Xaçmazda at əti satmağa cəhd edən şəxs saxlanılıb – FOTO
Xaçmaz rayonunda at əti satmağa cəhd edən şəxs saxlanılıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, mayın 5-də rayonun Padar kəndi yaxınlığında meşə massivində başı kəsilmiş at cəmdəyi aşkarlanıb. İlkin araşdırmalar nəticəsində həmin heyvanın kənd sakini Məmmədov İsmayıl Müzəffər oğlu tərəfindən kəsildiyi müəyyənləşib.
İsmayıl Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs 100 kiloqrama yaxın at ətini Bakı şəhərində satmaq niyyətində olduğunu bildirib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Xaçmaz Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı at cəmdəklərinin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib.
Orqanoleptik göstəriciləri standarta uyğun olmayan, qida üçün yararlığı şübhə doğuran at cəmdəyindən nümunələr götürülərək müayinə üçün laboratoriyaya göndərilib.
Babək Cahandarov