Vaşinqtonda Gül Bayramı qeyd edilib
Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən may ayının 9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Gül Bayramı qeyd edilib.
1news.az-a ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata görə, tədbirdə ABŞ-da yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz, səfirliyin əməkdaşları iştirak edib.
Səfirliyin həyətində keçirilən tədbirdə çıxış edən səfir Elin Süleymanov ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyev barədə öz xatirələrini bölüşüb. Müasir, müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu olan ümummilli liderin müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açıb, onun ABŞ ilə ikitərəfli münasibətlərin genişlənməsi və möhkəmlənməsi istiqamətində gördüyü işləri xatırladıb, bunun ikitərəfli münasibətlərimiz üçün möhkəm zəmin yaratdığını qeyd edib.
E.Süleymanov ümummilli liderin ən sadiq davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndiyini, xalqımızın hər bir sahədə inkişafa şahid olduğunu və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd edib.
Daha sonra diplomat Azərbaycanın ABŞ-dakı səfirliyinin yerləşdiyi binanın ümummilli lider Heydər Əliyevin qərarı ilə alındığını diqqətə çatdırıb və bu binanın müstəqil Azərbaycan Respublikasının xaricdə diplomatik fəaliyyət üçün aldığı ilk mülkü olduğunu vurğulayıb. Bu xüsusda ümummilli liderin anadan olmasının 94-cü ildönümü münasibəti ilə səfirlik tərəfindən təntənəli surətdə Gül bayramının qeyd ediləcəyini və səfirliyin ətrafında müxtəlif və rəngarəng gül və çiçəklərin əkiləcəyini qeyd edib.
Gül və çiçəklərin insanlara xoş hisslər və təəssüratlar bağışladığını, buna görə də onların əkilməsinin bir növ yaradıcı iş olduğunu xatırladan səfir, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bu yolla yad edilməsinin qanunauyğun olduğunu vurğulayıb.
Eyni zamanda güllərin əkilməsinin simvolik əhəmiyyətinə diqqəti yönəldən E.Süleymanov müasir Azərbaycan dövlətçiliyinin əsasında dayanan ümummilli lider Heydər Əliyev irsinin xalqımız tərəfindən inkişaf etdirilərək gələcək nəsillərə ötürülməsini tərənnüm etdiyini vurğulayıb.
Sonra tədbir iştirakçıları səfirliyin ərazisində müxtəlif növ gül və çiçəklər əkib. Beləliklə də, Azərbaycandan uzaqda yerləşən ABŞ-da da Gül bayramı təntənəli şəkildə qeyd edilib və ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə əkilən güllər Vaşinqtonda Azərbaycanı təcəssüm etdirən bir guşəni daha gözəlləşdirib.
Pərvanə Sultanova