Medal qazanıb, MDU-ya imtahansız qəbul haqqı qazanan məktəblilər – FOTO
Qazaxıstanın paytaxtı Astana şəhərində məktəblilərin 51-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası keçirilib.
1news.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, yuxarı sinif şagirdləri arasında keçirilən və 3 turdan ibarət olan elm yarışmasında 20 ölkədən 120 məktəbli iştirak edib.
Ölkəmizi təmsil edən komanda isə böyük uğura imza atıb. Belə ki, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, “İstək” liseyinin 10-cu sinif şagirdi Ramil Babazadə isə bürünc medala layiq görülərək, bayrağımızı ucaldıblar.
“İndiyə qədər 5 kimya olimpiadasında iştirak etmişəm, yalnız birindən medalsız qayıtmışam. Kimya maraqlı fənndir. Məsələlərin həlli yollarında hər şagirdin öz üsulu olur. Burada bacarıqlı və məntiqi güclü olan şagird önə keçir. Əgər ağıllısansa, mütləq nəticə əldə edəcəksən. Məhz bu məntiq, dəqiqlik və nəticə kimyanı digər fənlərdən fərqləndirir. Mən bütün olimpiadalarda iştirak edəndə özümə güvənirəm və iştirak etdiyim bir olimpiada istisna olmaqla, hamısından medalla qayıtmışam”, - deyə Ramil Babazadə bildirib.
“Həyatımızda, məişətdə istifadə etdiyimiz hər bir şeydə kimya var və hər bir insanın az və ya çox dərəcədə kimyəvi biliklərə və bacarıqlara ehtiyacı duyulur. Kimyanın insanların dünyagörüşünün inkişafında, onların bir şəxsiyyət kimi formalaşmasında rolu böyükdür. Bütün canlı və cansız varlıqların tərkibində kimya var. Kimyəvi biliklər nəticəsində şagird, insanı təbiətin kamil bir hissəsi kimi qəbul edir, bu kamilliyin nəticəsində insanın təbiət haqqındakı biliklərə malik ola biləcəyini dərk edir.
Beləliklə, kimya vasitəsilə dünyanın əsas komponentlərini öyrənmək, əsas elmi metodlardan istifadə edərək, tədqiqat aparmaq və əldə edilən nəticələrə əsasən mədəni dəyərlər sistemindən istifadə etmək mümkün olur. Kimya bizə bu imkanları yaratdığı üçün bu fənni sevirəm. Olimpiadalarda da iştirak edib yer tuturam. Amma mən Ramil kimi kimyaçı olmağı planlaşdırmıram. Əsas məqsədim gələcəkdə həkim olmaqdır. Məhz insanlara şəfa vermək üçün gələcəyin tanınmış həkimlərindən olmaq istəyirəm”, deyə Nəriman Mirişov qeyd edib.
Qeyd edək ki, olimpiada qaliblərimiz M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə (MDU) imtahan vermədən ödənişsiz təhsil almaq haqqına sahib olublar.
S.Xankişiyeva