İlham Əliyev: “Azərbaycan AŞ PA-nın Türkiyə ilə bağlı qərarını qətiyyətlə pisləyir”-YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nabi Avcının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az-ın məumatına görə, nazir Nabi Avcı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışılıb, tədbirin mədəniyyətlərin və xalqların bir-birinə yaxınlaşması və bu sahədə əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi vurğulanıb.
Dövlətimizin başçısı IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Türkiyənin bu səviyyədə təmsil olunmasının önəmini qeyd edib.
Nabi Avcı Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı bu yaxınlarda qəbul etdiyi ədalətsiz qərarla əlaqədar Azərbaycanın ölkəsinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı bu qərarın ədalətsiz olduğunu bir daha vurğulayıb, Azərbaycanın bu qərarı qətiyyətlə pislədiyini bildirib. Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlarda sıx əməkdaşlığının bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.
Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı Azərbaycanda turizmin inkişafının ölkəsində maraqla izlənildiyini deyib.
Azərbaycanda turizm sektorunun inkişafına dövlətin xüsusi diqqət göstərdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, məqsədimiz turizmi iqtisadiyyatın əsas sahələrindən birinə çevirməkdir.
Görüşdə mədəniyyət və turizm sahəsində əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub və əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı n Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.
1news.az