Tramp İranla müharibənin tezliklə başa çatacağını açıqladı: "Nüvə silahı istehsal etməyəcəklərinə dair zəmanət istəyirik" | 1news.az | Xəbərlər
Dünya

Tramp İranla müharibənin tezliklə başa çatacağını açıqladı: "Nüvə silahı istehsal etməyəcəklərinə dair zəmanət istəyirik"

Qafar Ağayev16:23 - Bu gün
Tramp İranla müharibənin tezliklə başa çatacağını açıqladı: "Nüvə silahı istehsal etməyəcəklərinə dair zəmanət istəyirik"

ABŞ Prezidenti Donald Tramp İranla hərbi qarşıdurmanın yaxın vaxtlarda başa çatacağını gözlədiyini bildirib.

O, bunun üçün Tehranın nüvə silahı hazırlamayacağına dair qəti zəmanət verməli olduğunu vurğulayıb.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp bu barədə noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində Kanzas-Sitidə fəaliyyət göstərən KCMO radiostansiyasına müsahibəsində danışıb.

ABŞ Prezidenti İranla müharibənin nə vaxt və hansı şərtlərlə başa çatacağına dair konkret təfərrüatları açıqlamayıb.

"Bu, tezliklə başa çatacaq. İranın heç vaxt nüvə silahı istehsal etməyəcəyinə dair zəmanətə ehtiyacımız var", - deyə Tramp bildirib.

O, Tehranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini də qeyd edib.

"Əgər İranın nüvə silahı olsaydı, onlara "cənab" deyə müraciət edərdim. Amma bunu etməyəcəyəm", - ABŞ lideri əlavə edib.

Tramp qarşıdurmanın tarixinə toxunaraq, müharibəni ABŞ-nin başlamadığını iddia edib. Onun sözlərinə görə, İran 1979-cu ildən ABŞ ilə müharibə aparır.

ABŞ Prezidenti Tehranla danışıqların aparılması məsələsində də çətinliklər olduğunu etiraf edib. O bildirib ki, İran rəhbərliyində baş verənlər səbəbindən Vaşinqtonun kiminlə danışıqlar aparacağını müəyyənləşdirməsi çətinləşib.

"Onların rəhbərləri elə vəziyyətdədir ki, kiminlə danışıqlar aparacağımızı bilmirik. Amma bunlar əhəmiyyətsiz detallardır", - Tramp deyib.

Xatırladaq ki, Tramp daha əvvəl ABŞ-nin noyabrın 3-də keçiriləcək seçkilərdən əvvəl İrana zərbə endirməyəcəyini bildirmişdi.

CENTCOM komandiri Trampa İranla bağlı hərbi planları təqdim edib

"The Wall Street Journal" (WSJ) qəzetinin yaydığı məlumata görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Maykl Erik Kurilla İranla bağlı mümkün hərbi əməliyyatlar barədə Trampa şəxsən məruzə edib.

Nəşr bu barədə adları açıqlanmayan amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, görüşdə ABŞ-nin müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn də iştirak edib.

WSJ yazır ki, CENTCOM komandanının birbaşa prezidentə məruzə etməsi nadir hallarda baş verən hadisədir. Nəşr bunu ABŞ-nin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşa biləcəyinin göstəricisi kimi qiymətləndirib.

Vaşinqtonda İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı siyasi etirazlar da səsləndirilib.

Demokrat senator Kris Merfi sosial şəbəkə hesabında bir qrup senatorla birlikdə onlara təqdim olunan İrana zərbə planlarını "ağılsız" adlandırıb.

Senator bu planların ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

"Bu addım gərginliyin dağıdıcı şəkildə artmasına səbəb olacaq və böyük ehtimalla hüququn aliliyinə sadiqliyimizi məhv edəcək", - deyə Merfi bildirib.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər