Türkiyə referendumdan sonra - Bayram edənlər və qazanla etiraza çıxanlar - FOTO
Dünən Türkiyədə konstitusiyaya dəyişikliklərlər bağlı xalq səsverməsi baş tutdu.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 81 vilayətdə keçirilən səsvermənin nəticələrinə əsasən dəyişikliklərə “HƏ” deyənlər üstünlük təşkil edib.
Səsvermədə 47 milyon 527 min 543 nəfər iştirak edib. Onlardan 51,18 faizi (24 milyon 325 min 817 nəfər) “HƏ” deyib. 48,82 faiz isə (23 milyon 201 min 726 nəfər) isə “YOX” deyib.
Beləliklə, xalq səsverməsində “HƏ” deyənlər qalib gəlib.
Səsvermənin qeyri-rəsmi nəticələri açıqlandıqdan sonra Rəcəb Tayyib Ərdoğan tərəfdarları küçələrə axışaraq gecə saatlarına qədər qələbəni bayram ediblər.
Uşaqdan yaşlıya qədər hər kəs şüarlarla, musiqilərlə, bayraqlarla meydanlarda zəfər sevinci yaşayıblar.
Ərdoğan sevənlər müxtəlif plakatlarla öz dəstəklərini nümayiş etdiriblər.
Bundan başqa, “YOX” deyənlər səsvermənin nəticəsi ilə razılaşmayıblar və saxtakarlıq edildiyini iddia ediblər. Minlərlə etirazçı da gecə saatlarında küçələrə axışaraq mitinq keçiriblər.
Bəzi vətəndaşlar səslərini eşitdirmək üçün maraqlı üsula əl atıblar. Onlar əllərinə qab-qacaq, qazan alaraq etirazlarını bu formada nümayiş ediblər.
Qeyd edək ki, referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.
Fərid Ədalət