“L’Opinione” qəzeti: Azərbaycan müxtəlif millətlərin və dinlərin sülh içində birgəyaşama nümunəsidir
İtaliyanın “L’Opinione” qəzetində tədqiqatçılar Ciorcia Pilar və Domeniko Letizianın müəllifi olduqları “Azərbaycan və İsrail: iqtisadi əməkdaşlıq və multikulturalizm arasında” adlı məqalə dərc olunub.
Məqalədə Azərbaycanın müxtəlif millətlərin və dinlərin sülh içində birgəyaşama nümunəsi olması, Azərbaycanda müxtəlif dinlərə mənsub insanların etiqad azadlığının Konstitusiya ilə qorunması, bu istiqamətdə hökumətin apardığı siyasət barədə danışılır. Əhalisinin mütləq əksəriyyətinin müsəlman olduğu Azərbaycanın, eyni zamanda, xristianlığın ən qədim məskənlərindən olduğu, ölkədə xristian və yəhudi icmalarının da yaşadığı və Azərbaycan dedikdə tolerantlıq və müxtəlif inancların qarşılıqlı hörmətinin başa düşüldüyü bildirilir. Bunun bariz nümunəsi kimi Azərbaycan və İsrail arasında siyasi, iqtisadi və xalqlararası münasibətlərdən danışan müəlliflər bildirirlər ki, Azərbaycan İsraillə yaxın əlaqələrə malik azsaylı müsəlman ölkələrindən biridir və burada yəhudi icması cəmiyyətin ayrılmaz tərkib hissəsidir.
Yazıda İsrailin Baş naziri Benyamin Netanyahunun ötən ilin sonlarında Azərbaycana səfəri barədə söhbət açılır, hər iki ölkə liderlərinin Azərbaycan-İsrail əməkdaşlığı və Azərbaycanda müsəlmanların və yəhudilərin sülh içində birgəyaşayışının dünyaya nümunə olması barədə fikirlərə yer verilir.
Məqalədə, habelə yəhudi icmasının Azərbaycandakı həyatı, ölkəmizin paytaxtında və digər şəhərlərində çoxsaylı sinaqoqların, məktəblərin fəaliyyət göstərdiyi, Azərbaycan-İsrail əməkdaşlığının müxtəlif sahələri, o cümlədən enerji, yüksək texnologiyalar, müdafiə, təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı sahələrini əhatə etdiyi, iki ölkə arasında iqtisadi sahədə önəmli razılaşmaların əldə olunduğu, İsrailin Azərbaycan neftinin ən böyük alıcılarından olduğu və bu ölkənin neft təchizatının 40 faizinin Azərbaycanın payına düşdüyü, habelə İsrailin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində fəal iştirak etdiyi barədə söhbət açılır.
Müəlliflər məqalənin sonunda qeyd edirlər ki, əsası 1990-cı illərdə qoyulmuş Azərbaycan-İsrail münasibətləri bu gün siyasi və iqtisadi sahələrdə yüksək səviyyəyə çatıb və iki ölkəni bir-birinə bağlayan önəmli qarşılıqlı maraqlar növbəti illərdə əlaqələrin daha da inkişafına zəmin yaradır.
Məqalənin tam mətni ilə http://www.opinione.it/esteri/2017/04/13/giorgi-letizia_esteri-13-04.aspx linkindən tanış olmaq mümkündür.
AZƏRTAC