Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017”yə aprelin 30-da Dövlət Bayrağı Meydanından start verilib.
1news.az Azərtac-a istinadən xəbər verir ki, marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak edirlər.
Saat 10:00-da start götürən yarı marafonun məsafəsi 21 kilometrdir. Bakı Olimpiya Stadionunda başa çatacaq marafonun iştirakçıları atletlər, siyasətçilər, tanınmış şəxslər, incəsənət adamları, ictimaiyyət nümayəndələri və tələbələrdir. Respublikamızın bölgələri ilə yanaşı, ABŞ, Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə, İran və digər ölkələrdən də iştirakçılar var. Yarışa ümumilikdə 13 mindən çox insan qatılıb.
Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək vermək, insanlar arasında, xüsusilə gənclərdə idman vasitəsilə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.
Yarışın fan zonası Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar nəzərdə tutulur. Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
Marafona 16 yaşdan yuxarı şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşulublar. Yarışın finiş xətti və iki kateqoriyadan ibarət mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda olacaq. Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3 min, ikinci yeri tutan 2 min, üçüncü yerə çıxan isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcəklər. Bununla yanaşı, kişi və qadın kateqoriyasının hər biri üzrə dördüncü, beşinci və altıncı yerləri tutan şəxslərə (ümumilikdə altı nəfərə) Avropa daxilində istədikləri ölkəyə ikinəfərlik səyahət bileti hədiyyə ediləcək. Yeddinci və səkkizinci yerlərin sahiblərinə “Bakı Marafonu-2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, doqquzuncu və onuncu yerləri tutanlara isə 100 manatlıq hədiyyə kuponu veriləcək.
İlk dəfə ötən il mayın 1-də keçirilən Bakı Marafonunda 7 mindən çox idman həvəskarı iştirak edib.
Bu cür marafonlar indiyədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil olunub. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarı marafonun məsafəsi isə 21 kilometrdir. Marafon yarışları idman tədbiri olmaqla yanaşı, həm də xeyriyyə məqsədi daşıyır. 1981-ci ildə keçirilən məşhur London marafonu ən böyük xeyriyyə tədbiri kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. Hazırda dünyanın bir çox ölkələrində xeyriyyə məqsədli marafonlar təşkil edilir.
1news.az