Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üzrə İşçi Qrupunun iclası keçirilib
Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, adıçəkilən qurumun Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Orxan Məmmədovun və Səudiyyə Ərəbistanı Krallığı Baş İnvestisiya Qurumunun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Osama Əl Qanmın həmsədrlik etdiyi iclasda iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin mövcud vəziyyəti nəzərdən keçirilib, ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
İclasda vurğulanıb ki, Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri inkişaf edir, əməkdaşlığın genişlənməsində yüksək səviyyəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan tərəfi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, xüsusilə qeyri-neft sektorunda əldə olunan nailiyyətlər, rəqabətə davamlı qeyri-neft məhsullarının istehsalı, ixrac coğrafiyasının genişləndirilməsi, xarici ölkələrə təşkil edilən ixrac missiyaları, “Made in Azerbaijan” brendinin təbliği və s. barədə ətraflı məlumat verib.
İclasda əczaçılıq, turizm, xidmət, səhiyyə, gənclər, idman və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatı və ərzaq məsullarının istehsalı üzrə Azərbaycan-Səudiyyə Ərəbistanı birgə müəssisələrinin yaradılması imkanlarının araşdırılması, Azərbaycanda mövcud olan kənd təsərrüfatı layihələrində Səudiyyə Ərəbistanı iş adamlarının iştirakı, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və qida məhsullarının Səudiyyə Ərəbistanına ixracı və “Lulu” mağazalar şəbəkəsində satışının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təbliği məqsədilə Səudiyyə Ərəbistanına ixrac missiyasının təşkili məsələləri müzakirə edilib. Bu ilin sentyabrında açılacaq Bakı-Ciddə-Bakı reysinin hava nəqliyyatı sahəsində əməkdaşlığın dərinləşməsinə, turist axınının artmasına töhfə verəcəyi qeyd edilib.
İclasda Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı hökumətləri arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın ikitərəfli iqtisadi münasibətlərdə əsas əməkdaşlıq mexanizmi olduğu diqqətə çatdırılıb, Komissiyanın növbəti iclasının gündəliyi və keçirilməsi tarixi barədə fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üzrə İşçi Qrupunun III iclasının yekunlarına dair protokol imzalanıb.
Azərbaycan nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Ticarət Palatasında tikinti, humanitar, sənaye, turizm, ticarət, bankçılıq və s. sahələrdə fəaliyyət göstərən iş adamları arasında işgüzar görüş keçirilib. Tədbirdə Azərbaycan və Səudiyyə Ərəbistanı şirkətləri fəaliyyətləri barədə məlumat verib, iş adamları arasında əməkdaşlıq imkanları müzakirə edilib.
1news.az