Avropanın utancverici yaxın tarixi - Heyvana bərabər tutulan insanlar - FOTO
“İnsan hüquqları”, “Demokratiya”, “Bərabərlik” və buna bənzər ifadələri tez-tez eşidirik. Bunu ən çox işlədənlər isə inkişaf etmiş Avropa dövlətləri və Amerikadır.
1news.az xəbər verir ki, informasiya müharibəsində ən güclü “silah” mediadır və bu dövlətlər həmin “silahdan” məharətlə istifadə edirlər. Yəni, istədikləri vaxt özlərini məzlum, acınacaqlı hala salırlar, müsəlman dövlətlərini isə terrorçu, insanlıq düşməni kimi qələmə verirlər.
Görəsən hər incə detalı şişirdib nəhəng problemə çevirən bu dövlətlərin özü bunlara riayət edirmi? Çox uzağa getməyək. Elə ötən əsrdən nümunə gətirək – “İnsan qəfəsləri”.
Fransada, Belçikada və sonralar Amerikada qaradərili insanları heyvanxanalara bənzəyən yerlərə salaraq onlara heyvan kimi rəftar edirdilər. Onları rəqs etməyə, heyvanlarla güləşməyə, onları izləməyə gələnləri əyləndirməyə məcbur edirdilər.
1889-cu ildə Parisdə qaradərili insanları izləmək üçün “sərgi” keçirilib. Orada 400 afrikalı yarıçılpaq şəkildə qəfəslərə salınaraq ziyarətçilərin qarşısına çıxarılıb. Həmin “sərgini” 18 milyon ziyarət edib.
İllər keçdikcə irqi ayrı-seçkilik ifrat dərəcəyə çatırdı. 1900-cü illərin əvvəllərində qaradərililəri zooparklara da salmağa başladılar. Onları heyvanları gəzdirməyə, güləşməyə, ox ataraq ziyarətçiləri əyləndirməyə məcbur edirdilər.
İllər keçdikcə belə yerlərə maraq daha da artırdı. Elə bil qəfəsə salınan insanın alçaldılmasından, təhqir və rəncidə edilməsindən ləzzət alırdılar. 1931-ci ildə yenə də Parisdə keçirilən “sərgini” bu dəfə 31 milyondan çox ziyarətçi izləmişdi. Artıq qadınlar lüt halda ziyarətçilərin qarşısına çıxarılırdı. Onların “fərqlərini” ortaya qoymağa çalışırdılar.
1930-cu illərdə İngiltərənin paxtaxtı Londonda da bu iyrənc əməllər icra olunmağa başlanmışdı. Qaradərili insanları zəncirləyirdilər, küçələrdə gəzdirərək başqalarını əyləndirməyə çalışırdılar. Lakin, irqçilik əleyhinə olan insanların ardıcıl etirazlarından sonar Londonda buna son qoyuldu.
Amma Fransa irqçilikdə sərhədləri aşmağa davam edirdi. Belə ki, 1934-cü ildə Sent-Luis şəhərində “Vəhşilər Olimpiadası” keçirildi və qaradərililəri orada ağır yarışlara çıxardılar.
Nəhayət, bu tarixi iyrənclik İkinci Dünya Müharibəsindən sonra qadağan olunmağa başlandı. Lakin, buna baxmayaraq Belçika 1958-ci ilə qədərə “ənənəyə” sadiq qalaraq insanları təhqir etməyə davam etmişdi.
Son olaraq qeyd etməliyik ki, insanlar dinindən, irqindən, milliyətindən, siyasi görüşündən asılı olmayaraq eynidirlər. Hüquqları eynidir. Heç kimin buna görə başqasını təhqir etməyə, alçaltmağa ixtiyarı yoxdur.
Çox təəssüf ki, ayrı-seçkilik hələ də davam etməkdədir. Gələcək nəsillərin bu cür hadisələri yaşamaması üçün keçmişdəki iyrənc nümunələri gətirmək, hazırda baş verən hadisələrdən isə dərs çıxarmaq lazımdır.
Fərid Ədalət