Nazarov Erlerin rekorduna şərik çıxdı
Almaniya II Bundesliqasında XXXI turun oyunları keçirilib.
1news.az-ın məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” doğma azarkeşlər önündə “Vurzburger Kikkers”lə qarşılaşıb.
Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matça start heyətində başlayan və oyunu əvəzolunmadan keçirən Nazarov 10-cu dəqiqədə penalti zərbəsi ilə komandasının ikinci qolunu vurub.
Qeyd edək ki, bu qolla millimizin oyunçusu klubunda rekord müəllifi olub. Belə ki, təcrübəli yarımmüdafiəçi "Aue"nin tarixində “ağ nöqtə”də ən dəqiq olan iki futbolçudan biri olub.
Mövsümdə buna qədər 6 dəfə penaltini dəqiq yerinə yetirən futbolçu yalnız klubun əfsanələrindən olan Erler Olgerdən geri qalırdı. O, 1980/81-ci il mövsümündə 7 penalti qolunun müəllifi olub.
Milli üzvü bu gün vurduğu qolla 36 ildən sonra bir mövsümdə 11 merlik cərimə zərbəsini 7 dəfə dəqiq yerinə yetirən ilk futbolçu olub.
Onu da bildirək ki, Nazarov cari mövsüm II Bundesliqada ümumilikdə 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Babək Cahandarov