Bakıda şəhidin abidəsini götürdülər, adına salınmış parkı sökdülər… - FOTO
Bakının Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 52-də yerləşən "Şəhidlər parkı” sökülərək yerində çoxmərtəbəli bina tikilir.
1news.az virtualaz.org-a istinadən xəbər verir ki, şəhid Şahin Səməd oğlu Məmmədovun adının əbədiləşdirilməsi məqsədilə çəkilmiş xatirə bulağı və abidəsi isə götürülərək parkın hazırda xarabalığı xatırladan ərazisinə köçürülüb.
Məzahir Rüstəmov küçəsinin sakinlərinin sözlərinə görə, bir neçə gün əvvəl gecə saatlarında parkın aşağı hissəsi hasarlanıb və katlavan qazıntısına başlanılıb. Sakinlər tikintinin dayandırılmasına etiraz ediblər, əraziyə polis dəvət olunub.
Tikinti şirkətinin nümayəndəsi isə parkın ərazisinin satın alındığını, bunu təsdiqləyən sənədlərin olduğunu deyib.
Park mərhum prezident Heydər Əliyevin xeyir-duası ilə 1998-ci ildə şəhid Şahin Məmmədovun atası Səməd Məmmədov tərəfindən abadlaşdırılmışdı. Sakinlər deyirlər ki, bu parkın qara günləri şəhidin atası dünyasını dəyişəndən sonra başlayıb.
Park ətrafdakı 7 binanın sakinlərinin istirahət etməsi üçün yeganə məkan idi. Parkın ətrafında iki məktəb, bir uşaq bağçası yerləşir.
Parkdakı meyvə ağazları quruyub. Sakinlər binaya gedən yolun tikintisi zamanı çoxillik ağacların qırılacağından da narahatdılar.
Xətai Rayon İcra Hakimiyyəti sakinlərin çoxsaylı müraciətlərini qulaqardına vurub.
Rayon icra hakimiyyətindən isə sualları cavablandıracaq səlahiyyətdə olan əməkdaşın hazırda işdə olmadığını bildirilib.
1news.az