Çavuşoğlu: Türkiyə AŞPA ilə münasibətlərinə yenidən baxacaq
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyənin yenidən siyasi nəzarətə götürülməsi barədə qərarının siyasi xarakterli və əhəmiyyətsiz olduğunu bəyan edib.
1news.az-ın Milliyet-ə istinadla verdiyi xəbərə görə, Çavuşoğlu qeyd edib ki, bu yolla Türkiyəyə cəza verməyə çalışırlarsa, bu, əks effekt verər:
“Türkiyə bu günə qədər Avropa Şurası ilə yaxından əməkdaşlıq edib, islahatlar dövründə Avropa Şurasının tövsiyələrini nəzərə alıb. Avropa Şurası ilə Türkiyə arasında İşçi Qrupu var, baş katiblə əməkdaşlıq edirik. AŞPA-nın bu qərarını qəbul etmirik, bundan sonrakı əməkdaşlığımızı zəiflədən qərardır. Avropa Şurası ilə bəzi məsələlərdə münasibətlərimizə yenidən baxacağıq. Bizi buna məcbur etdilər, arzuladığımız bir şey deyil. Təəssüf ki, Avropa ölkələrindəki irqçilik, islamafobiya Avropa qurumlarına da sirayət etdi”.
Çavuşoğlu Türkiyə Hərbi Hava Qüvvələrinin bir neçə gün əvvəl İraq və Suriyanın şimalında PKK terror təşkilatı və PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin bazalarına hava zərbəsi endirməsinə də toxunub:
“Amerikalı dostlarımıza həm diplomatik, həm də hərbi kanallarla dəfələrlə bu yerlərdə əməliyyat keçirəcəyimizi bildirdik. Türkiyə bu məsələdə şəffaf fəaliyyət göstərir, gizli niyyətimiz yoxdur. Türkiyə İraq və Suriyanın ərazi bütövlüyünə hər kəsdən daha çox önəm verir.
Bu yerlərdə terror təşkilatına müdaxilələr də bizim qanuni haqqımızdır, bu yerlərdən Türkiyəyə təhdid gəlir. Terrorçular Türkiyəyə müxtəlif yollarla gəlir, tunellər qazırlar. Qazdıqları tunellərdən həm terrorçular keçir, həm də tonlarla partlayıcı maddə gətirirlər. Sərhədin o biri tərəfindən bizə terror təhdidi varsa, biz nə etməliyik? Başqa bir ölkə bu halda nə edər? Mütləq o təhdidi aradan qaldırmaq üçün lazımi tədbirlər görər.
Dostlarımızdan da gözləntilərimiz bu mübarizədə Türkiyəyə dəstək vermələridir, maneə yaratmalı deyil. Orada YPG-nin manipulyasiyasından təsirlənərək, kimsə Türkiyənin bu əməliyyatının qeyri-qanuni olduğunu söyləməsin. Türkiyənin Suriyada apardığı son əməliyyat qanunidir, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun hərəkət etmişik. Bundan sonra da bu haqqımızdan istifadə edəcəyik”.
Mövzu ilə əlaqədar oxuyun:
Ərdoğan: Aİ Türkiyə ilə bağlı verdiyi sözlərin heç birini yerinə yetirməyib
S.Xankişiyeva