Macarıstan Azərbaycanın Aİ ilə danışıqlar prosesinə tam dəstək verir
Xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri və mümkün əməkdaşlıq sahələri barəsində fikir mübadiləsi aparılıb. Həmçinin, çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi qeyd edilib. Tərəflər ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.
E. Məmmədyarov həmkarının Macarıstana səfər dəvətini məmnuniyyətlə qəbul etdiyini vurğulayıb. O, tərəf müqabilinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son durumu barəsində məlumat verib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu və münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi çərçivəsində nizamlanmalı olduğunu diqqətə çatdırıb.
P.Siyarto Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi üzrə danışıqların başlanması prosesinə Macarıstanın tam dəstək verdiyini bildirib. Görüşdə nazirlər, həmçinin gündəlikdə olan layihələr, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizi barəsində geniş fikir mübadiləsi aparıblar.
Sonda E.Məmmədyarov Şərq Tərəfdaşlığına Macarıstanın prezidentliyinin başlandığını bildirərək, Macarıstanın prezidentliyinin uğurlu keçəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Pərvanə Sultanova