Mehriban Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib – FOTO - YENİLƏNİB
Aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva iclasda çıxış etdi.
Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çıxışı:
“Hörmətli tədbir iştirakçıları.
IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılışına bir aydan da az vaxt qalır və bu gün Təşkilat Komitəsinin yekun iclasını keçiririk. Biz gərək əmin olaq ki, paytaxtımız Oyunların açılışına və keçirilməsinə tam şəkildə hazırdır, bütün lazımi tədbirlər görülüb, addımlar atılıb, yarışların keçirilməsi ilə bağlı və bütün istiqamətləri əhatə edən tədbirlər planı cavabdeh strukturlar tərəfindən yerinə yetirilir.
Azərbaycanda çox vacib irimiqyaslı beynəlxalq tədbirlər keçirilir və hər bir belə tədbirin təşkili ən yüksək rəylər qazanıb. Biz hər bir məsələyə çox məsuliyyətlə yanaşırıq və Azərbaycanın maraqlarını, beynəlxalq imicini üstün tutaraq, ölkəmiz və xalqımız üçün layiqli nailiyyətlər əldə etməyə çalışırıq. Son illər Azərbaycanın paytaxtında bir çox böyük beynəlxalq idman yarışları – həm Avropa, həm də dünya çempionatları keçirilir. Ümumi rəyə görə bu tədbirlər təşkilati baxımdan çox yüksək səviyyədə hazırlanır və keçirilir. 2015-ci ildə Bakıda birinci Avropa Oyunları böyük uğurla keçirilmişdi. Bu Oyunlar Avropanın Olimpiya tarixində yeni səhifə açmışdı. Ümumi rəyə görə Azərbaycan dövləti birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində təşkil etmişdir. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları da mükəmməl hazırlanmışdır və keçirilmiş Oyunlar kimi tarixdə qalacaqdır.
Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Azərbaycan bütün müsəlman ölkələri ilə əlaqələrini dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qurur və bu sahədə böyük uğurlara nail olub. Əfsuslar olsun ki, bir sıra müsəlman ölkələrində müharibə gedir, yeni münaqişələr, təhlükələr yaranır, İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır. Heç bir dinin, o cümlədən İslam dininin terrorla heç bir əlaqəsi ola bilməz. Din özü-üzlüyündə terroru rədd edən amildir və İslam dini sülh, mərhəmət dinidir. Hesab edirəm ki, bütün müsəlman aləminin bir araya gəlməsi, dostluq, qardaşlıq, sülh, əməkdaşlıq amilləri ətrafında birləşməsi həm böyük bir idman bayramına çevriləcək, həm də müsəlman aləmində, müsəlman ölkələri arasında olan əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
Ölkəmiz artıq bütün dünyada idman məkanı kimi tanınıb. Azərbaycanda idmanın, Olimpiya hərəkatının inkişafına dövlətimizin verdiyi dəstək bütün dünya tərəfindən çox yüksək qiymətləndirilir. Aparılan siyasətin nəticəsi isə göz qabağındadır. İlk növbədə, bu, əlbəttə ki, Azərbaycan idmançılarının son illər ərzində əldə etdikləri nailiyyətlərdir. Ötən il Rio Yay Olimpiya Oyunlarında bizim idmançılarımız 18 medal qazanaraq medalların sayına görə müsəlman ölkələri sırasında birinci yeri tutmağa nail olmuşlar. Siz yaxşı xatırlayırsınız ki, birinci Avropa Oyunları zamanı bizim yığma komandamız 56 medal qazanaraq ikinci yeri tutmuşdur. Əlbəttə, belə nəticələrlə bütün xalqımız fəxr edir və bu, Azərbaycan dövlətinin potensialının, Azərbaycan xalqının qabiliyyətinin göstəricisidir. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları zamanı da idmançılarımız bizi sevindirəcəklər, bizə qələbə sevinci bəxş edəcəklər.
Oyunlarda 57 ölkəni təmsil edən 3 mindən çox idmançının iştirakı gözlənilir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxta qədər keçirilən İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmamışdır. Atletlər 10 gün ərzində 16 yarış məkanında 23 idman növü üzrə mübarizə aparacaqlar, Oyunların sonunda 1600 medalın təqdim edilməsi nəzərdə tutulub. Yarışlar 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə, ümumilikdə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir.
Oyunların uğurla keçirilməsində könüllülərin rolu xüsusi yer tutur. Hamımız yaxşı xatırlayırıq ki, birinci Avropa Oyunları zamanı bizim gənclər çox gözəl, çox bacarıqlı, peşəkar iş nümayiş etdirdilər. Oyunlar zamanı onların xidməti bir çox qurumlar - həm beynəlxalq, həm də yerli qurumlar tərəfindən xüsusi vurğulandı. İslam Həmrəyliyi Oyunlarının keçirilməsində 8 mindən çox könüllü iştirak edir və əminəm ki, bu dəfə də gənclərimiz öz vətənpərvərliyini, peşəkarlığını, qonaqpərvərliyini, bacarıq və zəkalarını nümayiş etdirəcəklər.
Bu günə qədər Təşkilat Komitəsi tərəfindən Oyunların uğurla keçirilməsi üçün bir çox tədbirlər görülüb və ümumiyyətlə, demək olar ki, şəhərimiz Oyunların açılışına hazırdır.
Nəqliyyat sisteminin koordinasiyası ən vacib məsələlərdən biridir. Bunu keçmiş təcrübəmizdən də bilirik və biz burada bir neçə istiqamətdə çalışmalıyıq. İdmançıların idman obyektlərinə vaxtında və təhlükəsiz çatmaları, tamaşaçıların müxtəlif idman infrastrukturlarına gediş-gəlişi və əlbəttə, Oyunlar zamanı şəhər sakinlərinin rahat hərəkət etməsi təmin olunmalıdır. Əlbəttə, ümumi təhlükəsizlik məsələlərinə xüsusi diqqət göstərilməlidir. İnformasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunması, turizm marşrutlarının və mədəni proqramların tərtib edilməsi kimi məsələlərə diqqət yetirilməlidir. Hərtərəfli tibbi xidmətin təmin edilməsi vacibdir. Bir sözlə, heç bir məsələ diqqətdən kənarda qalmamalıdır.
Qeyd etdiyim kimi, bu gün bizim son iclasımızdır. Gərək biz əmin olaq ki, bütün məsələlərə diqqətlə yanaşmışıq və Oyunların ölkəmizdə uğurla keçməsinə tam şəkildə hazırıq. Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir. Bunun üçün bütün şərait var. Dövlət tərəfindən dəstək var. Təşkilat Komitəsi çox uğurla çalışıb, komanda var, könüllülər hazırdır. Əminəm ki, ölkəmizin zəngin, şanlı tarixində növbəti mühüm nailiyyəti əldə edə biləcəyik”.
x x x
İndi isə Oyunlara hazırlıq haqqında daha geniş informasiya vermək üçün gənclər və idman naziri Azad Rəhimova söz verilir.
x x x
Gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad RƏHİMOV çıxış edərək dedi:
- Hörmətli Birinci vitse-prezident.
Ölkəmizin ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyətinizə - Azərbaycan mədəniyyətinin geniş təbliği, mədəni, mənəvi və tarixi irsimizin qorunub saxlanılması və inkişaf etdirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində və çoxsaylı digər işlərdəki fədakar fəaliyyətinizə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Ölkəmizdə və ölkədən kənarda keçirilmiş bir sıra qlobal tədbirlər - “Eurovision” mahnı müsabiqəsi, Azərbaycan muğamının qorunması və təbliği, bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil olması, Sivilizasiyalar Alyansının Qlobal Forumu, xüsusilə də birinci Avropa Oyunları məhz Sizin rəhbərlik etdiyiniz Təşkilat Komitəsinin fəaliyyəti nəticəsində çox yüksək səviyyədə təşkil edilib. Birinci Avropa Oyunları nəinki bizim, hətta bütün dünya ictimaiyyətinin yaddaşında ən möhtəşəm şəkildə təşkil edilmiş idman tədbiri kimi qalacaq.
IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə rəhbərliyiniz Oyunların yüksək səviyyədə keçirilməsinə əsas zəmanətdir.
Azərbaycan hər zaman İslam sivilizasiyasının mərkəzlərindən biri olub, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib və İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi və ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımı olub.
İyirmi bir gündən sonra başlayacaq İslam Oyunları zamanı bütün İslam dünyasının nəbzi Azərbaycanda döyünəcək.
Bildiyiniz kimi, Oyunların Təşkilat Komitəsi Prezident İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı ilə yaradılıb və 2015-ci il noyabrın 1-də Sizin tapşırığınıza əsasən İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi fəaliyyətə başlayıb. Əməliyyat Komitəsində 16 ölkəni təmsil edən 100 xarici və 1400 yerli mütəxəssis çalışır. Artıq qeyd edildiyi kimi, Oyunların açılış və bağlanış mərasimlərində, o cümlədən idman tədbirləri zamanı yardım göstərmək üçün 8 mindən çox könüllü səfərbər etmişik. İşçi qüvvəsinin və könüllülərin təlim prosesi başa çatmaq üzrədir. Bundan əlavə, Əməliyyat Komitəsinin tərkibində müxtəlif sahələrdə təxminən 14 minə qədər podratçı çalışır.
Əməliyyat Komitəsinin yarandığı vaxtdan gündəlikdəki əsas məsələlərdən biri İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan bütün Milli Olimpiya komitələri ilə danışıqların aparılması və onların bu yarışlarda iştirakını təsdiqləmək olub. Bu gün məmnunluqla qeyd etmək istərdim ki, İƏT-ə üzv olan bütün 57 ölkədən 3 mindən çox idmançının iştirakı təsdiq edilib. Üzv dövlətlərin maksimal sayda iştirakı İslam Həmrəyliyi Oyunlarının tarixində bir rekorddur.
Həmçinin Oyunlarda 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edəcək.
Yarışların cədvəli tam hazırdır. Bununla yanaşı, artıq komanda yarışlarının püşkatma mərasimi də keçirilib. İdman Əməliyyat Proqramı çərçivəsində 20 idman növünün formatı və standartı müvafiq Beynəlxalq İdman Federasiyaları ilə razılaşdırılıb. Eyni zamanda, antidopinq laboratoriyası təşkil edilib.
Yarışlar 17 müxtəlif idman obyektində keçiriləcək. Bununla yanaşı, Oyunlar zamanı 21 qeyri-yarış məkanından istifadə olunacaq. Nəzərdə tutulan bütün idman obyektləri Oyunlara tam hazırdır.
Bütün idmançılar, məşqçilər, komanda rəsmiləri və texniki heyət Atletlər kəndində yerləşdiriləcək. Onu da qeyd etmək lazımdır ki, Atletlər kəndində 5544 yataq yeri var. IV İslam Həmrəyliyi Oyunları zamanı Atletlər kəndinin maksimal imkanlarının 90 faizdən çox istifadə edilməsi nəzərdə tutulur. Atletlər kəndi rəsmi olaraq may ayının 1-də açılacaq.
Oyunlar zamanı yerli iaşə podratçısı qonaqları 195 min ədəd yemək dəsti ilə təmin edəcək. Atletlər kəndində yerləşəcək 5 minə qədər beynəlxalq iştirakçının təhlükəsizlik və sağlamlıq məsələləri də bizim öhdəmizə düşür.
Birinci Avropa Oyunları zamanı əldə edilmiş inventar və avadanlıqların qorunub saxlanılmasına ciddi nəzarət təmin olunması bizə İKT avadanlıqları, mebel, yataq dəstləri, digər təchizat məsələlərini əlavə vəsait cəlb etmədən həll etmək imkanı verib. Yarışların keçirilməsi üçün lazım olan bütün digər avadanlıqlar da artıq Bakıya gətirilib.
Oyunlar zamanı təhlükəsizlik işlərinə nəzarət dövlət təhlükəsizlik orqanları tərəfindən həyata keçiriləcək. Birgə təhlükəsizlik mərkəzi hazırda Əməliyyat Komitəsinin ofisində fəaliyyət göstərir.
Yarışlar zamanı nəqliyyatın təmin edilməsi və hərəkəti ilə bağlı əməliyyat planında mövcud olan bütün məsələlər həll olunub. Oyunlar dövründə 144 Neoplan avtobusu, 20 Sprinter avtobusu və 206 taksi xidmətə cəlb ediləcək. Bakı Nəqliyyat Agentliyi 750 sürücü ayırıb və hazırda onların təlimləri davam etdirilir. Yarış müddətində ictimai nəqliyyatın iş qrafiki müvafiq dövlət müəssisələri ilə razılaşdırılıb.
Nəqliyyat əməliyyat proqramı çərçivəsində Atletlər kəndinin arxasındakı avtobus deposu Oyunların tələblərinə tam uyğun olaraq yenidən işə başlayıb. Bundan əlavə, əhali üçün nəqliyyat məhdudiyyətinin aradan qaldırılması məqsədilə Atletlər kəndi yaxınlığındakı ictimai nəqliyyat mərkəzinin yeri dəyişdirilib.
Fürsətdən istifadə edərək, nəqliyyatla bağlı məsələlərin həllində bizə göstərdikləri yardıma görə bütün müvafiq dövlət qurumlarına minnətdarlığımızı bildiririk.
Oyunlar üçün bütün texnoloji sistemlər və infrastruktur tam hazırdır. Texnologiyanın hazırlıq səviyyəsi bütün obyektlərdə bu həftə ərzində test edilir.
Oyunların proqramına daxil edilmiş 165 idman yarışına tamaşa etmək üçün 500 mindən çox bilet satışa çıxarılıb.
IV İslam Həmrəyliyi Oyunlarının yayım hüququ üçün yerli yayım şirkəti ilə müqavilə bağlanıb. Açılış və bağlanış mərasimlərinin, o cümlədən futbol yarışlarının canlı yayımlanması planlaşdırılır. Digər yarışlar tamaşaçılara idman bülleteni formatında təqdim ediləcək. Oyunların, həmçinin Olimpiya kanalı vasitəsilə yayımlanması nəzərdə tutulub.
Oyunların 24 beynəlxalq və 17 yerli səfiri Oyunlar haqqında məlumatları geniş sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyətinə çatdırırlar. Onlar, həmçinin İslam dəyərləri haqqında ictimaiyyət arasında müsbət fikrin formalaşmasına da xidmət edirlər.
IV İslam Həmrəyliyi Oyunlarına olan böyük maraq və diqqətin nəticəsidir ki, tədbirin 8 yerli və 5 beynəlxalq sponsoru var.
Oyunların açılış və bağlanış mərasimlərinin təşkilində 31 müxtəlif ölkədən 5 mindən çox əməkdaş fəaliyyət göstərir. Mərasimlərdə 8 ölkədə istehsal olunmuş səhnə avadanlığından istifadə olunacaq. Bu mərasimlər Bakı Olimpiya Stadionunda baş tutacaq. Mərasim iştirakçısı olmaq üçün 9 min azərbaycanlı gənc Əməliyyat Komitəsinə müraciət edib və onlardan 4 mini seçilib.
Əməliyyat Komitəsi fəaliyyətə başladığı gündən İslam Həmrəyliyi İdman Federasiyası ilə sıx əməkdaşlıq qurub. Son 18 ay ərzində İslam Həmrəyliyi İdman Federasiyası Koordinasiya Komissiyasının 5 iclası, Milli Olimpiya komitələrinin toplantıları, seminarları və İslam Həmrəyliyi İdman Federasiyası ilə Birgə İşçi Qrupunun bir çox iclasları keçirilib.
Qeyd etmək istərdim ki, nailiyyətlərimiz burada iştirak edən dövlət qurumları ilə sıx əməkdaşlıq nəticəsində əldə olunub və buna görə hamınıza dərin təşəkkürümü bildirirəm.
Sonda IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına 21 gün qalmış əminliklə bəyan etmək istərdim ki, biz Oyunların müvəffəqiyyətlə keçirilməsinə hazırıq. Ümidvaram ki, bu Oyunları da nümunəvi şəkildə keçirəcəyik. Azərbaycanın bacarığını, həmrəylik və dostluq dəyərlərinin təşviqinə töhfəsini beynəlxalq aləmə bir daha nümayiş etdirəcəyik. Diqqətinizə görə çox sağ olun.
X X X
Mehriban ƏLİYEVA: Çox sağ olun. İndi isə təhlükəsizlik məsələləri haqqında. Ramil müəllim, buyurun.
X X X
Daxili işlər naziri Ramil USUBOV çıxış edərək dedi:
- Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım.
Hörmətli müşavirə iştirakçıları.
Məruzə edirəm ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı ilə IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldıqdan dərhal sonra Daxili İşlər Nazirliyi tərəfindən ciddi hazırlıq işlərinə başlanılıb. Dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin tam və vaxtında yerinə yetirilməsi üçün nazirlikdə xüsusi tədbirlər planı təsdiqlənərək icraya yönəldilib.
Oyunlar ərəfəsində və dövründə asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək daxili işlər orqanlarının fəaliyyətinin koordinasiyası məqsədilə 2017-ci ilin yanvar ayında Əməliyyat Qərargahı, habelə 30 yarış və qeyri-yarış obyektini əhatə edən 15 köməkçi qərargah yaradılıb.
Bütövlükdə, daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olacaq. Onlardan da 252-si qadın əməkdaşlarımızdır.
Cari ilin mart və aprel aylarında qüvvə və vasitələrin Oyunların keçiriləcəyi obyektlərdə perimetr boyu, eləcə də sektorlar üzrə yerləşəcəyi nöqtələr konkretləşdirilib. Nəzarət-buraxılış məntəqələri, xüsusi təyinatlı və mühəndis istehkam qruplarının xidmət aparacağı bütün yerlər yoxlanılıb, şəxsi heyətə vəzifələri izah edilib, köməkçi qərargahların təlim-məşqləri keçirilib.
Əməliyyat Komitəsi ilə birgə aparılmış ilkin hesablamalara əsasən, nəzarət-buraxılış yerlərində 154 ədəd “X-RAY” və 286 ədəd stasionar metal detektordan istifadə edilməsi nəzərdə tutulur. Bununla əlaqədar, xüsusi yoxlama avadanlıqlarında xidmət aparacaq 1800 əməkdaş praktiki məşğələlərə cəlb edilib.
Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə görüləcək digər işlər də diqqət mərkəzindədir. Bu istiqamətdə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin ediləcək. Yol hərəkətinin təşkili üzrə fəaliyyət çərçivəsində paytaxtda 8 mindən çox yeni yol nişanı və 35 işıqfor quraşdırılıb, küçə və yollarda 2,1 milyon poqonmetrdən çox cizgiləmə işləri aparılıb.
Yarış iştirakçılarının daşınmasına cəlb olunan nəqliyyat vasitələrini idarə edəcək şəxslərin seçiminə də xüsusi diqqət yetirilib, peşəkarlıq səviyyəsi yoxlanılıb. Nəticədə 1918 nəfərdən 158 sürücü seçimdən kənarlaşdırılıb, habelə namizədliyi təsdiqlənmiş sürücülər üçün cari ilin mart ayında müvafiq tədris proqramı əsasında nəzəri və praktiki təlimlər keçirilib.
Bundan əlavə, ictimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə hazırda yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edilir. May ayının 1-dək isə buraxılış rejimində tətbiq olunacaq hər bir stasionar metal detektorun qarşısında “üztanıma” funksiyasını yerinə yetirən 267 kamera quraşdırılacaq. Ümumilikdə, bu gün respublikada “Təhlükəsiz şəhər” sisteminin 3270 nöqtədə 12 min, habelə şəxsi mülkiyyətdə olan obyektlərə aid avtonom rejimdə işləyən daha 100 min videomüşahidə kamerası fəaliyyət göstərir.
Xüsusi qeyd etmək istəyirəm ki, möhtərəm Prezidentin əvəzsiz dəstəyi sayəsində birinci Avropa Oyunları ərəfəsində alınmış 3000 radiostansiya, 1000 metal detektor, 700 planşet, 500 bort-kompüter, 300 videoqeydiyyat qurğusu və 330 “İPatrol” mayak, habelə “BMW” və “Mercedes” markalı 837 xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə ediləcək.
Həmin dövrdə ingilis dili kurslarını bitirmiş bayır xidmətinin 1000-dən çox əməkdaşının müvafiq biliklərini artırılması istiqamətində əlavə tədbirlər də görülüb. Asayişin qorunmasında iştirak edəcək əməkdaşların professional hazırlığının, o cümlədən etik davranış səviyyəsinin daha da yüksəldilməsi, əcnəbilərlə rahat ünsiyyət qurmaq bacarığına yiyələnməsi məqsədilə onlar üçün xüsusi treninqlər təşkil edilib.
Çox hörmətli Birinci vitse-prezident.
Respublikada kriminogen durumun tam nəzarətdə saxlanılması və profilaktik işin gücləndirilməsi üzrə kompleks tədbirlər davam etdirilir. Bu gün Azərbaycan və onun paytaxtı Bakı şəhəri əvvəlki illərdə olduğu kimi, dünyanın ən təhlükəsiz yerlərindən biridir. Vətəndaşların əmin-amanlığının yüksək səviyyədə qorunduğu ölkəmizdə indi qarşımızda duran mühüm vəzifələrdən biri preventiv tədbirlərin davamlılığının təmin edilməsidir.
Su, hava və dəmir yolu nəqliyyatında, avtovağzallarda, Bakı Metropolitenində, neft kəmərlərində, kommunikasiya vasitələrində və digər strateji obyektlərdə təhlükəsizlik tədbirləri və diplomatik nümayəndəliklərin mühafizəsi digər hüquq-mühafizə və təhlükəsizlik orqanları ilə birgə, yəni əlaqəli şəkildə təşkil olunur.
Profilaktik qeydiyyatda olan, cinayət və hüquqpozmalara meyilli şəxslər ciddi nəzarətdə saxlanılacaq.
Onu da məruzə edirəm ki, artıq Oyunların Akkreditasiya Mərkəzi cari ilin aprel ayının 7-dən mühafizəyə götürülüb. Aprel ayının 30-dan isə ardıcıllıqla - yarış, qeyri-yarış və məşq yerlərini əhatə edən 30 obyekt mühafizəyə qəbul ediləcək və hər birində sutkalıq xidmət təşkil olunacaq.
Sonda əmin etmək istəyirəm ki, bu möhtəşəm beynəlxalq tədbirlə bağlı cənab Prezidentin və Sizin bütün tələb və tapşırıqlarınız daxili işlər orqanları və Daxili Qoşunlar tərəfindən tam yerinə yetiriləcək, ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunacaq. Diqqətinizə görə sağ olun.
X X X
Mehriban ƏLİYEVA: Təşəkkür edirəm, Ramil müəllim. İndi isə təhlükəsizlik məsələləri ilə bağlı Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovu dinləmək istərdim.
X X X
Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif AXUNDOV çıxış edərək dedi:
-Möhtərəm xanım Birinci vitse-prezident.
Hörmətli iclas iştirakçıları.
Daxili işlər naziri Ramil Usubov burada təhlükəsizlik məsələləri ilə bağlı geniş məlumat verdi. Biz Xüsusi Dövlət Mühafizə Xidməti olaraq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi və Oyunların Təşkilat Komitəsi ilə birlikdə, xüsusən də bu Oyunların Təşkilat Komitəsinin təhlükəsizlik departamentinin nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində təhlükəsizlik tədbirlərini həyata keçiririk. Oyunlar zamanı istifadə ediləcək idman, məşq, qeyri-idman obyektlərinin siyahıları tərtib olunub. Bu siyahıları bizə Oyunların Təşkilat Komitəsinin təhlükəsizlik departamenti təqdim edib. Bu obyektlərin hamısına baxış keçirilib. Daxili İşlər Nazirliyi və digər qurumlarla buraxılış rejimini həyata keçirmək üçün texniki mühafizə və videonəzarət avadanlıqlarının quraşdırılması və mühafizə planlarının hazırlanması işlərinə başlanılıb.
Biz birinci Avropa Oyunları zamanı alınaraq respublikamıza gətirilmiş çoxlu sayda texniki avadanlıqlardan IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə edəcəyik. Bunlar “X-RAY” avadanlıqları, stasionar metalaxtaran, partlayıcı maddələri aşkarlayan qurğulardır. Həmçinin 1000-dən çox kameranı təmir etmək üçün “Boch” videomüşahidə sistemi, üç baza stansiyası, dörd min “Motorola” tipli əl radiostansiyalarıdır. Altı yüz “Motorola” mobil stansiya alınaraq artıq gətirilib və qoruduğumuz obyektlərdə bunlardan tam həcmdə istifadə edəcəyik. Hazırda bu avadanlıqların obyektlərdə qurulması işləri tam başa çatıb. 17 obyektdə 114 “X-RAY” avadanlığı, 213 stasionar metalaxtaran avadanlıqlar quraşdırılıb, 13 obyektdə isə 41 “X-RAY” və 81 stasionar metalaxtaranların quraşdırılması aprelin sonlarında başa çatdırılacaq.
On idman obyektində daxildə və perimetr boyunca videomüşahidə sistemləri quraşdırılıb. Beş obyektdə isə belə sistemlərin quraşdırılması nəzərdə tutulur.
2017-ci ilin fevral ayından başlayaraq aidiyyəti qurumlarla birgə Oyunların kibertəhlükəsizliyinin təmin olunması üzrə zəruri tədbirlər hazırlanaraq həyata keçirilir.
Qeyd olunduğu kimi, tədbirlərə cəlb olunmuş çoxsaylı personal - bu idman obyektlərində çalışacaq işçilər ətrafında yoxlama tədbirləri həyata keçirilib. Bu siyahılar bizə və eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinə, Daxili İşlər Nazirliyinə təqdim olunub. Bu insanları xüsusi yoxlamalardan keçirmişik. Təkcə Xüsusi Dövlət Mühafizə Xidməti 1560 nəfəri yoxlayıb. Onlardan 107 nəfəri barəsində nüfuzdan salan məlumatlar əldə olunduğuna görə tədbirlərdən kənarlaşdırılıb.
Oyunların keçirilməsi ilə bağlı Azərbaycana gələn çoxsaylı qonaqlara qarşı Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verə biləcək hər hansı təxribat hallarının qarşısının alınması məqsədi ilə “AZAL”ın Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə profilaktik tədbirlər hazırlanaraq həyata keçirilir.
Bakı Olimpiya Stadionunda Oyunların açılış və bağlanış mərasimləri zamanı havaya qaldırılacaq helikopterlərin təhlükəsizlik uçuşu ilə əlaqədar “Silk Way Helicopter” şirkəti və Təşkilat Komitəsinin mərasimlər departamenti ilə müvafiq hazırlıq işləri aparılır. IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizliyi ilə bağlı mühafizə tədbirlərinə Xüsusi Dövlət Mühafizə Xidmətindən 700 hərbi qulluqçu, o cümlədən 100 qadın hərbi qulluqçu cəlb olunub. Aprel ayında onlarla təlim toplanışları keçirilib, buraxılışa nəzarət avadanlıqlarından - “X-RAY” və metalaxtarandan istifadə etmək bacarıqlarını təkmilləşdirmək məqsədilə kurslar təşkil edilib.
Ümumiyyətlə, Xidmətimizin texniki mütəxəssisləri tərəfindən mühafizə tədbirlərinə cəlb olunacaq hüquq mühafizə orqanlarının 1500 nəfərlik şəxsi heyəti ilə xüsusi təlim toplanışları və məşqlər keçirilib. İdman obyektlərində və qeyri-idman obyektlərində quraşdırılmış “X-RAY” və metalaxtaranlarda işləmək üçün Daxili İşlər Nazirliyinin və digər qurumların əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində təlimlər təşkil olunub. Xüsusilə qeyd etmək lazımdır ki, bütün idman obyektlərinin lift sektorlarının və yüksək səviyyəli qonaqların yaşayacağı mehmanxanaların mühafizə planları və sxemləri hazırlanaraq, Oyunların Təşkilat Komitəsinin təhlükəsizlik departamenti ilə razılaşdırılıb.
Bundan əlavə, Xidmətimizin situasiya mərkəzi tərəfindən 5 mindən çox müşahidə kamerası vasitəsilə obyektlərə videonəzarətin təmin edilməsi ilə bağlı həyata keçirilən hazırlıq tədbirləri başa çatdırılıb. İdman və qeyri-idman obyektlərinin etibarlı mühafizəsini təmin etmək məqsədilə Xidmətimiz tərəfindən ayrılmış mühafizə rəhbərlərinin mayın 1-dən etibarən obyektlərə göndərilməsi, mayın 8-dən isə idman obyektlərinin VIP sektorlarının müayinə edilərək tam mühafizəyə götürülməsi nəzərdə tutulur. Təhlükəsizlik məsələlərinin operativ həlli üçün Xidmətimizin işçi qrupu mayın 1-dən Təşkilat Komitəsinin baş ofisinə ezam olunacaq, orada digər qurumların əməkdaşları ilə birlikdə tam fəaliyyətə başlayacaqlar. Bununla yanaşı, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakı şəhərinə səfər edəcək yüksək səviyyəli qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə Xidmətimizin avtomobil parkında zəruri sayda avtonəqliyyat vasitələri texniki baxışdan keçirilərək tam hazır vəziyyətə gətirilib və qonaqlara xidmət göstərəcək.
Təhlükəsizlik tədbirlərinə cəlb olunacaq mühafizə əməkdaşları üçün xüsusi gödəkçələr hazırlanıb. Bu gödəkçələrin forması Təşkilat Komitəsi ilə razılaşdırılıb və tədbirlərin təhlükəsizliyinin təmin olunması zamanı bu gödəkçələrdən istifadə olunacaq. Yaddaş kitabçaları hazırlanıb və 1000-ə yaxın əməkdaşımıza paylanıb. Burada bütün məlumatlar var: həm idman obyektlərinin yerləri, həm keçiriləcək idman növləri, təmsil olunacaq dövlətlər haqqında bütün məlumatlar yaddaş kitabçasında öz əksini tapıb. Şəxsi heyət bu tədbirlərin həyata keçirilməsinə demək olar ki, tam hazırdır.
Çox hörmətli Birinci vitse-prezident, Sizi əmin etmək istəyirəm ki, Azərbaycan Respublikasında IV İslam Həmrəyliyi Oyunlarının müvəffəqiyyətlə keçirilməsi üçün Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti əlindən gələni əsirgəməyəcək və bu tədbirlərdə təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq.
Mehriban ƏLİYEVA: Çox sağ olun, Vaqif müəllim. Məndə olan məlumata görə, siz bir neçə idman obyektində əlavə müşahidə sistemlərinin qurulması ilə bağlı müraciət etmisiniz. Bu problem maliyyə baxımından həllini tapıbmı?
Vaqif AXUNDOV: Bəli, beş obyektdə. Bu məsələ ilə bağlı Gənclər və İdman Nazirliyi ilə işləyirik. Düzdür, biz o işlərə başlamışıq, amma hələ maliyyə almamışıq.
Mehriban ƏLİYEVA: Maliyyə Nazirliyi ilə bərabər bu məsələnin həlli yolunu tapmaq lazımdır. Siz qeyd etdiniz ki, birinci Avropa Oyunları zamanı təhlükəsizliklə bağlı bütün lazımi avadanlıq alınıb və bu gün həmin avadanlıqdan istifadə edirik, amma bir neçə idman obyekti var ki, əlavə videokameralarla təmin olunmalıdır. Bu məsələ öz həllini tapmalıdır.
Oyunlar zamanı təbii ki, ölkəmizə böyük turist axını gözlənilir, qonaqlar olacaq. Bu baxımdan, əlbəttə, Oyunların keçiriləcəyi günlərdə turistlər üçün mədəni proqramların, turizm marşrutlarının hazırlanması çox böyük önəm daşıyır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bu barədə fikirlərini dinləyək, buyurun.
X X X
Mədəniyyət və turizm naziri Əbülfəs QARAYEV çıxış edərək dedi:
- Çox hörmətli Birinci vitse-prezident.
Hörmətli Təşkilat Komitəsinin üzvləri.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü, himayəsi və dəstəyi, birbaşa Sizin rəhbərliyinizlə həyata keçirilən regional və beynəlxalq layihələr ölkəmizin qlobal səviyyədə nüfuzunu daha da artıraraq, Azərbaycanı mədəniyyətlərarası dialoqun inkişafı sahəsində xalqları, dövlətləri, sivilizasiyaları bir araya gətirməyə yönəlmiş mühüm bir missiyanı həyata keçirən multikultural və tolerant bir ölkəyə çevirib. Düşünürəm ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bunun növbəti əyani və inşallah, uğurlu sübutu olacaq.
Bildiyiniz kimi, daxili və gəlmə turizmə əlavə stimul yaratmaq, yerli istehsalı və sahibkarlığı hərəkətə gətirmək, qeyri-neft sektorunun yeni yolla canlanmasına nail olmaq məqsədilə Bakı şəhərində və Azərbaycanda bir neçə yeni turizm layihəsi həyata keçirilir. Bunların sırasında Sizin tapşırığınız əsasında Novruz bayramı ərəfəsində və hazırda Sabir bağı ərazisində, Köhnə qala divarlarının yanında və İçərişəhərdə davam etdirilən, ölkəmizin zəngin mədəni irsini, mətbəx nümunələrini, xalq tətbiqi sənətini, bir növ tarixi-milli kimliyimizi əks etdirən yarmarka təşkil olunub. Bu yarmarkanın vətəndaşlarımız və turistlər tərəfindən böyük maraq və rəğbətlə qarşılandığı nəzərə alınaraq, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi müddətdə də davam etdirilməsi nəzərdə tutulur.
Bundan əlavə, Oyunların keçiriləcəyi günlərdə turistlər üçün Bakı şəhərində və regionlarda yerləşən tarix-mədəniyyət qoruqları, müxtəlif profilli muzeylər və xüsusi hazırlanmış turizm marşrutları üzrə ekskursiya xidmətləri təşkil olunacaq. Muzey və qalereyalar Oyunlar zamanı ölkəmizdə olan turistlərə daha uzun müddətdə xidmət göstərməsi üçün iş rejimlərini müvəqqəti uzadılmış şəkildə həyata keçirəcəklər.
Müvafiq qurumlarla, təhlükəsizlik, nəqliyyat təşkilatları ilə əldə olunmuş razılığa əsasən, Oyunların keçiriləcəyi günlərdə turist avtobusları müəyyənləşdirilmiş “şəhər turu” marşrutu üzrə paytaxtımızın qonaqlarına öz xidmətlərini təqdim edəcək.
Turistlərin suallarını cavablandırmaq, onlara lazımi köməyin operativ şəkildə həyata keçirilməsi məqsədilə könüllülərdən ibarət “Ask me – Məndən soruş” layihəsi təşkil olunacaq. Bu gənclər kütləvi yerlərdə fəaliyyət göstərəcəklər.
Oyunlar zamanı ölkəmizə təşrif buyuracaq turistlərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lazımi informasiyanın verilməsi, müvafiq köməyin göstərilməsi, bir növ ilkin bələdçilik funksiyasını yerinə yetirmək məqsədilə Bakı şəhərində yerləşən əsas mehmanxanalarda növbəli qrafik əsasında fasiləsiz fəaliyyət göstərən qərargahlar yaradılacaq.
Bu yaxınlarda “Paşa Sığorta”nın və Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında “Sirli Bakı” mobil tətbiqi layihəsi hazırlanıb. Xüsusi texnologiyaya əsaslanan bu proqram Bakının tarixi irsini sakinlərə və şəhərin qonaqlarına tanıtmaq məqsədi daşıyır. Proqramın tətbiq olunduğu hər hansı bir cihazla tarixi abidələrin qarşısında quraşdırılmış informativ stendləri “skan” etməklə ziyarətçilər onlar haqqında üç dildə (Azərbaycan, rus, ingilis) müfəssəl məlumat əldə edə biləcəklər.
Qeyd etmək istərdim ki, “Go-map” naviqasiya sistemi təkmilləşdirilərək istifadəçilərin ixtiyarına verilib. Bu naviqasiya sistemi vətənimizin qonağı olan hər bir kəs üçün elektron xəritə üzərindən virtual bələdçilik vəzifəsini yerinə yetirəcək. Məlumat vermək istəyirəm ki, bu gün “Go-map” sistemindən gündə 25 min nəfər istifadə edir.
IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədilə aprel ayında, hazırda ərəb ölkələrində keçirilən bütün turist sərgilərində bizim bütün təmsilçilərimiz vasitəsilə Oyunlar haqqında geniş məlumat yayılır və bu proses Oyunlar zamanı da davam etdiriləcək. Eyni zamanda, “Euronews” və “CNN” telekanallarında müvafiq reportajların yayımlanması haqqında razılıq əldə olunub. “Baku Guide” kitabçasının xüsusi buraxılışı təmin olunub və bütün mehmanxanalara çatdırılacaq.
Hörmətli Mehriban xanım, Sizin tapşırığınıza əsasən, eyni zamanda, konsert və teatr müəssisələrində xüsusi proqramların təşkili ilə bağlı işləri həyata keçirdik. Proqramların qısa məzmunu daha çox İslam mədəniyyətinin və Azərbaycan xalqının ənənəvi mədəniyyətinin təqdim edilməsindən ibarətdir.
Heydər Əliyev Sarayında mayın 13-dən etibarən həm Dövlət Rəqs Ansamblının çıxışları, həm də Xalq Artisti Alim Qasımov və Əməkdar Artist Fərqanə Qasımovanın konsertləri təşkil olunacaq. Eyni zamanda, Türkiyənin tanınmış rəqs ansamblı – “Anadolu atəşi” də çıxış edəcək. Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin əsərlərinin tamaşaları təqdim olunacaq. Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamı”, Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq Ritm Qrupu”nun, caz ifaçılarının xüsusi konsertləri təşkil ediləcək. Mayın 20-dən etibarən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, həmçinin Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Arşın Mal Alan” əsərləri əsasında hazırlanan tamaşaların nümayişi nəzərdə tutulur.
Teatr tamaşalarında həm gənc Azərbaycan müəlliflərinin, həm də klassik müəlliflərin əsərləri əsasında qurulmuş səhnələr təqdim olunacaq. Məlumat vermək istəyirəm ki, bütün teatrlarda Prezidentin tapşırığına əsasən, sinxron tərcümə təşkil edilir. Teatrlarda gedən tamaşaların mətnini həm rus, həm ingilis dilində izləmək mümkündür.
Mehriban ƏLİYEVA: Bu, yalnız Oyunlar zamanı olacaq, yoxsa hər zaman?
Əbülfəs QARAYEV: Xeyr, bu, daimidir. Oyunlarla əlaqədar həmin tamaşaları da tərcümə etdik, onları da təqdim edəcəyik.
Xüsusi sərgilər də təşkil olunacaq: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyində “İslam Dünyasının Musiqi Mədəniyyəti Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Kolleksiyalarında” adlı sərgi. Heydər Əliyev Mərkəzində davam edəcək sərgilər cədvəl əsasında qurulacaq.
Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan Milli İncəsənət Muzeyinin Kolleksiyalarında İslam İrsi”, Azərbaycan Xalça Muzeyində “İlahi Sənət: Naxışlar, İlmələr”, Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Dövlət Din Tarixi Muzeyinin kolleksiyasından ibarət “İslam: Sülh və Birlik” adlı sərgilər və Muzey Mərkəzində “Azərbaycan İslam Abidələri” adlı fotosərgi açılacaq.
“Nizami” Kino Mərkəzində "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərin festivalı keçiriləcək. “Niyyət”, “Buta”, “Nabat” bədii filmlərinin, “Bakı - İslam Mədəniyyətinin Paytaxtı”, “Bakı əsrlərin aynasında”, “Bakı Birinci Avropa Oyunları”, “Azərbaycan xalçası”, “Çovqan”, “Lahıc”, “Qobustan - bəşəriyyətin beşiyi”, “Hapıtlar”, “Eviniz nurla dolsun”, “Azərbaycan mətbəxi. Dad sonrası dad” sənədli filmlərinin nümayişi olacaq.
Fürsətdən istifadə edərək, Sizə məruzə etmək istəyirəm ki, paralel olaraq bu ərəfədə - Oyunlardan qabaq Bakıda bir neçə böyük kütləvi tədbirin keçirilməsi də nəzərdə tutulur. Ayın 23-də Bakıda Mstislav Rastropoviçin adını daşıyan IV Beynəlxalq musiqi festivalı başlayır. Eyni zamanda, Bakı şəhərində aprelin 10-da başlamış ticarət festivalı işini mayın 10-dək davam etdirəcək.
Sizin rəhbərliyiniz ilə mayın 4-dən 6-dək Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Foruma təxminən 700-dək nüfuzlu şəxsin, dövlət və parlament rəhbərlərinin, nazirlərin qatılması nəzərdə tutulur. Onlar üçün də xüsusi mədəni proqram hazırlanmaqdadır və Sizə məruzə olunacaq.
Ümumiyyətlə, qeyd etmək istərdim ki, Azərbaycanın daha öncə əldə etdiyi idman nailiyyətlərini qürurla xatırlayaraq, xüsusi əminlik hissi ilə ümid edirik ki, bu möhtəşəm idman yarışlarında idmançılarımız bayrağımızı ən uca zirvəyə qaldıracaq, himnimizi tez-tez səsləndirəcək və İslam Həmrəyliyi Oyunlarında təkrarolunmaz tarixi uğura imza atacaqlar. Bu yolda hamımıza uğurlar diləyirəm. Diqqətinizə görə çox sağ olun.
X X X
Mehriban ƏLİYEVA: Adətən turistlər ölkəyə gələndə mədəniyyət proqramına aid ilk məlumatı oteldə alırlar. Ona görə çox vacibdir ki, siz bu məsələyə xüsusi diqqət yetirəsiniz, nəzarət edəsiniz. Hər bir oteldə sadaladığınız bütün marşrutlar, tədbirlər haqqında qısa məlumat olmalıdır ki, qonaqlar istənilən anda bu informasiyanı ala bilsinlər.
Qeyd etdiyim kimi, nəqliyyatla bağlı məsələlər çox həssas məsələlərdir və bizim keçmiş təcrübəmiz də bunu göstərir. Nəqliyyatla bağlı görülən hazırlıq işləri haqqında məlumat üçün söz verilir Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimliyə.
X X X
Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal KƏRİMLİ çıxış edərək dedi:
- Hörmətli xanım Birinci vitse-prezident və IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri.
Hörmətli müşavirə iştirakçıları.
Artıq qeyd edildiyi kimi, son illər ölkəmiz beynəlxalq miqyaslı mötəbər yarışlara, qlobal forumlara, konfranslara, bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edir. Bu miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanımızın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı, həmçinin rəhbərlik etdiyiniz Təşkilat Komitəsinin fəaliyyəti nəticəsində birinci Avropa Oyunlarının yüksək səviyyədə hazırlanıb keçirilməsi zamanı böyük təcrübə əldə edilib. Bu təcrübəyə əsaslanaraq, ölkəmizin həyatında çox əlamətdar hadisə olan IV İslam Həmrəyliyi Oyunlarının da ən yüksək səviyyədə keçiriləcəyinə əminik.
IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizə gələcək idmançıların, nümayəndə heyətlərinin, yerli və xarici turistlərin, eləcə də paytaxt sakinlərinin rahatlığı üçün nəqliyyat xidmətlərinin koordinasiyalı təşkili olduqca vacib amildir. Məhz nəqliyyat tədbirlərinin düzgün koordinasiyası paytaxt sakinlərinin gündəlik həyatında yarana biləcək maneələrin minimuma endirilməsinə imkan verəcək.
IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfindən Bakı Nəqliyyat Agentliyinə aşağıda qeyd edilən nəqliyyat tədbirlərinin təşkili həvalə edilib:
- Açılış və bağlanış mərasimləri zamanı ictimai nəqliyyatın təşkili;
- Atletlərin nəqliyyatı üçün sürücülərin ayrılması;
- İdman arenalarına ictimai nəqliyyatla gediş-gəlişin təmin edilməsi;
- “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin (HUB) nəqliyyat-mübadilə mərkəzinə dair tədbirlərin həyata keçirilməsi;
- Maarifləndirmə və digər zəruri tədbirlər.
Məlum olduğu kimi, Oyunların sınaq açılışında, açılış və bağlanış mərasimlərində müvafiq olaraq 23 min, 30 min və 60 min nəfərin iştirakı gözlənilir. Qeyd edilən mərasimlər zamanı tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması və mərasimlər bitdikdən sonra seçilmiş istiqamətlər üzrə metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarına çatdırılması üzrə 3 ekspress xəttin təşkil edilməsi məqsədilə 228 avtobus cəlb olunub.
Zərurət yaranacağı təqdirdə ekspress xətlərə əlavə avtobusların buraxılması üçün 90 avtobus ehtiyatda saxlanılacaq. Bu istiqamətlər üzrə Bakı şəhərində sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılar tərəfindən müəyyən edilən avtobus və sürücülərin siyahısı yekunlaşdırılıb.
Sınaq açılışı, açılış və bağlanış mərasimləri zamanı tamaşaçıların daşınması ekspress xətlər vasitəsilə Olimpiya Stadionuna və mərasimlər bitdikdən sonra müəyyən edilən istiqamətlərdə ödənişsiz əsasda həyata keçiriləcək. Bununla bağlı, agentlik tərəfindən aidiyyəti daşıyıcılarla görüşlər keçirilib və müvafiq razılaşmalar əldə edilib.
Eyni zamanda, terminalın daxilində avtobusların daha təhlükəsiz hərəkət etməsi üçün dairənin əlavə edilməsi və giriş-çıxışın beton baryerlərlə ayrılması təklif olunub. Hazırda Əməliyyat Komitəsindən bununla əlaqədar yekun cavab gözlənilir.
İctimai Nəqliyyat Terminalında avtobusların hərəkəti üçün Bakı Nəqliyyat Agentliyinin müraciəti əsasında daşıyıcılar tərəfindən xüsusi texniki heyət ayrılıb, onların yoxlanılması üçün müvafiq qurumlara müraciət edilib.
Sınaq açılışı, açılış və bağlanış mərasimləri günlərində üç ekspress xəttin çatdırılma nöqtəsinin idarə edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin və Bakı Metropoliteninin əlaqəli şəkildə gecə saatlarına qədər fəaliyyət göstərməsi nəzərdə tutulur.
Atletlər üçün sürücülər bəndinə əsasən, beynəlxalq səviyyəli idman tədbirlərinin praktikasına uyğun olaraq, Oyunlarda iştirak edəcək atletlərin rahat hərəkətinin və maksimum təhlükəsizliyinin təmin edilməsi məqsədilə Əməliyyat Komitəsi tərəfindən xüsusi ayrılmış avtobuslardan istifadə edilməsi planlaşdırılıb. Ayrılmış 144 ədəd “Neoplan” və 20 ədəd “Sprinter” markalı avtobusların idarə edilməsi üçün 320 sürücünün cəlb edilməsi nəzərdə tutulub. Bu məqsədlə sərnişindaşıma ilə məşğul olan daşıyıcıların müəyyən etdiyi 616 nəfərdən ibarət sürücünün siyahısı yoxlanılmaq üçün Əməliyyat Komitəsinə təqdim edilib.
Sürücülərin siyahısı müvafiq strukturlar - Səhiyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən uyğunluğa dair yoxlamadan keçirilib. Yoxlamadan keçən 490 sürücü Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində xüsusi təlimlərə cəlb edilib və artıq 245 sürücü təlimi uğurla başa vurub.
Bütün idman arenalarına tamaşaçıların, könüllülərin, işçi qüvvəsinin ictimai nəqliyyatla rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və Agentlik arasında mütəmadi aparılan görüş və müzakirələrin nəticəsi olaraq Tədbirlər Planı işlənilib. Plana əsasən, Oyunlar zamanı bütün idman arenalarının ictimai nəqliyyat ilə təmin edilməsi üçün bir sıra avtobus xətlərində dəyişikliklər aparılması, hərəkət cədvəllərinə düzəlişlərin olunması, zərurət yarandığı istiqamətlərdə avtobusların sayının artırılması və digər məsələlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edilən məsələlərlə bağlı müvafiq şərnişindaşıma şirkətlərinin rəhbərləri ilə mütəmadi görüşlər, həftəlik sxem üzrə maarifləndirmə işləri aparılır.
Mayın 18-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”da keçiriləcək iki futbol oyununda iştirak edəcək tamaşaçıların və digər şəxslərin daşınması üçün “Koroğlu” metrosu-“Dalğa Arena” istiqamətində xüsusi ekspress xəttin fəaliyyəti təmin ediləcək.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş sərnişinlərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və digər iştirakçıların) Bakı şəhərinin şəhərdaxili və şəhərətrafı marşrut xətlərindən mayın 1-dən 30-dək ödənişsiz istifadəsi təmin olunacaq. Bu məqsədlə İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən verilmiş akkreditasiya kartlarının nümunələri müvafiq daşıyıcılara təqdim edilib.
Ümumilikdə atletlərin nəqliyyat üzrə tələbatının təmin edilməsi tədbirləri çərçivəsində atletlər üçün ayrıca nəqliyyat mərkəzinin yaradılması da həyata keçirilib. Bunun üçün “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin ərazisi seçilib. Bu məqsədlə müvəqqəti fəaliyyət ərazisi kimi Milli Gimnastika Arenası ilə üzbəüz ərazi müəyyən edilib. Tərəfimizdən hazırlıq işləri aparılıb, ərazinin plan-sxeminin layihəsi tərtib edilərək, müvafiq dövlət qurumları ilə razılaşdırılıb.
Eyni zamanda, hazırlıq işləri bitdikdən sonra avtobus əməliyyatı aprelin 3-də tam şəkildə Milli Gimnastika Arenası ilə üzbəüz yerləşən həmin əraziyə köçürülüb. Məlumat üçün bildirim ki, gün ərzində “Koroğlu” HUB-a ətraf kənd və qəsəbələrdən 29 marşrut üzrə 430 avtobus daxil olur.
Müvəqqəti yaradılmış “Koroğlu” HUB-da sərnişinlərin rahatlığının və ən əsası, təhlükəsizliyinin artırılması məqsədilə bir sıra zəruri tədbirlər görülüb. O cümlədən avtobusların sürətinin azaldılması üçün xüsusi tramplinlər quraşdırılıb, sərnişinlər üçün istiqamətləndirici və məlumatlandırma lövhələr yerləşdirilib. Piyadaların təhlükəsiz hərəkətinin və məlumatlandırma işlərinin əhəmiyyətini nəzərə alaraq, könüllülərin imkanlarından da geniş istifadə edilir.
Qeyd edim ki, Oyunların müvafiq təhlükəsizlik səviyyəsinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən Bakı şəhərinin bəzi avtomobil yollarının müvəqqəti bağlanılması nəzərdə tutulub. Bununla əlaqədar “Koroğlu” HUB-da fəaliyyət göstərən marşrutların işində müvafiq dəyişikliklərin edilməsi zərurətinin yaranması gözlənilir. Qeyd olunanları nəzərə alaraq, Bakı Nəqliyyatı Agentliyi tərəfindən “Koroğlu” HUB-un dayanacaqlarının digər ərazilərdə yerləşdirilməsi və dayanacaqların yerlərinin dəyişdirilməsi bir daha planlaşdırılıb və işlənilib.
Qeyd edilən məsələlərdən əlavə digər təşkilati və texniki tədbirlər də həyata keçirilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin inzibati binasında müvafiq dövlət qurumlarının və Əməliyyat Komitəsinin nümayəndələrindən ibarət Nəqliyyat Əməliyyat Mərkəzinin təşkili işləri aparılır. Oyunlar zamanı nəqliyyatın ümumi mərkəzləşdirilmiş idarəetməsi məhz burada aparılacaq.
Əməliyyat Komitəsinin təklifinə əsasən, Oyunlara hazırlıq və Oyunlar zamanı ictimai nəqliyyat üzrə bütün maarifləndirmə və məlumatlandırma kampaniyası Agentliyin vasitəsilə həyata keçiriləcək. Bunun üçün aşağıdakı məlumat kanallarından istifadə ediləcək:
- “AvtoRadio” 107.7 FM vasitəsilə yarışlar və yollar haqqında məlumatlar;
- Dayanacaqlardakı Avtobus İnformasiya Terminalları vasitəsilə avtobusların gəlib-getmə vaxtları və eyni zamanda, yarış istiqamətləri və yarışlar haqqında məlumatlar;
- VMS (elektron informasiya tabloları) və stasionar bannerlər vasitəsilə yarışların işıqlandırılması;
- Avtobusların daxilində maarifləndirici məlumatlar vasitəsilə və eyni zamanda, BNA əməkdaşları və könüllülərin gödəkçələri üzərində “Nəqliyyat bələdçisi” layihəsinə start veriləcək.
Hörmətli xanım Birinci vitse-prezident, nəzərdə tutulan nəqliyyat işlərinin daha səmərəli həyata keçirilməsi məqsədi ilə Əməliyyat Komitəsi ilə Bakı Nəqliyyat Agentliyi arasında nəqliyyat sahəsində səlahiyyətlərin bölgüsünə dair protokolun hazırlanıb imzalanmasını məqsədəmüvafiq hesab edirik.
Həmçinin nəqliyyat sahəsindəki işlər üzrə məsul əlaqələndirici təşkilatın təyin edilməsini təklif edirik.
Sonda Sizi əmin etmək istərdik ki, bizə həvalə edilən və bugünkü müşavirədə verəcəyiniz tapşırıqlar Bakı Nəqliyyat Agentliyi tərəfindən vaxtında və tələb olunan səviyyədə icra ediləcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və şəxsən Sizin yüksək etimadınızı doğruldacaq və bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.
x x x
İclasa yekun vuran Təşkilat Komitəsinin sədri Mehriban ƏLİYEVA dedi:
“Təşəkkür edirəm. Başqa çıxış etmək istəyən varmı? Biz burada bütün məsələlərə diqqət yetirməliyik. Bir daha qeyd edirəm ki, bu, Oyunların rəsmi açılışından əvvəl bizim son görüşümüzdür. Gərək əmin olaq ki, heç bir məqam, heç bir məsələ diqqətimizdən kənarda qalmayıb. Ona görə də əgər hansısa sahələrdə həllini tapmayan məsələlər varsa, buyurun, biz indi bütün bu məsələləri müzakirə edib çıxış yolunu tapmalıyıq. Kimsə bir söz demək istəyirmi?
Mən bir daha qeyd etmək istərdim ki, Təşkilat Komitəsi Oyunların hazırlığına çox ciddi yanaşıb, artıq böyük iş görülüb. Bugünkü iclasımız da onu göstərir ki, ölkəmiz və paytaxtımız Oyunların qəbuluna və ən yüksək səviyyədə keçirilməsinə tam hazırdır. Biz “dünya standartlarına uyğun” kəlməsindən tez-tez istifadə edirik. Mənə elə gəlir ki, biz son illər artıq Azərbaycanın standartlarını yaratmışıq. Siz də xaricdə keçirilən bir çox beynəlxalq tədbirlərdə iştirak edirsiniz. Müqayisə etmək üçün imkanınız olur. Biz çalışırıq ki, hər bir tədbiri hərtərəfli hazırlayaq. Bu sahədə bizim artıq böyük təcrübəmiz var. Ölkəmizdə bir çox sahələri əhatə edən beynəlxalq tədbirlər keçirilir. Gələcəkdə də belə tədbirlərin keçirilməsi üçün bir çox müraciətlər var. Yəni, artıq beynəlxalq aləmdə Azərbaycanın bu sahədə imici formalaşıb. Bizə müraciət edən beynəlxalq qurumlar əmindirlər ki, Bakıda, Azərbaycanda keçirilən böyük beynəlxalq tədbirlər doğrudan da bütün tələblərə - həm təhlükəsizlik tələblərinə, həm də təşkilati tələblərə cavab verəcək. Bir daha deyirəm ki, bu, ilk növbədə, Azərbaycan dövlətinin potensialının və Azərbaycan xalqının qabiliyyətinin göstəricisidir.
Mən sizin hər birinizə gördüyünüz işlərə görə dərin minnətdarlığımı bildirirəm. Müvafiq strukturlarda aparılan işlərə görə minnətdarlığımı bildirirəm. Mən çox şadam ki, bizim artıq formalaşmış komandamız var. Əgər yenə də birinci Avropa Oyunlarına qayıtsaq, əminəm ki, Oyunların uğurlu keçməsi, əlbəttə, ilk növbədə, cənab Prezidentin dəstəyi, bütün Azərbaycan xalqının dəstəyi və çox peşəkar komandamızın birgə əməyi nəticəsində başa gəlmişdir.
Siz bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Oyunlara hazırlığı daim diqqət mərkəzində saxlayır. Cənab Prezident son çıxışlarında Təşkilat Komitəsinin işini bir neçə dəfə çox yüksək qiymətləndirib. Bu, əlbəttə, bizim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Biz gərək bu etimadı tam gücümüzlə doğruldaq.
Bildiyiniz kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Bu da öz növbəsində keçiriləcək Oyunların əhəmiyyətini gücləndirir. Əminəm ki, birgə səylərimizlə IV İslam Həmrəyliyi Oyunları uğurla keçiriləcək, Azərbaycanın tarixində növbəti bir qələbə kimi qalacaq. Bu Oyunlar həm böyük idman bayramına çevriləcək, həm də müsəlman aləmində dostluq, həmrəylik, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək. Bir daha hər birinizə təşəkkür edirəm. Çox sağ olun”.
1news.az