Uçan mobil rabitə stansiyasının sınaqları keçirilib
ABŞ-ın “Verizon” telekommunikasiya şirkəti “4G” standartlı rabitə avadanlığı ilə təchiz edilən pilotsuz uçan aparatın uğurlu sınağını keçirib.
1news.az ICTnews-a istinadən xəbər verir ki, perspektivdə belə uçan aparatlardan təbii fəlakətlərdən ziyan çəkən yerlərdə rabitənin bərpası üçün uçan mobil rabitə stansiyaları kimi istifadə planlaşdırılır.
“RS-20” pilotsuz uçan aparatının uğurlu sınaq uçuşları 914 metr hündürlükdə aparılıb. Aparatın qanadlarının uzunluğu 5,2 metr, maksimal uçuş çəkisi 24,9 kq təşkil edir. Buraxılışı üçün pnevmatik katapultdan istifadə olunan “RS-20” havada 16 saat qalmaqla 6,7 km hündürlüyə qalxıb.
Məlumata görə, bu ilin mayında “Verizon” pilotsuz uçan aparatı xilasetmə xidmətlərinin genişmiqyaslı təlimləri zamanı sınaqdan keçirmək niyyətindədir. Təlimlər zamanı təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması taktikası məşq ediləcək.
Qeyd edək ki, oxşar sınaqları bu ilin fevralında ABŞ-ın “AT&T” rabitə operatoru keçirib. Şirkət təbii fəlakətlərdən ziyan çəkən yerlər üçün uçan mobil rabitə stansiyası qismində bənd edilən “Flying COW” (Flying Cell on Wings) adlanan drondan istifadə etmək niyyətindədir. Aparat 104 kvadrat km. ərazidə dayanıqlı rabitəni təmin edə bilən “LTE” (4G) standartlı siqnalın ötürülməsi və qəbulu avadanlığı ilə təchiz edilib.
1news.az