır ki, narkotik vasitələrdən sui-istifadə təkcə tibbi problematika deyil. Bu həm də, sosial məsələdir və cəmiyyətin üzvlərinin hər birinin narkotik maddələrlə, onların istifadəsi və sui-istifadəsi ilə bağlı məlumatlandırılması vacibdir. Bu gün, Azərbaycan cəmiyyətində narkotik maddələrə dair münasibətlər çox dar, məlumatsız, xoflu və önyarqılıdır (qeyri-obyektivdir). Təəssüf ki, insanların məlumatsızlığı, istifadəçilərin cəmiyyətdən təcrid olunmasına, nadir istifadənin sui-istifadəyə keçid etməsinə və həmin şəxslərin həyatlarının bir çox aspektlərində mürəkkəbliklərlə üzləşmələrinə səbəb olan ən başlıca səbəbdir.

Təbii ki, məsələnin psixoloji tərəflərini, sui-istifadənin yaranma səbəblərini araşdırmaq da çox vacibdir. Lakin, problem artıq var ikən, ona professional yanaşmağı və həlli yollarını axtarmağı da bacarmaq şərtdir. Çünki, narkotik maddələrdən istifadə və sui-istifadənin profilaktikası sadəcə müəyyən kateqoriya insanları nəzərdə tutur – yəni, istifadəçi statusu qazanmamış şəxsləri. Unutmaq lazım deyil ki, sui-istifadə edən və bundan dolayı həyatında bir sıra çətinliklərlə qarşlaşan şəxslərin də diqqətə, qayğıya, müalicəyə və dəstəyə ehtiyacları var. Bu halda, profilaktik metodlardan ziyadə, zəruri müalicə, uzunmüddətli reabilitiasiya və terapiya, həmçinin sosial yardıma ehtiyac var.

Narkotik maddələrdən istifadəyə dair mövcud sosial nəzəriyyələr və praktikada tətbiq olunan yardım metodları zamanla zərərin azaldılması yanaşmasını ön plana çəkib. Bu kontekstdə, sosial nəzəriyyə humanist xarakter daşıyır və məcburi tibbi müalicəni az effektiv sayır. Mövcud tibbi modeldən zərərin azaldılmasına keçid etmək bugünkü reallıqla uzlaşan, bir çox qərb ölkələrində ən effektiv model olaraq qəbul edilməkdədir. Bu məqalədə, haqqında danışılan keçidi ölkəmizdəki mövcud vəziyyətə uyğun olaraq tədqiq etməyə çalışacağıq.

Narkotik vasitələrdən sui-istifadə edən şəxslərə yardımın başlıca məqsədi həmin şəxsləri qınamaq, onlarla mübarizə aparmaq, aludəçiliklərini mənəvi günah kimi dəyərləndirmək, yaxud kriminallaşdırmaq olmamalıdır. Bunun bir neçə səbəbi var. Əvvəla, ona görə ki, tənqidi münasibət müalicəni deyil, tənqidin özünü əsas götürür və belə halda da, diqqət şəxsin yaşadıqları, təcrübələri və ehtiyaclarına deyil, əksinə, bugünki vəziyyətinin xarici təzahürünə yönəlir. Bu yanaşma qüsurlu və nəticəsizdir. İkinci məqam isə budur ki, mənəvi günah modeli şəxsin cəmiyyətdən daha çox təcrid edilməsinə gətirib çıxarır, bu isə öz növbəsində mövcud vəziyyəti daha da ağırlaşdırır.

Sosial yanaşmadan danışarkən, ilk növbədə sosial iş ixtisasının əhəmiyyətini vurğulamaq gərəkdir. Narkotik maddələrdən istifadəyə dair sosial iş (NMİSİ) başlıca olaraq narkotik maddələrin sui-istifadəsindən doğan çətinliklərin, şəxsin sosial və fərdi resurslarının bərpası yolu ilə asanlaşdırılması, yaxud tamamilə aradan qaldırılması ilə məşğul olur. Qeyri-abstinensiya yönümlü müalicə və profiklatika metodları sosial elmlər və sosial iş praktikası aspektlərindən təqdir edilən metodlardır. Bu metdoların kökündə şəxsin istifadəçi həyatına son qoymaq və onu cəmiyyətin “qəbul edilmiş” standartları ilə yaşamasına təhrik etmək deyil, şəxsə öz seçimini (yəni, narkotik maddələrdən istifadəni) özünə və ətrafına minimal zərərlə reallaşdırmasını təmin etmək dayanır.

Reallıq budur ki, cəmiyyətimizin narkotik vasitələrə dair siyasi reformalara və sosio-mədəni tərəqqiyə ciddi ehtiyacı var. Azərbaycanda narkotik maddələrə aludə olmuş şəxslərin, xüsusilə də narkotik maddələrdən istifadə edən yeniyetmələrin ehtiyacı olan sosial xidmətlərin, reabilitasiya və terapiya imkanlarının yaradılmasına tələb artmaqdadır. Təklif olunan terapiya və reabilitasiya imkanlarının genişləndirilməsi və daha əlçatan olması narkotik vasitələrə dair siyasətdə atılmalı olan ilk addımdır. Ölkəmizdə yeni inkişaf etməkdə olan sosial iş ixtisasının isə, həm də bu praktiki istiqamətdə mövqeləşdirilməsi, habelə asılı şəxslərin müalicə alarkən psixoloji, sosial və iqtisadi resurslarının bərpasında sosial işçilərin rolunun möhkəmləndirilməsi əsas şərtlərdən biridir.

                                                                      II hissə

Keçən müzakirəmizin davamı olaraq, narkotik maddələrdən istifadə edən şəxslərə sosial yardımın əsasları haqqında da danışmaq istərdik.

Ümumilikdə, narkotik maddələrdən sui-istifadə və asılılığı izah edən bir neçə müxtəlif hakim modellər və nəzəriyyələr mövcuddur. Buraya mənəvi davranış modeli, xəstəlik (tibbi) modeli, bio-psixo-sosial-mənəvi model, eləcə də sosial iş təcrübəsində əhəmiyyətli olan mədəniyyətə həssas yanaşma modeli daxildir. Sosial və davranış elmlərində narkotik maddə istifadəsi fərdin öyrənmə prosesinin bir hissəsi kimi görülür, buna görə də problemə çətin adaptasiyalaşma davranışı olaraq yanaşılır və məlumatlandırma prosesinin nəticəsi kimi baxılır. Belə yanaşma narkotik vasitələrdən sui-istifadənin səbəbini ətraf mühitdə və şəxsin sosial münasibətlərində axtarmağa imkan verir.

Çətin adaptasiyalaşma – özündə ətraf-mühitlə bağlı, ailəvi və yaxud sosial stressorlar daşıyan qeyri-sağlam yaşayış şəraitinə uyğunlaşa bilməmək deməkdir. Mənəvi və tibbi modellərdən fərqli olaraq, çətin adaptasiyalaşma modeli narkotik vasitələrdən sui-istifadəni günah, pis davranış və ya iradə gücünün zəifliyi kimi görmür, əvəzində narkotik vasitələrdən sui-istifadə edən şəxslərin müalicəsinə humanist yanaşmanı özündə əks etdirir. Sosioloji yanaşma həm də narkotik vasitələrdən sui-istifadəni cəmiyyətdə tətbiq olunan sosial və etik normalara, həmçinin, hər bir vətəndaşın qarşısında duran iqtisadi öhdəliklərə qarşı protest olaraq qiymətləndirir. Bu mənada, narkotik vasitələrdən sui-istifadə sosial təcrid və fərdi izolyasiyadır və yoxsulluq, işsizlik, marjinal qruplara aidlik, habelə etnik azlıq statusu kimi müxtəlif göstəricilər ilə bağlıdır.

Bu göstəricilər bilavasitə diskriminasiya və sosial bağlılığın azlığı ilə əlaqədardır. Qeyd edilməlidir ki, sosial nəzəriyyə narkotik maddələrdən sui-istifadəni olduğu kimi qəbul edib təqdir etməyi deyil, fərdi şəkildə tətbiq olunan tibbi müalicənin sosial müalicə ilə əvəz olunmasını təbliğ edir.

Bu qəlibdən olan daha bir humanist modeli də müzakirə etmək məqsədəuyğun olar. Yuxarıda qeyd edilənlərlə yanaşı, zərərin azaldılması cərəyanının ən mühüm hissəsindən biri də nəzarət olunan inyeksiya məkanlarıdır. İlk nəzarət olunan inyeksiya məkanı (NOİM) 1986-cı ildə İsveçrənin Bern şəhərində açılıb və qısa bir müddət ərzində əksər qərbi Avropa ölkələrinə, həmçinin Birləşmiş Krallığa və Kanadaya yayılıb.

Hazırda, NOİM-lərin sayı dünyada artmaq üzərədir. Bu məkanlarda narkotik maddələri venadaxili inyeksiya edən şəxslər steril vəsaitlərlə (məs. iynə, şprits, pambıq, qaşıq və s.) təmin edilir, həmçinin orada tibbi yardım, istirahət üçün şərait, paltar və münasib qiymətlərdə qida və içkilər təklif olunur. NOİM-lərin yaradılmasında başlıca məqsəd ictimai yerlərdə (məs.: parklarda, ictimai tualetlərdə) narkotik maddələrin istifadəsinin qarşısını almaq, həmçinin həmin yerlərdə yerə atılmış iynələrin yarada biləcəyi təhlükələri aradan qaldırmaq idi. Tədricən, NOİM-lərin venadaxili inyeksiya edən şəxslər arasında populyarlıq qazanması nəticəsində, həm ictimai yerlərdə mövcud xoşagəlməz səhnələr azalıb, həm də istifadəçi şəxslər arasında həddindən artıq dozanın səbəb olduğu ölüm hallarının sayı kəskin aşağı düşüb.

Bundan əlavə, zərərin azaldılması və asılılığın tədricən müalicəsi həmçinin digər proqramlar vasitəsilə də həyata keçirilir. Buraya “12-addım Minnesota proqramı” kimi özünə-kömək qruplarını aid etmək olar. Azərbaycanda 2015-ci ildən etibarən 12-addım özünə-kömək təşəbbüsü və eyni məqsədli digər qrup isə 2014-cü ildən etibarən “Anonim Narkomanlar” QHT-si nəzdində fəaliyyət göstərməkdədir. Proqramın məqsədi narkotik vasitələrdən asılı şəxslərin sərbəst olaraq qrup formalaşdırması və mütəmadi olaraq keçirilən görüşlər ərzində həmdərd şəxslərin qarşılıqlı dəstəyi və superviziyası sayəsində uzunmüddətli reabilitasiyanı təmin etməkdir.

Bu təşəbbüslərin dəstəklənməsi, eyni məqsədli qrupların təşkilində ciddi təhsilli və geniş təcrübəli mütəxəsisslərin artmasına isə ehtiyac böyükdür. Əskrə hallarda, özünə-kömək qruparlarını aparan şəxslərin özülərinin keçmiş təcrübələri onların həmdərd insanlarla daha keyfiyyətli ünsiyyət qurmasına səbəb olur. Məhz bu kontekstdə, ən yaxşı mütəxəssis nə zamansa özü sui-istifadəçi olmuş insandır.

Bugün, Azərbaycanda narkotik maddələrdən istifadə edən yeniyetmələr ən həssas qrup olaraq qalmaqdadır. Yeniyetmələrin narkotik maddələrdən sui-istifadəsinə professional kömək göstərilməsi üçün çətin adaptasiyalaşma və mədəniyyətə həssas yanaşma modelləri nəzərə alınmalıdır. Bu modellərin təcrübədə tətbiqi fərdi yanaşmanın keyfiyyətini artıra və uzunmüddətli reabilitasiyanı təmin edə bilər.

Bir sıra qərb ölkələrinin təcrübəsində sınaqdan keçirilmiş hər iki yanaşma və zərərin azaldılması metodları nəticəsində, yeniyetmələr arasında narkotik maddələrin istifadəsinə kiçik yaşlarda başlamanın qabağını alıb, narkotik maddələrdən sui-istifadə ilə assosiasiya olunan kriminal davranışı ciddi şəkildə azaldıb, yeni başlayan istifadəçilərin sayında və venadaxili heroin istifadəsində də azalma müşahidə edilib, həmçinin, həddindən artıq istifadənin səbəb olduğu ölüm hadisələrinin sayı əhəmiyyətli miqdarda aşağı düşüb. 

Dünya təcrübəsində mövcud, uğur qazanmış humanist və sosial yanaşmaların ölkəmizin reallığına uyğun olaraq sosio-mədəni adaptasiyası mühümdür. Bu addımın atılması üçün ilk olaraq biz fərdlər gündəlik davranış və düşüncələrimizdə mühakimə və diskriminasiyaya deyil, humanizm, inklüziya və sosial bərabərliyə yol açmalıyıq.

 

Paylaş:
6781

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər