Prezidentin göstərişi ilə ağac kəsən şirkət cərimələnib, tikinti dayandırılıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezidentin göstərişi ilə ağac kəsən şirkət cərimələnib, tikinti dayandırılıb

14:34 - 15 / 04 / 2017
Prezidentin göstərişi ilə ağac kəsən şirkət cərimələnib, tikinti dayandırılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisi dayandırılıb.

1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir.

Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Məsələ ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə Azərbaycan Prezidenti İlham Əliyev kəskin reaksiya göstərib, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.

Yasamal rayonu, Mətbuat prospektində əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb.

Ölkəmizdə yaşıllıqların salınması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, qanunsuz ağac kəsilmələrinə qarşı müxtəlif tədbirlər aparılması, ağacəkmə aksiyalarının keçirilməsinə baxmayaraq, mövcud yaşıllıqların məhv edilməsi, ağacların qanunsuz kəsilməsi təbii ki, yolverilməzdir.

Xatırladaq ki, Prezident İlham Əliyev daha öncə bir neçə dəfə ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməsinin, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini bildirib.

1news.az

Paylaş:
778

Son xəbərlər

Bütün xəbərlər