XİN: “Fakenews” qarşı Azərbaycanın ən güclü silahı həqiqət və obyektivlikdir"
“IV İslam Həmrəylik Oyunları və Formula-1 yarışı öncəsi bir sıra Qərb media orqanlarında Azərbaycan haqqında dezinformasiya, “fakenews” və antitəbliğat xarakterli yazılar artıq özünü büruzə verməyə başlayıb”.
1 news.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərtac-a müsahibəsində deyib.
Onun sözlərinə görə, bu gün Qərb ölkələrində “fakenews” və antitəbliğat kimi məsələlər narahatlıq doğuran geniş müzakirə mövzusu olsa da, bəzi Qərb media orqanları Azərbaycana qarşı ənənəvi şəkildə bu kimi fəaliyyəti həyata keçirməkdən çəkinmirlər:
“Yazı üslubu və mövzular baxımından Azərbaycana qarşı təbliğat xarakteri daşıyan bu kimi materialları təhlil etdikdə onların eyni məqamları dəfələrlə təkrarlaması, fərdi halları ümumiləşdirməsi və şişirtməsi, istinad bazasının olmaması və ya yalnız bir mənbəyə müraciət etməsi, alternativ fikirlərə və dövlətin rəsmi mövqeyinin işıqlandırılmasına yol verilməməsi kimi qeyri-obyektiv və qərəzli hallar ortaya çıxır. Bundan əlavə, Azərbaycana təzyiq kimi işğal olunmuş ərazilərimizə qanunsuz səfər edilir və oradan qondarma rejimi təbliğ edən yazılar hazırlanır. Konkret məsələ ilə əlaqədar Azərbaycan tərəfi cavab hüququndan istifadə edib mövqeyini bildirsə də, jurnalist etikası və obyektivliyindən kənar şəkildə bu mövqeyin dərc olunmasına imkan verilmir”.
XİN rəsmisi bu sırada nümunə kimi son günlərdə “Guardian”, “Independent” və digər media orqanlarında yer alan materialları qeyd edib.
Onun sözlərinə görə, “Guardian” qəzetində Azərbaycanda guya insan hüquqlarının pozulmasından bəhs edən məqalə hər hansı ciddi mənbəyə istinad olunmur, yalnız şayiələr əsasında iddialar irəli sürülür:
“Independent” qəzetinin əməkdaşı qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, futbolu siyasiləşdirərək qondarma rejimin təbliğatını həyata keçirir. “Independent”də sözügedən məqalə yayılan gün redaktora məktub ünvanlayaraq Azərbaycanın mövqeyinin dərc edilməsi xahiş olunsa da, qəzet bundan imtina edir. Azərbaycan xarici işlər nazirinin İtaliyaya rəsmi səfəri və İtaliyanın yerli məhkəməsində TAP layihəsi üzrə işlərin bərpa edilməsi ilə əlaqədar məsələ müzakirə edildiyi ərəfədə digər bir Qərb mediasında tamamilə əlaqəsi olmayan və epizodik fərdi hallar əsasında Azərbaycanda guya insan hüquqlarının pozulması və TAP layihəsi haqqında qərəzli yazı çıxdı. Bu mövzular arasında hər hansı məntiqi əlaqəni tapmaq həqiqətən çox çətindir.
“Fakenews”, dezinformasiya və antitəbliğat kimi neqativ elementlərə qarşı Azərbaycanın ən güclü silahı həqiqət və obyektivlikdir. “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları və digər tədbirlər zamanı Azərbaycanın həqiqətə əsaslanan mövqeyi bu kimi kampaniyaları tamamilə alt-üst etdi. Bu işdə vətənpərvər milli medianın, eləcə də obyektivlik prinsiplərini hər şeydən üstün tutan və konstruktiv dialoqa açıq olan çoxsaylı beynəlxalq media orqanlarının rolunu qeyd edə bilərik”.
1news.az