“Heydər Əliyev – Dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı işə başlayıb – FOTO
Dövlət Təhlükəsizliyi Xidmətinin, Heydər Əliyev Mərkəzinin, Təhsil, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə mayın 3-də “Heydər Əliyev – dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı işə başlayıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən ümumrespublika konfransının məqsədi Azərbaycanın hərtərəfli tərəqqisi yolunda ölçüyəgəlməz tarixi xidmətlər göstərmiş, dövlət müstəqilliyinin və təhlükəsizliyin qorunmasına əvəzsiz töhfələr vermiş ümummilli lider Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunəsinin və peşəkarlıq irsinin öyrənilməsidir. Bundan başqa, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin və təhlükəsizliyinin qorunması və gücləndirilməsi işində əbədi mayak olan Heydər Əliyev ideallarının gənc nəsil tərəfindən mənimsənilməsidir.
Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dövlət himni səsləndirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət QULİYEV konfransda çıxış edərək bildirib ki, müasir tarixin parlaq şəxsiyyəti, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü xalqımız tərəfindən geniş qeyd edilir. Ulu Öndər nümunəvi ömrünün və çoxşaxəli həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr edib. Dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xüsusi xidmət orqanlarının inkişafını daim diqqət mərkəzində saxlayıb.
“Təhlükəsizlik orqanlarının tarixi Vətən tarixinin bir hissəsi olduğundan həmin dövrdə təhlükəsizlik orqanlarında xidmət edənlər o dövrün çətinliklərini öz həyatlarında yaşadılar”, - deyən DTX rəisi sovet dövründə bu qurumda öz zəkası ilə seçilən, xalqına və dövlətinə daim sadiq olan ulu öndər Heydər Əliyevin əməliyyat müvəkkilindən Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək yüksəldiyini diqqətə çatdırıb. Bildirib ki, ulu öndər Heydər Əliyev 1950-ci illərdən etibarən təhlükəsizlik orqanlarında milliləşmə siyasəti apararaq milli kadrların yetişdirilməsi və yerləşdirilməsi işinə başlayıb. Ulu öndər Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarında peşəkar fəaliyyəti, onun əsasını qoyduğu milliləşmə siyasəti bu gün də xüsusi xidmət orqanlarında ətraflı öyrənilir və tətbiq edilir.
Azərbaycanın müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdaraq ölkəmizi parçalanmaq təhlükəsindən xilas etdiyini deyən Mədət Quliyev bu gün gənclərin Heydər Əliyev irsinə sadiqliyini təqdirəlayiq hal kimi xüsusi vurğulayıb. DTX rəisi bildirib ki, konfrans Heydər Əliyevin öz zəkası və fenomenal istedadı hesabına nail olduğu mövqelərdən və imkanlardan xalqına sədaqətlə xidmət üçün istifadə etməsinə dair tarixi faktları diqqətə çatdırmaqla gənclərdə dövlətçilik hisslərini gücləndirmək məqsədini daşıyır.
Konfrans iştirakçılarını salamlayan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV çıxış edərək deyib:
-Bu gün doğum gününü qeyd etdiyimiz ümummilli lider Heydər Əliyev artıq 14 ildir ki, aramızda yoxdur. Lakin onun ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik məktəbi, Ulu Öndərin şah əsəri olan, uğrunda mübarizə apardığı, ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan xilas etdiyi müstəqil və demokratik Azərbaycan inkişaf edir, yeni uğurlar qazanır, Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır.
Ümummilli Lider öz gərgin və mənalı siyasi həyatı boyunca bir çox ilklərə imza atmışdır. Təbii ki, bu ilklərin ən əsası təməlini qoyduğu, qurucusu olduğu müstəqil dövlətimizdir. Azərbaycan dövlət müstəqilliyini rəsmən 1991-ci ilin oktyabrında bərpa etsə də, əslində bu müstəqilliyə gedən yolun təməli ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1970-ci illərdə qoyulmuşdu. Məhz o illərdə Azərbaycan dotasiya ilə yaşayan müttəfiq respublikadan özünü tam təmin edə bilən qabaqcıl respublikaya çevrilmiş, ölkənin iqtisadi suverenliyinə zəmin yaradılmış, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi həyata keçirilmiş, dənizdə neft hasilatı genişləndirilmiş, müasir elektron cihazlar, soyuducular, kondisionerlər istehsalı, eyni zamanda, iri xalçaçılıq, alüminium kombinatları istifadəyə verilmiş, elektrik enerjisinin yeni istehsal gücləri yaradılmışdır. Ölkə ərazisində çoxlu sayda neftayrıma, kimya sənayesi, pambıqtəmizləmə, şərab emalı zavodları istifadəyə verilmiş və beləliklə, Azərbaycan metropoliyanın xammal əlavəsi olmaqdan qurtularaq xammaldan son məhsul buraxılışınadək bütöv istehsal zəncirinə malik respublikaya çevrilmişdir. Müxtəlif bölgələrdə inşa edilmiş yeni hava limanları, nəqliyyat qovşaqları bu gün də xalqımıza xidmət edir. Azərbaycanın region və dünyanın nəqliyyat mərkəzlərindən birinə çevrilməsində o illərdə qurulmuş nəqliyyat şəbəkəsinin də rolu var.
Ümummilli Liderin sovet dövründə ən böyük təşəbbüslərindən biri dövlət aparatının milliləşdirilməsi, Azərbaycanın yeni idarəçi kadrlarının, eyni zamanda, elm, mədəniyyət və ədəbiyyat xadimlərinin bütöv bir nəslinin yetişməsi, himayə edilməsi olmuşdur. 1970-1980-ci illərdə Azərbaycanda ali məktəblərin, onların fakültə və ixtisaslarının sayı artmış, eləcə də Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə gənc Rusiya və Ukraynanın ali məktəblərində təhsil almağa göndərilmişdir. Məhz Heydər Əliyevin respublikanı idarə etdiyi 1970-1980-ci illərdə azərbaycanlı hərbçi kadrların yetişdirilməsinə xüsusi diqqət ayrılmış, Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ilə sovet ordusu sıralarında azərbaycanlı zabitlərin çəkisi artmışdır ki, həmin zabitlər sonradan milli ordu quruculuğunda mühüm rol oynamışlar.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosuna üzv seçildikdən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunduqdan sonrakı dövrdə Heydər Əliyev fenomeni ümumittifaq miqyasında etiraf olundu. O, həmin dövrdə ən ağır, böyük təcrübə, peşəkarlıq və xüsusi istedad tələb edən sahələrin inkişafına əhəmiyyətli töhfələr verməklə əsl rəhbər xüsusiyyətlərini nümayiş etdirdi. Bununla yanaşı, qəlbi Azərbaycanla, Vətənlə döyünən Heydər Əliyev həm də öz xalqına bağlılıq, onun maraqlarına xidmət nümunəsini yaratdı. SSRİ rəhbərliyində təmsil olunduğu 1982-1987-ci illərdə Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan ardıcıl inkişafını davam etdirdi, respublikanın sosial-iqtisadi həyatı yeni nəfəs aldı, təhsil, səhiyyə və digər sahələrdə ciddi irəliləyiş müşahidə olundu, milli kadr potensialının formalaşdırılması məsələsinə xüsusi önəm verildi. Heydər Əliyevin Vətənə və xalqına xidmət nümunəsi bu gün hər birimiz, xüsusilə gənc nəsil üçün əsl nümunə hesab olunur.
Ümummilli Lider həm də Azərbaycanda əsl vətəndaşlıq, əsl siyasətçi, əsl dövlət xadimi nümunələrini bizə miras qoymuşdur. Onun xarizmatik liderliyi, möhkəm iradəsi, siyasi uzaqgörənliyi, idarəçilik istedadı, dövlətə rəhbərlik bacarığı, qlobal düşüncə tərzi Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda apardığı mübarizə dövründə - 1990-cı illərin əvvəllərində daha qabarıq tərzdə üzə çıxmışdır. Xalqımızın ciddi və taleyüklü problemlər qarşısında dayandığı həmin dövrdə Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinin, milli birliyinin qorunub saxlanılmasında misilsiz tarixi xidmətlər göstərmiş, xalqı məhv olmaq təhlükəsindən xilas etmək missiyasını həyata keçirmişdir.
Ümummilli Liderin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də odur ki, siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmuş, əvvəllər çar “oxranka”sının, daha sonralar isə 1920-1930-cu illər sovet FK və NKVD-sinin azərbaycanlıların yaddaşında həkk etdirdiyi antimilli cəza aparatı obrazını tədricən, praktiki addımlarla dağıdaraq təhlükəsizlik orqanlarını xalqı, milləti qoruyan və onun öz nümayəndələrindən təşəkkül tapan bir sistemə çevirmiş, əsl milli təhlükəsizlik sistemi nümunəsi yaratmışdır. Heydər Əliyev Azərbaycan təhlükəsizlik idarəsinə rəhbər gələrkən burada çalışanlar arasında titul xalqın nümayəndələrinin - azərbaycanlıların sayı bir əlin barmaqları ilə sayıla biləcək qədər az idi. Biz əlbəttə ki, bu sistemdə çalışmış və Azərbaycana xidmət etmiş qeyri-azərbaycanlı kadrların əməyini inkar etmirik, əksinə, onların xidmətləri qarşısında öz minnətdarlıq borcumuzu ifadə edirik. Lakin sirr deyil ki, təhlükəsizlik sisteminin ictimai şüurda mənfi, azərbaycanlılara qarşı repressiya aparatı obrazının yaranması tələffüzü belə çətin familiya daşıyıcılarının 1930-1940-cı illərdəki fəaliyyətinin nəticəsi idi.
Heydər Əliyevin gəlişi ilə təhlükəsizlik sistemi milliləşdi, savadlı, peşəkar milli kadrlar irəli çəkildi, təhlükəsizlik xidməti milləti təhlükələrdən qoruyan, xalqın yetişməkdə olan milli-mədəni elitasını himayə edən bir orqan oldu. Heydər Əliyevin təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi 1960-cı illərdə və respublikaya rəhbərlik etdiyi 1970-80-ci illərdə milli azadlıq mübarizəsinin müjdəçisi sayılan elmi və bədii əsərlər yazılmış, çap edilmiş, filmlər çəkilmişdir. Lakin bu əsərlərin müəllifləri digər sovet respublikalarındakı həmkarlarından fərqli olaraq dissident kimi təqib olunmamış və ya sürgün edilməmişlər. Əksinə, onların yaradıcılığı təbliğ edilmiş, respublikanın və Sovet İttifaqının ali mükafatlarına təqdim olunmuşdur. Bu gün qəribə görünsə də, “samizdat” yolu ilə çap olunan ədiblərin, gizli səsyazma studiyalarında əsərlərini çoxaldan bəstəkarların, rəsmi sovet diktovkalarını aşan alimlərin sonradan ali mükafatlar alması, yaradıcı qurumlarda, tədqiqat, təhsil müəssisələrində və ya digər sahələrdə irəli çəkilməsi o zaman tez-tez rast gəlinən hal idi. Beləliklə, təhlükəsizlik orqanları müstəqilliyimizin qazanılıb qorunmasında töhfələri olan şəxslərin - milli mədəni-siyasi elitanın formalaşdırılıb qorunmasında, onların fəaliyyətinin məqsədəmüvafiq məcraya yönəlməsində müstəsna rol oynamışdır. Bu, ilk növbədə Heydər Əliyevin bir zamanlar cəza aparatı kimi tanınan sistemin milli maraqlara uyğun transformasiyası naminə titanik əməyinin nəticəsidir.
Bu gün onu da qeyd etməyə məcburam ki, bir neçə il bundan qabaq sizin sıralarınızda olmuş bəzi “generallar” Ümummilli Liderin bu gözəl ənənəsini və nümunəsini yaşatmaq, davam etdirmək əvəzinə, öz naqis əməlləri ilə Azərbaycan milli təhlükəsizlik orqanlarının imicinə xüsusi hazırlanmış antiazərbaycan qüvvələrin vura bilməyəcəyi ağır zərbə vurdular. Bilirsinizmi bu, niyə belə oldu? Çünki belələrinin qəlbində Ümummilli Liderə xas olan nə əsl peşəkarlıq, nə əsl ziyalılıq var idi, nə də ki, onların intellekti və mənəvi aləmi belə bir orqanın generalı olmaq üçün yetərli deyildi. Heydər Əliyev fəhlə ailəsində doğulub SSRİ təhlükəsizlik orqanlarının elitasının zirvəsinə yüksələn bir general idi və tam şəkildə millətinə, xalqına və dövlətinə bağlıydı. Amma Azərbaycanın təhlükəsizlik sistemini gözdən salan sizin bəzi keçmiş sələfləriniz ziyalı ailələrində dünyaya gəlsələrsə də, nə peşəkar çekistə çevrilə, nə də milli ziyalıların sırasına qoşula bilmədilər.
Buradakı digər çıxışlarda Ümummilli Liderin həyata keçirdiyi əməliyyatlar, kadr hazırlığı, təhlükəsizlik orqanlarının hüquqi bazasının yaradılması sahəsində xidmətləri haqda geniş bəhs ediləcək. Mən bu təfərrüatlara varmadan qısaca olaraq xatırlatmaq istərdim ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğı ilə yanaşmış, bu qurumların texniki təchizatının təmin edilməsi, sovet dövründə formalaşmış peşəkar kadrların qorunması ilə yanaşı, həm də yeni gənc personalın yetişdirilməsi məsələsi də daim onun diqqət mərkəzində olmuşdur. Qeyd edildiyi kimi, Ümummilli Liderin Fərmanı ilə 1998-ci ildə Milli Təhlükəsizlik Akademiyası təsis edilmişdir.
Ümummilli Liderin yürütdüyü siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldikdən sonra yeni tələblərə uyğun şəkildə və müvəffəqiyyətlə davam etdirilmişdir. Dövlətimizin başçısının göstərişi ilə ölkənin milli təhlükəsizlik konsepsiyası hazırlanaraq qəbul edilmişdir. Konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, Konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi məqsədilə hazırlanmışdır və təhlükəsizlik sisteminin XXI əsrin çağırışlarına cavab verəcək səviyyədə inkişaf etdirilməsini nəzərdə tutmuşdur. Bu istiqamətdə lazımi hüquqi baza yaradılmış, texniki təchizat və kadr hazırlığı işi yeni tələblərə uyğun qurulmuşdur. Təhlükəsizlik sistemində dövrün tələblərinə uyğun islahatlar aparılması və personalın sağlamlaşdırılması da xüsusi olaraq ölkə rəhbərliyinin diqqətindədir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tarixdə heç vaxt Azərbaycan indiki qədər güclü, indiki qədər azad və müstəqil olmamışdır.
Ölkəmiz özünün inkişaf strategiyasının yeni mərhələsinə – postneft dövrünə daxil olmuşdur. İndi Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatların əsas hədəfi çevik, operativ və effektli idarəçilik sistemi yaradaraq, mövcud daxili imkanlardan daha səmərəli və hərtərəfli istifadə etməklə respublikanın sosial-iqtisadi inkişafını davam etdirmək, Azərbaycanın dünya birliyində tutduğu öncül mövqelərini daha da möhkəmləndirmək və əhalinin artan maddi-mənəvi tələbatını gələcəkdə də dolğun şəkildə təmin etməkdən ibarətdir. Bu hədəflərə çatmaq üçün xalq- iqtidar birliyinin, sosial və siyasi sabitliyin qorunması çox vacib vəzifələrdəndir və əlbəttə ki, həmin vəzifələrin icrasında təhlükəsizlik xidməti əməkdaşlarının da xüsusi rolu var. Əminik ki, Heydər Əliyevin şah əsəri olan Azərbaycan dövlətçiliyinin qorunması və yeni hədəflərə doğru uğurlu inkişafı naminə milli təhlükəsizlik xidməti öz vəzifə və öhdəliklərini bundan sonra da layiqincə yerinə yetirəcək. Bu yolda hamınıza uğurlar arzulayıram.
“Azərbaycan Xüsusi Xidmət Veteranları” İctimai Birliyinin sədri Şamil SÜLEYMANOV dövlət təhlükəsizlik sistemində çalışdığı illərdə ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb, dahi şəxsiyyətin rəhbərliyi altında peşəkar kadr kimi formalaşdığını diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında milliləşdirmə siyasətinin, bu sistemə göstərilən diqqət və qayğının Azərbaycan dövləti tərəfindən bu gün də davam etdirildiyini vurğulayan Ş.Süleymanov buna görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.
Konfransda namizədlikləri təmsil etdikləri şəhər, rayon yerli icra strukturları və digər dövlət orqanları tərəfindən irəli sürülən 11 gənc məruzəçinin çıxışı nəzərdə tutulub. Tədbirin yekununda ən yaxşı məruzəçilər münsiflər heyəti tərəfindən seçilərək təltif olunacaqlar.
S.Xankişiyeva