Əfv gözləyən Cənubi Koreyanın sabiq prezidentinə edam cəzası istənildi | 1news.az | Xəbərlər
Dünya

Əfv gözləyən Cənubi Koreyanın sabiq prezidentinə edam cəzası istənildi

Qafar Ağayev17:33 - Bu gün
Əfv gözləyən Cənubi Koreyanın sabiq prezidentinə edam cəzası istənildi

Cənubi Koreyanın keçmiş prezidenti Yoon Suk Yeol barəsində ömürlük həbs hökmünün ağırlaşdırılaraq edam cəzası ilə əvəz edilməsi tələb olunub.

1news.az xəbər verir ki, xüsusi prokuror Ço Ehun Sukun rəhbərlik etdiyi qrup apellyasiya məhkəməsində keçmiş dövlət başçısına verilən cəzanın törədilən əməlin ağırlığına uyğun olmadığını bildirib.

Prokurorluq nümayəndəsi çıxışında Yoonun konstitusiyaya sadiq qalacağına dair and içməsinə baxmayaraq, hərbçiləri əməliyyatlara cəlb etdiyini vurğulayıb.

"Edam cəzasının təyin edilməsinə tərəddüd etmək üçün heç bir əsas yoxdur. Bu cəzaya qarşı ən güclü arqument mümkün yanlış hökm ehtimalıdır. Lakin bu işdə belə bir ehtimal yoxdur", - deyə o bildirib.

Prokurorluq nümayəndəsi hadisəni konstitusiya quruluşunu dağıtmağa və ölkəni 40 il geriyə aparmağa yönəlmiş bağışlanmaz cinayət adlandırıb. Qeyd olunub ki, ölkədə edam cəzasının faktiki icra edilməməsi onun təyin olunmasına mane olmamalıdır.

Beynəlxalq Amnistiya Təşkilatı Cənubi Koreyanı edam cəzasını faktiki olaraq ləğv etmiş ölkələr sırasına daxil edir. Ölkədə sonuncu edam hökmü 1997-ci ilin dekabrında icra olunub.

Cənubi Koreyanın cinayət qanunvericiliyinə əsasən, üsyana rəhbərlik edən şəxs edam, ömürlük həbs və ya ağır əmək nəzərdə tutulmayan ömürlük həbs cəzasına məhkum edilə bilər.

Xatırladaq ki, Yoon Suk Yeol 3 dekabr 2024-cü ildə müxalifətin dövlət əleyhinə fəaliyyətlərdə iştirak etdiyini əsas gətirərək hərbi vəziyyət elan edib. Milli Assambleyanın qərarı ləğv etməsindən sonra o, geri çəkilməli olub.

Parlament 14 dekabr 2024-cü ildə onun impiçmentini dəstəkləyib. Konstitusiya Məhkəməsi isə 4 aprel 2025-ci ildə Yoonun prezident vəzifəsindən kənarlaşdırılmasını təsdiqləyib.

2026-cı ilin fevralında Yoon Suk Yeol hərbi vəziyyət elan etməklə "üsyana rəhbərlik etməkdə" təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. Hazırda həmin hökmə qarşı apellyasiya şikayətinə baxılır.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər