Lənkəranda "Avropa günü" keçiriləcək
Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, quruma üzv ölkələr və Lənkəran şəhərinin icra hakimiyyəti orqanları ilə birgə 6-7 may tarixində Lənkəranda “Avropa günü”nü qeyd edəcəklər.
Aİ-nin Azərbaycan nümayəndəliyindən 1news.az-a verilən məlumata görə, ilk dəfə olaraq “Avropa günü” Bakıdan kənarda, Lənkəran şəhərində keçiriləcək.
Həmçinin, builki tədbir Avropa İttifaqının əsasını qoyan Roma Müqaviləsinin 60 illiyinə həsr olunub. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə yanaşı, quruma üzv olan 15-dən artıq ölkə Lənkəranda təmsil olunacaq. Lənkəran şəhəri bir neçə səbəbə görə tədbirin keçiriləcəyi məkan kimi seçilib: İlk növbədə, Aİ Lənkəran rayonunun inkişafı istiqamətində öz fəaliyyətini gücləndirməkdə maraqlıdır və hazırda rayonun sosial-iqtisadi inkişafını dəstəkləyən proqram (EU4Lankaran) hazırlayır.
İkincisi, Lənkəran şəhəri Şimal və Cənub, Şərq və Qərb arasında inkişaf etmiş müxtəlif nəqliyyat dəhlizlərinin üzərindəki strateji mövqedə yerləşir. “Avropa günü” şənlikləri ərzində Lənkəran şəhərinin və qonşu rayonların sakinləri çox zəngin və müxtəlif proqramdan istifadə edə bilərlər. Tələbələr Avropa İttifaqının rəsmiləri ilə Aİ-nın keçmişini, buğunun və gələcəyini, eləcə də Aİ-nın Azərbaycan ilə olan əlaqələrini nəzərdən keçirəcəklər. Operanın divası Mariya Kallasın xatirəsinə həsr olunmuş opera qala konserti Bakı Filarmoniyasından canlı yayımlanacaq.
Sərgilər, filmlər və tələbə viktorinası Avropa mədəniyyəti və həyatı barədə əlavə ideyalar verəcək. Aİ-nın dil müxtəlifliyi ilə tanış olmaq istəyənlərə ilkin dil kursları təklif ediləcək. Nəhayət, şənliklər Azərbaycanlı ifaçıların iştirakı ilə böyük açıq hava konserti ilə yekunlaşacaq. 60 il bundan əvvəl II Dünya Müharibəsindən sonra sülh və firavanlıq naminə təsis edilmiş Avropa İttifaqı hələ də unikal inteqrasiya layihəsi kimi qalmaqdadır. Bu gün 500000 insanı təmsil edən təşkilat Avropanın ümumi dəyərlərinin demokratik standartların və vətəndaşlarının yüksək həyat keyfiyyətinin güclü təbliğatçısıdır. Aİ bütün dünyada aparıcı ticarət tərəfdaşı və xarici investora çevrilib. Builki “Avropa günü” şənlikləri vahid Avropa üzrə öhdəlikləri bir daha təsdiq edən hadisə funksiyasını yerinə yetirir.
Pərvanə Sultanova