Natiq Əmirov: İlham Əliyevin təşəbbüsü ilə yaradılmış azexport.az portalı Azərbaycanın mövqeyini daha da gücləndirmək məqsədi daşıyır
“Heydər Əliyev kursu Azərbaycanın tərəqqisinin davamlılığını təmin edən ən düzgün yoldur”.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun “Azərbaycan” qəzetində dərc edildiyi “Dərin iqtisadi islahatlar strategiyası” adlı məqaləsində deyilir:
“Xalqımızın ümummilli lideri Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan tarixi şəxsiyyət, nüfuzlu rəhbər kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanmışdır. Onun möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatlar bugünkü modern və dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda öz layiqli yerini tutmasında müstəsna rol oynamışdır.
Respublikanın sosial-iqtisadi, ictimai-mədəni həyatını əhatə edən bütün sahələrin inkişafı ulu öndərin adı ilə bağlıdır. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin xidmətləri misilsizdir.
1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə ölkənin iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verildi. Azərbaycanın Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan Heydər Əliyev o dövrdə Azərbaycanın tarixində böyük dönüş yaratmışdır.
Dahi rəhbərin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılmış, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olunmuş, yeni sənaye sahələri yaradılmış, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılmışdır. Mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqeyə yiyələnmiş, istehsal olunan məhsulların keyfiyyəti yaxşılaşmışdır. 1969-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdı. Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Müqayisə üçün qeyd edək ki, əgər XIX əsrdən 1969-cu ilədək Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə - cəmi 14 ildə onların sayı 1048-ə çatdırılmışdı. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi.
Neft sənayesinin iqtisadi inkişafdakı rolunu nəzərə alan Heydər Əliyev 1970-ci illərdə bu sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin modernləşdirilməsini təmin etmişdir. Məhz ulu öndərin rəhbərliyi ilə neft sənayesinin inkişafında yeni mərhələ başlanmış, “qara qızıl”ın Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsinin əsası qoyulmuşdur.
Ümummilli liderin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və üzümçülük respublikasına çevrilmişdi. Bu dövr ərzində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi və yeni mütərəqqi sənaye sahələri - yüzlərlə zavod, fabrik, istehsalat müəssisələri yaradıldı.
Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işlərə şəxsən rəhbərlik edən Heydər Əliyev 2000-ci il 29 dekabr tarixində “Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə həmin illərdə görülən nəhəng işlərin qiymətini belə vermişdi: “1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə doqquzuncu, onuncu və on birinci beşilliklər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur”.
Ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanda müstəqilliyin ilk illərində yaranmış siyasi böhran, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizin ərazisinin 20 faizinin zəbt olunması və bunun nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş və beləliklə, ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü. Yeni dövrün tələblərinə uyğun iqtisadiyyatın qurulmaması, yerli və ittifaq miqyasında olan müəssisələr arasında mövcud əlaqələrin qırılması, ölkənin iqtisadi, siyasi, informasiya blokadasına alınması nəticəsində 1990-cı illərin əvvəllərində ÜDM-in, sənaye istehsalının, xarici ticarət dövriyyəsinin həcmi azalmış, inflyasiya idarəolunmaz səviyyəyə çatmışdı. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmış, əhalinin pul gəliri azalmışdı.
1993-cü ilin 15 iyun tarixində Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı.
Dərin islahatlara töhfə vermək üçün 1993-2003-cü illərdə qəbul edilmiş 1715 qanun və qərarın böyük əksəriyyəti məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunmuşdur. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir.
Ümummilli liderin dərin iqtisadi islahatlar strategiyasında ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi faktı xüsusi yer tutur. Ulu öndərin 1994-cü ilin sentyabrında daxili və xarici təzyiqlərə baxmayaraq 13 şirkətdən ibarət beynəlxalq konsorsiumla Azəri-Çıraq-Günəşli neft yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi.
Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olunması Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi nailiyyətlər əldə edildi.
Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri infrastrukturun inkişaf etdirilməsi olmuşdur və müasir Azərbaycanın qurucusu bu sahədə də çox mühüm işlərə imza atmışdır. Bu baxımdan ulu öndərin rəhbərliyi ilə həyata keçirilən nəqliyyatın inkişafı siyasətinin mərkəzində ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və yolların, ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun inkişafı, eləcə də milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası dururdu. Bu məqsədlə TRACECA, “Şimal-Cənub nəqliyyat dəhlizi”nin, İNOGEYT Proqramının həyata keçirilməsinə başlanıldı. Nəticədə Azərbaycan Xəzər regionunda əsas multimodal nəqliyyat qovşağına və beynəlxalq əhəmiyyətli neft-qaz tranziti ölkəsinə çevrildi.
Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, sovxoz və kolxozlara məxsus torpaqların, mal-qaranın və əmlakın kəndlilərə paylanması, qiymətlərin sərbəstləşdirilməsi və s. tədbirlər aqrar bölmənin inkişafına təkan vermiş, kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri aparılmış, yeni sahələr yaranmış, məzmunca fərqli münasibətlər formalaşmışdır. Ulu öndərin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı kənd təsərrüfatını 1990-cı illərin əvvəllərindəki böhranlı vəziyyətdən xilas etdi və gələcək inkişafının əsasını qoydu.
Özəlləşdirilmiş torpaqlarda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmin olunması məqsədilə ümummilli liderin təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, onlara uzunmüddətli vergi tətillərinin verilməsinə başlandı və bu proses hazırda da davam edir. Bu gün də kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azaddırlar.
Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və bu sahədə müvafiq dövlət proqramları təsdiq olundu.
1996-cı ilin 24 iyun tarixində Prezident sarayında “Respublikada aqrar islahatların gedişi vəziyyətinə və torpaq islahatı haqqında qanun layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə”də ulu öndər ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə belə ifadə etmişdir: “Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.
Bu gün 1995-2003-cü illərin sosial-iqtisadi göstəricilərinə baxanda aparılan iqtisadi islahatların müsbət nəticələrini görə bilərik. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olunmuşdu.
Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı ilk gündən vətəndaşların həyat səviyyəsinin yüksəldilməsini başlıca məqsəd kimi müəyyənləşdirmişdi.
Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövrün tələbləri nəzərə alınaraq daim təkmilləşən, çevik, qətiyyətli və uzaqgörən iqtisadi siyasəti sayəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla başa vurmuş, liberal bazar iqtisadiyyatına keçidi təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-2014-cü illərdə dərin iqtisadi islahatlar davam etdirilmiş, Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə artan iqtisadiyyatlarından birinə çevrilmişdir. Azərbaycan qısa müddətdə yüksək-orta gəlirli ölkəyə çevrilmiş, sosial-iqtisadi infrastruktur tamamilə yenilənmiş, qlobal rəqabət qabiliyyətinə görə dünyada 37-ci yerdə qərarlaşmışdır. Bu illər ərzində ölkə iqtisadiyyatı 6 dəfə böyümüş, adambaşına düşən milli gəlir 5 dəfədən çox artmışdır. Ölkədə qiymətlərin sabitliyi qorunmuş, xarici valyuta gəlirlərinin əhəmiyyətli artması nəticəsində böyük həcmdə strateji valyuta ehtiyatları formalaşdırılmış, milli valyutanın məzənnəsinin izafi möhkəmlənməsinə yol verilməməklə beynəlxalq rəqabət qabiliyyəti qorunmuşdur. Adambaşına düşən xarici investisiyaların həcminə görə MDB və Şərqi Avropada aparıcı dövlətlərdən olan Azərbaycan artıq xaricə investisiya yatıran ölkəyə çevrilmişdir.
İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2013-cü illər ərzində iki beşillik Dövlət Proqramı həyata keçirilmişdir. Proqramların icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enmişdir. Azərbaycan iqtisadiyyatına 130 milyard dollardan artıq investisiya qoyulmuş, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artmışdır.
Bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manatdan artıq güzəştli dövlət kreditləri verilmişdir. Bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaratmışdır. Dövlət büdcəsinin gəlirləri 14,2 dəfədən, vergi daxilolmaları 7,3 dəfədən, dövlət büdcəsinin xərcləri 13,9 dəfədən, əhalinin əmanətləri 24 dəfədən, bank aktivləri isə 18 dəfədən çox artmışdır. Hazırda ümumi daxili məhsulda özəl bölmənin payı 83 faiz, məşğulluqda isə 73,9 faizdir.
Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların, aparıcı reytinq agentliklərinin qiymətləndirmələrində öz əksini tapır. Belə ki, “Doing Business” hesabatına görə 2009-cu ildə ölkəmiz dünya ölkələri arasında “Ən islahatçı ölkə” kimi qiymətləndirilmişdir.
Cənab Prezidentin rəhbərliyi ilə 2015-ci ildən etibarən Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Qlobal iqtisadi çağırışların milli iqtisadiyyata transformasiyası ilə bağlı yeni iqtisadi islahat istiqamətləri müəyyən edilmişdir. Belə ki, 2016-cı ildən etibarən dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilmiş və sistem xarakterli dərin iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyən edilmişdir.
Dünya İqtisadi Forumunun son hesabatına əsasən, Azərbaycan dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatları qrupuna daxil olmuş və MDB ölkələri arasında birincilik mövqeyini saxlamışdır. BMT-nin İnsan İnkişafı Hesabatına əsasən isə Azərbaycan “İnsan inkişafı indeksi”nə görə yüksək insan inkişafı qrupunda yer almışdır.
Möhtərəm Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın kökündə sosial problemlərin aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir ölkə vətəndaşının rifahının artırılmasına imkan verən mühitin yaradılması məqsədi dayanır. Belə bir mühitin yaradılması dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, maliyyə sisteminin, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilə bilər.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin dərin iqtisadi islahatlar paketi çərçivəsində biznes mühitinin yaxşılaşdırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsi, sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayının təqribən 4 dəfə azaldılaraq 330-dan 87-yə endirilməsi ilə bağlı mühüm qərarlar qəbul olunmuşdur.
Bu işlərin davamı olaraq 2016-cı ildən etibarən dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilmiş və sistem xarakterli iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyən edilmişdir.
Belə ki, cənab Prezidentin 2016-cı ilin əvvəlində imzaladığı müvafiq fərmanlarla ölkədə sahibkarların şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuraları yaradılmışdır.
“İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 2016-cı il 18 yanvar tarixli sərəncamı ilə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına geri ödəmə dəstəyinin verilməsi ilə bağlı hüquqi baza yaradılmışdır.
Ölkənin maliyyə-bank sisteminin səmərəli inkişafının və dayanıqlılığının təmin olunması, maliyyə bazarlarının rəqabət qabiliyyətliliyinin artırılması, kreditorların, sığortalıların, investorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 3 fevral tarixli fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır. Struktur, institusional, təşkilati və tənzimləmə sisteminin təkmilləşdirilməsi məqsədilə aparılan kompleks islahatların tərkib hissəsi kimi yeni fəaliyyət mandatına malik palatanın yaradılmasında əsas məqsəd Azərbaycanda maliyyə sektorunun tənzimlənmə çərçivəsini müasir qlobal çağırışlar fonunda yeni keyfiyyət müstəvisinə qaldırmaq, habelə real sektorun inkişafında aparıcı rola malik maliyyə bazarlarının, təşkilati bazar iştirakçılarının və maliyyə institutlarının davamlı və dayanıqlı inkişafını təmin etməkdir.
Cənab Prezidentin 2016-cı il 1 mart tarixli “Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” daha bir fərmanı ilə 2016-2020-ci illərdə Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə edilən yerli komponentlərin və qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac edilən həmin məhsulların növündən asılı olaraq, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulmuşdur.
2016-cı il aprel ayının 20-də ölkə başçısının müvafiq fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, İnvestisiya təşviqi sənədini almış sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamları ilə sahibkarlıq sahəsində son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə komissiyanın, habelə makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi məqsədilə Maliyyə Sabitliyi Şurasının yaradılmasının da əhəmiyyəti böyükdür.
Aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsinin təmin edilməsi üçün cənab Prezident tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi yaradılmışdır.
Ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə dövlət başçısının 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrası da qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacaqdır. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Bu strateji yol xəritələrinin sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar istisna olmaqla 2015-ci il 1 noyabr tarixindən sahibkarlıq sahəsində aparılan bütün yoxlamalar iki il müddətinə dayandırılmışdır.
Ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədilə cənab Prezident tərəfindən “Sahibkarlar günü” təsis edilmiş və hər il aprelin 25-i ölkədə “Sahibkarlar günü” kimi qeyd olunmağa başlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli fərmanı ilə malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi və məmur-vətəndaş münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi məqsədilə gömrük sərhəd buraxılış məntəqələrindən sahibkarların buraxılışının risk qiymətləndirilməsi əsasında buraxılışı təmin olunmuş, Dövlət Gömrük Komitəsi tərəfindən “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılmışdır. 2016-cı il 1 avqust tarixindən etibarən sahibkarlar “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə etmək imkanı qazanmışlar.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixində “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamını da xüsusi qeyd etmək lazımdır. Sərəncamın icrası ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində ümumilikdə 56 maddəni əhatə edən 201 dəyişiklik olunmuşdur. Mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının artırılması məqsədilə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının yeni qanunu qəbul olunmuşdur. Ümumilikdə dəyişikliklər ölkədə iqtisadi fəallığın artırılmasını, sahibkarlığın inkişaf etdirilməsini, bütövlükdə ölkənin davamlı inkişafını nəzərdə tutur.
Bundan başqa, cənab Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisdə qəbul olunmuş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədi daşıyır. Qanuna əsasən, vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan borcları tamamilə, maliyyə sanksiyaları üzrə borcları isə ödəniş müddətinə mütənasib şəkildə silinmişdir.
Sahibkarlığa verilən dəstəyin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 sentyabr tarixli “İcra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanını da qeyd edə bilərik. Bu fərman icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində səmərəliliyi artırmaqla yanaşı, ölkədə sahibkarlıq fəaliyyətini genişləndirmək, habelə biznes və investisiya mühitinin əlverişliliyini və rəqabətqabiliyyətini daha da artırmaq məqsədi daşıyır. Əminliklə qeyd edə bilərik ki, bu fərman idxalın əvəzlənməsi, eləcə də ixracın artırılması üçün Azərbaycan sahibkarlarına yeni imkanlar açır.
Ölkə başçısı tərəfindən imzalanan fərmana əsasən, yaradılmış azexport.azinternet portalı, “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” (“Digital Trade Hub of Azerbaijan”) qeyri-neft sektorunun ixrac imkanlarının genişlənməsinə xidmət etməklə yanaşı, regional əhəmiyyətli rəqəmsal ticarət qovşağı kimi Azərbaycan Respublikasının mövqeyini daha da gücləndirmək məqsədi daşıyır.
Yuxarıda qeyd edilənlərlə yanaşı, aparılan islahatlar çərçivəsində Mənzil İnşaatı Dövlət Agentliyi, Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Agentliyi, Dövlət İmtahan Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyi yaradılmış, standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu”, “Azərbaycan Akkreditasiya Mərkəzi” və “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxslərin yaradılması ilə bağlı tapşırıq verilmiş, dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi, bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi, metallurgiya kompleksində sağlamlaşdırma, korporativ idarəetmə standartlarının tətbiqi və iqtisadiyyatın digər sahələrində islahatlar aparılmışdır.
Bundan başqa, Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması, onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin artırılması, ölkəyə olan turist axınının daha da sürətləndirilməsi, turizm sektoruna investisiya qoyuluşunun təşviq edilməsi, beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının təşkil edilməsi, yeni turizm marşrutlarının yaradılması, təbliğat-təşviqat işlərinin görülməsi və Azərbaycanın əlverişli turizm mərkəzinə çevrilməsi ilə bağlı cənab Prezident tərəfindən müvafiq aktlar imzalanmış, aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqlı olaraq “2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq” demişdir.
Azərbaycan Respublikasının mövcudluğu üçün möhkəm bünövrənin yaradılması yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə malik Heydər Əliyev tərəfindən dərin islahatların həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu gün də əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dərin islahatlar strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu isə vaxtilə uzaqgörənliklə həyata keçirdiyi dərin islahatlara görə Azərbaycan tarixinə adı qızıl hərflərlə həkk olunmuş ulu öndərin ideyalarının yaşamasına xidmət edir və edəcəkdir.
Bu işdə ulu öndərin siyasi ideyalarını davam etdirən Yeni Azərbaycan Partiyasının da çox böyük rolu var. Məhz üzvlərinin sayı günbəgün artaraq bu gün 700 minə yaxınlaşan, Azərbaycanın nüfuzlu siyasi təşkilatına və Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilmiş Yeni Azərbaycan Partiyasının sıralarında Azərbaycan xalqı daha da sıx birləşərək, ölkədə həyata keçirilən ictimai-siyasi proseslərdə fəal iştirak edir. Bu həm də partiya sədrinin, ölkə Prezidentinin həyata keçirdiyi siyasətin dəstəklənməsi və həmin siyasətin həyata keçirilməsində fəal iştirak etmək istəklərinin ortaya qoyulması deməkdir.
Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında müntəzəm əsaslarla həyata keçiriləcək sistem xarakterli iqtisadi islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanmış strateji yol xəritələrinin icrası nəticəsində ölkədə sahibkarlarla birlikdə iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə fərqli bir modeli - Azərbaycan modeli daha da inkişaf etdiriləcəkdir.
S.Xankişiyeva