Yasamalda məcburi köçkünlərin evi sökülüb, sakinlər yolu bağlayıb - FOTO
Gecə saatlarında Yasamal rayonu, Hüseyn Cavid prospektində gərgin anlar yaşanıb.
1news.az musavat.com-a istinadən xəbər verir ki, həmin ünvanda bir müddətdir söküntü işləri ilə bağlı danışıqlar gedirmiş, amma sakinlər onlara təklif edilən qiymətlə razılaşmayıblar.
Buna baxmayaraq, gecə saatlarında iş maşınları əraziyə gələrək, binaları sökməyə cəhd ediblər.
Bu zaman sakinlərlə söküntü işlərini aparanlar arasında qarşıdurma yaşanıb. Sakinlərin verdiyi məlumata görə, ərazini almaq istəyən “Olympus Park” yaşayış kompleksinin sahibidir. Həmin şəxs sakinlərin evi üçün ödənişi etmədən evləri sökmək istəyir.
Məlumata görə, söküntü işlərini aparmağa gələn şəxslər həm sakinlərə, həm də çəkiliş aparmaq üçün əraziyə gələn jurnalistlərə daş atıblar.
Evlərdən biri tamamilə uçurulub. Mənzildən ev sahibləri heç bir əşyalarını çıxara bilməyiblər.
1news.az