Prezident: "Azərbaycan- Avropa İttifaqı əməkdaşlığı Malta tərəfindən dəstəklənir"
Xarici işlər naziri Elmar Məmmədyarov Maltanın prezidenti xanım Mari-Luiz Koleyro Preka ilə görüşüb.
1news.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə prezident Mari-Luiz Koleyro Preka 2016-cı ilin may ayında Bakıda keçirilmiş BMT-nin Sivilzasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Azərbaycana etdiyi səfərini xatırlayaraq, bu kimi tədbirlərin Azərbaycanda keçirilməsinin təsadüf olmadığını vurğulayıb, bunun ölkəmizin dinlərarası və sivilzasiyalararası dialoqa verdiyi töfhənin təzahürü kimi qiymətləndirib. Azərbaycanın yüksək tolerantlıq və multikulturalizm modelinin bütün dünya üçün bir nümunə olduğunu qeyd edən xanım prezident, həmçinin 2017-ci ilin may ayında Azərbaycanda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edib.
O, Azərbaycan və Malta arasında son dövrlərdə qurulmuş yüksək səviyyəli əlaqələrdən məmnunluğunu bildirib və əməkdaşlığın daha da irəlilədilməsi üçün yeni sahələrin müəyyən edilməsinin vacibliyini vurğulayıb. Xüsusilə turizm sahəsində əlaqələrin təşviq edilməsinin əhəmiyyətini qeyd edərək, bunun xalqlararası təmasların gücləndirilməsinə xidmət göstərdiyini və ölkələrimizi daha yaxından tanımağa imkan yaratdığını deyib.
Prezident Mari-Luiz Koleyro Preka Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının Malta tərərfindən dəstəkləndiyini və bu əməkdşalığın regional sabitlik üçün önəmli olduğunu bildirib.
Nazir Elmar Məmmədyarov Maltaya səfərindən məmnunluğunu ifadə edərək, səfər çərçivəsində keçirdiyi görüşlərin çox məhsuldar olduğunu qeyd edib. E.Məmmədyarov ikitərəfli əlaqələrlə yanaşı, Maltanın Avropa İttifaqına sədrliyini nəzərə alaraq, Azərbaycan və Avropa İttifaqı arasında ələqlərin irəlilədilməsində Maltanın rolunu vurğulayıb, Avropa İttifaqı ilə hazırda müzakirə edilən tərəfdaşlıq sazişi üzrə aparılan danışıqlar barəsində məlumat verib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan E. Məmmədyarov münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli edilməli olduğunu və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğunu diqqətə çatdırıb.
Sonda E.Məmmədyarov prezident Sarayının xatirə kitabına ürək sözlərini yazıb.
Pərvanə Sultanova