Sürücülərin nəzərinə! Bu gündən pərdə və jalüzlərə icazə verildi
Bu gündən başlayaraq avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilib.
1news.az xəbər verir ki, nəqliyyat vasitələrinin arxa yan şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, minik avtomobillərinin arxa qapılarının şüşələrinə) 1 may tarixindən 15 noyabr tarixinədək olan dövrdə sənaye üsulu ilə hazırlanan jalüzlər (pərdələr) çəkilməsinə icazə verilir.
Lakin sürücünün sağındakı və solundakı şüşələrə (qabaq qapının şüşələrinə) jalüz çəkmək olmaz. 1 may - 15 noyabr tarixinədək olan dövrdə arxa yan şüşələrə yalnız zavod istehsalı olan jalüzlərin (pərdələrin) çəkilməsinə yol verilir. Bu şüşələrin plyonka ilə tündləşdirilməsi nəzərdə tutulmur.
Ümumiyyətlə, avtomobilin alın şüşəsinə, qabaq və arxa yan şüşələrinə hər hansı plyonkanın çəkilməsi qadağandır.
Sürücü üçün görünüşü təmin edən şüşələrin işıq buraxma qabiliyyəti bu hədlərdən aşağı olmamalıdır: küləyə qarşı şüşə (alın şüşəsi) üçün 75%; sürücünün sağındakı və solundakı şüşələr (qabaq qapının şüşələri) üçün 70%; digər yan şüşələr (minik avtomobillərinin arxa qapılarının şüşələri) üçün 60%. Arxa şüşənin işıq buraxma qabiliyyəti normallaşdırılmır.
Qeyd edək ki, tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunacaqlar.
Fərid Ədalət