Elmar Məmmədyarov ABŞ Yəhudi Təşkilatları Prezidentləri Konfransının nümayəndəsini qəbul edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədrinin müavini Malkolm Honlaynı qəbul edib.
XİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin ABŞ-ın yəhudi icması ilə əlaqələrə dair fikir mübadiləsi aparılıb. M. Honlayn Azərbaycana öncəki səfərlərini xatırlayaraq ölkənin ildən-ilə müxtəlif sahələrdə inkişafının təqdirəlayiq hal olduğunu bildirib. O, tarixən yəhudi icmasının Azərbaycanda sülh şəraitində yaşadığını və cəmiyyətə inteqrasiya etdiyini söyləyib, bu istiqamətdə Azərbaycan hökuməti tərəfidən görülmüş işlərə görə təşəkkürünü ifadə edib.
E.Məmmədyarov mövcud çağırışlar fonunda Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələrinin sülh şəraitində birgə yaşayışının nümunəvi xarakter daşıdığını deyərək Azərbaycan hökuməti tərəfindən mədəniyyət və dinlərarası dialoqun təşviq edilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb.
Görüşdə beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
1news.az